Qaynar xətt:

(+99450) 247 90 86

Elementar etiket - Akif Əlinin ESSESİ

Elementar etiket - Akif Əlinin ESSESİ

CƏMİYYƏT

66

10.10.2026, 17:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Akif ƏLİ,

Əməkdar jurnalist, 

fəlsəfə doktoru, 

yazıçı-publisist. 

------------------------------------

Bu elə bir mövzudur ki, min dəfə yazılıb, deyilib. Lakin təəssüf ki, hələ də gündəmdə qaldığı üçün bundan belə min dəfə və min səhifə də yazıla bilər. Ancaq biz min yox, bir-iki səhifə ilə kifayətlənək. Necə deyərlər, arifə bir işarə... Onsuz da arif olmayana min səhifə yazsan da əsər etməz.   

***

…Bəli, Tanrı təkdir. 

Və cahilləri Doğru yola yönəltmək üçün göydən tək-tək Kitab endirib: Kilsə əhlinə də, Məscid əhlinə də. 

Yerdəki milyon-milyon adam bu Kitabların ətrafında min bir qanun-qayda yaradıb. İslamın öz qaydaları var, Xristianlığın öz. Məscidin öz qaydası var, Kilsənin öz qaydası... 

Məscidə ayaqqabı ilə girilməz. Kilsədə isə ayaqqabını soyunmurlar… Ancaq binaların hər ikisi Yaradanın Evi sayılır.  

Molla çiyninə əba salıb, saçını qırxdırıb, başına əmmamə qoyub, ələm qaldırıb. Keşiş saçını-saqqalını uzadıb, başını açıb, ətək geyinib, yaxasına xaç asıb... Ancaq hər ikisi əlində O-nun nazil etdiyi Kitabı tutur.

  Xristianlar İsa Peyğəmbərə “Allahın Oğlu” deyib yerdəki doğulanlara yaxınlaşdırıblar. Rəssamlar Onun portretini yaradıb, heykəlini yapıb, haqqında kino çəkib, opera bəstələyiblər.  Müsəlmanlar isə “Allah doğmur və doğulmur” inancı ilə Məhəmməd Peyğəmbəri ilahiləşdirib əlçatmaza ucaldıblar. Onun rəsmini çəkmək günah sayılıb, heykəlini yapmaq yasaqdır, kinoda surətini yaratmaq, teatrda tamaşasını hazırlamaq qadağandır… Ancaq hər iki Peyğəmbər Tanrı  Elçisidir. 

Özü gözəl olan və gözəlliyi sevən Ulu Tanrı insanlara məna göndərib, görüntü yox. Məzmun verib, forma yox. Mahiyyəti anladıb, şəkili yox. Göydən gələn bu mənaya, məzmuna, mahiyyətə uyğun şəkilləri, formaları, görüntüləri yerdə insanlar düşünüb. 

Yer qaydaları göydən gələn Kitab ayəsi deyil. Yerdəki din xadimlərinin təxəyyülündən doğanlar onların istəkləridir, səmadan gələn vəhy deyil. Və yerdə kimlərinsə qoyduğu bu qaydalar, istəklər, tabular əsrlərcə ürəklərə yeridilib, beyinlərdə bərkiyib, adətə çevrilib, ənənəylə  nəsildən-nəsilə keçib. Dindarlığın öz ayinləri formalaşıb. İnananlar oruc tutur, namaz qılır, ziyarətə gedir, qurban kəsir, ibadət edirlər... Təbii ki dinli, dinsiz - heç bir normal düşüncəli, normal mədəniyyətli adam bu ayinlərə, adətlərə, qaydalara qarşı çıxmır, dini dəyərlərə toxunmur, dindarların işinə qarışmır. Vicdan azadlığı deyilən anlayış gözlənilir.

***

İbtidai dövrdən başlayaraq çağdaş sivilizasiya erasına doğru uzun bir yol gələn bəşər övladı Dini inanclarla yanaşı, özünün Mədəni-Əxlaqi dəyərlərini də yaradıb. Elm, bilik, savad, təhsil, maarif sahəsində böyük addımlar atılıb. Cəmiyyətin inkişafı üçün zəruri qanun-qaydalar, normalar sistemi yaradılıb. Bununla da insanların həyatına illər uzunu cilalanmış zəruri davranış qaydaları daxil olub. Elmin, incəsənətin, təhsilin, tədrisin, təlim-tərbiyənin yüksəlişi həmin zəruri normalar sistemi çərçivəsində davam edib. Bu, tərəqqiyə xidmət yoludur. Xalqın tərəqqisi, ölkənin inkişafı ilk növbədə məcburetmə aparatı kimi yaranmış Dövlətin əsas funksiyaları daxilindədir. 

Möhkəm özül üzərində sabit cəmiyyət qurub ölkəni tərəqqi yolları ilə irəlilətməsi üçün hər bir Dövlətin iqtisadi, siyasi, hüquqi, sosial, mədəni institutları mövcuddur. O cümlədən, daim yeniləşən texniki-texnoloji dövrə uyğun elm, təhsil ocaqları açılır, Dövlət tərəfindən onlara qayğı göstərilir. Dövlət onları büdcədən maliyyələşdirir, zəruri avadanlıqlarla təchiz edir, elmi əsaslar üzərində proqramlar hazırlayır, tədris prosesinə nəzarət mexanizmi yaradıb yüksək ixtisaslı kadrlarla təmin edir. 

***

 Fasiləsiz elm-mədəniyyət-təhsil-tərbiyə prosesi əsrlər boyu davam edən “alim – cahil”   mübarizələrindən keçib. Bu mübarizələrdə ölüm-itim, əzab-əziyyət, dözüm və məhrumiyyətlər hesabına cəmiyyət ibtidai mərhələdən aliyə doğru inkişaf edib. Və bugünkü tarazlı duruma gəlib.  

Dünyanın və insanların taleyini düşünən dühalar ona görə Dövlət institutu yaradıblar  ki, xalqın taleyi hansısa cahil toplumdan, nadan kütlədən, yaxud ayrı-ayrı savadsız kəslərdən asılı olmasın. Sivil ölkələrdə tərəqqiyə aparan zəruri icra funksiyalarını müasir təfəkkür daşıyıcılarının ciddi konsepsiyalar üzrə sistemli şəkildə, elmi əsaslarla hazırladığı Dövlət qurumları yerinə yetirir. İnsanlara irqi, milli, dini fərq qoymadan, sosial mənsubiyyətindən asılı olmadan hamının bərabərliyini qoruyur. 

İnkişaf etmiş müasir hüquqi, demokratik, dünyəvi ölkələr Konstitusion dövlət quruluşuna malikdir. Və bütün bu ölkələrin Konstitusiyasına görə Din Dövlətdən ayrıdır. Yəni Dinlə Dövlət qarşılıqlı hörmət, dözüm, tolerantlıq çərçivəsində bir-birinin daxili işinə qarışmadan hüquqa hörmət müstəvisində dinc yanaşı yaşayırlar. Bu münasibətlər daxilində Cəmiyyətin sabitliyi, Dövlətin təhlükəsizliyi, Millətin iradə və ifadə azadlığı toxunulmazdır! Onlar qanunla qorunur, hər hansı qərəzli müdaxilə, basqı, təhdid müvafiq icra (məcburetmə) aparatı tərəfindən dəf olunur.  

***

Din xadimlərinin idarəsində olan Məscidə ayaqqabı ilə girilmədiyi kimi, idarəçiliyi Dövlətdə olan Mədəniyyət institutlarına – Teatra, Muzeyə, Kitabxanaya, Məktəbə, Universitetə və s. - kənar (o cümlədən, dini) atributlarla girilməz (məs., uzun saqqal, gödək şalvar, çalma, qurşaq, təsbeh, qəlyan, çadra, hicab və s.) 

Kiminsə otağına daxil olmaq üçün qapını döymək, nəyisə götürəndə icazə istəmək, yeni görüşəndə salam vermək kimi elementar etik qaydalarına riayət yaxşı tərbiyə əlaməti sayılır. Eləcə də etiketə görə hər hansı binaya, evə, otağa, içəri məkana daxil olanda başdakı papağı, şapkanı, kepkanı, şlyapanı, örtüyü götürmək də mədəniyyət əlamətidir. 

Ənənəvi olaraq Məsciddəki möhtərəm hacının, axundun, mollanın börkü, saqqalı, ağzının duası ona inam yaradan zəruri ruhani görüntüsü anlamındadır. Eynilə dediyimiz Mədəniyyət Ocaqları üçün də səliqəli geyim, təraş olunmuş üz, daranmış saç, təmiz ayaqqabılar və s. norma sayılır. 

Auditoriyada başında papaq, əlində təsbeh oynadan uzun saqqallı tələbənin görünməsi  anormal sayılır. Ona görə yox ki bunlar pisdir, eybəcərdir, gülməlidir və s. Xeyr, hər kəsin şəxsiyyəti toxunulmazdır. Sadəcə ona görə ki, bu atributika Dövlətin öz institutları üçün qəbul etdiyi ümumi qaydalara görə mədəniyyət məkanlarına, tədris ocaqlarına, təhsil sferasına məqbul  deyil. Kulturoloji, pedaqoji normalarla bir araya sığmır, mövcud standartlardan kənara çıxır.  

Mədəniyyətin qızıl qaydası - daha çox özünü yox, özgəsini düşünərək davranış tərzidir. İnsan heç kimi və heç nəyi nəzərə almadan təkcə özünün şəxsi arzu-istəklərilə yaşaya bilməz. Şəxsi istəklər ictimai qaydalara uyğun tənzimlənməsə, elliklə qəbul olunan normativlərin total pozuntusu baş verər, yaranan xaos cəmiyyəti dağıdar, humanizm süqut edər. 

Məscidlərdə dindarlıq etiketinə görə əbalı, əmmaməli, üzü tüklü, əli təsbehli, ayaqyalın, yaxası açıq gəzdikləri təbii sayıldığı kimi, Teatrda, Muzeydə, Məktəbdə, Universitetdə də yalnız müvafiq sivil geyim formaları – kostyum, qalstuk, dəsmal, corab, ayaqqabı və digər etik-estetik atributika keçərlidir. Bu səbəbdən Mədəniyyət işçisinin, incəsənət xadiminin, professor-müəllim və tələbə heyətinin hamıdan səliqə-sahmanlı müvafiq geyim tələbi heç də qeyri-adilik deyil. Kiminsə seçiminə hörmətsizlik yox, sadəcə zəruri etiketə riayət qaydasıdır. Hər iki tərəf bu zərurəti anlayışla qarşıladıqda dinc yanaşı yaşamaq mümkündür.   

***

Tanrı təkdir, O hamınındır və hamı üçündür. O-nun göndərdiyi Kitab da eynilə. Din Yaradanla yaradılmış arasında kimsənin qarışa bilməyəcəyi özəl münasibətlər sistemidir. Heç kim heç bir səlahiyyətlə iddia edə bilməz ki, Tanrını o daha çox sevir, yaxud Tanrı onu hamıdan artıq sevir. Və göydəki Tanrıdan başqa yerdəki kimsə dinin yeganə təəssübkeşi səlahiyyətinə malik deyil. Hər hansı Din xadiminin Müqəddəs Kitaba istədiyi kimi sərbəst şərh verməsi, ayələri könlünə uyğun təfsir etməsi, özünü o Kitabın, o Dinin və hamının olan tək bir Tanrının yeganə təəssübkeşi, səlahiyyətli qoruyucusu kimi qələmə verməsi sadəcə psixoloji səbatsızlıqdır. 

***

Gəmidə oturub gəmiçi ilə dava etmək fəlakətə aparan əməldir. Hansısa alim, rəssam, yazar, pedaqoq hansısa bir dindarla mübahisə edə bilər, onunla razılaşmaya bilər, iqnor edə bilər. Ancaq məscidin qapısına kimi. Ordan o yana Din xadimlərinin məskəni sayılan Məscidə zorla girib dava-dalaş sala, təcavüz edə, əxlaqsızlıq göstərə bilməz... Eynilə hansısa bir axund, molla, hacı Mədəniyyət xadiminə öz iradını, razılaşmadığını bildirə bilər. Amma yenə də o Mədəniyyət Ocağına (Dövlətə məxsus elm, təhsil, tədris məkanına) daxil olub oradakılara göstəriş verə, təcavüz edə, etikasızlıq göstərə bilməz. Hər iki halda ziyalının da, dindarın da qarşısında dərhal məcburetmə aparatı olan müvafiq Dövlət qurumu dayanar. 

Məscidin içində səlahiyyət sahibi möhtərəm molladır, axunddur, hacdır. Elm, təhsil, tədris məkanı olan Mədəniyyət Ocağının içindəki səlahiyyətli şəxs hörmətli alimdir, müəllimdir, professordur, sənətçidir. Hər məkanın öz qanun-qaydaları var. Məscidi dindarlar idarə edir, Mədəniyyət Ocağını ziyalılar. Onun da Tanrısı birdir, bunun da. Kitab həm ona aiddir, həm buna. Hərəsinin öz mövcudluq məkanı. Dövlət isə hər iki tərəfin qanuna riayət edən vətəndaşını müdafiə edir. 

Hər iki tərəf üçün məhz vətəndaş təəssübkeşliyi vacibdir. Cəmiyyət daxilində yaşayırsansa, öz şəxsi mənafeyini yox, Ölkənin, Vətənin, Millətin, Xalqın mənafeyini düşünmək zəruridir. Mübahisə və müzakirələr zorakı yox, sivil qaydada, bir-birinin iç işlərinə müdaxilə etmədən, hörmət, nəzakət çərçivəsində, etiket qaydalarına əməl olunmaqla dinc yanaşı yaşamalı və işləməlidirlər. Lakin bu elementar ünsiyyət qaydaları gözlənilməzsə, baş verə biləcək qarşıdurma təkcə dindən, mədəniyyətdən, əxlaqdan, etikadan uzaq yox, həm də cəmiyyətdə tarazlıq pozucusu kimi qanundan kənar olacaqdır. Qanundan kənar olmaq isə əlbəttə, Dövlət qarşısında bəlli nəticələrə aparan hüquqi məsulliyyət yaradır. 

***

Bir-birinin daxili işlərinə qarışmadan dinc yanaşı yaşamaq konsepsiyasının əsasında ən geniş mənada Mədəniyyət amili dayanır. Ünsiyyət, davranış, dözüm, tolerantlıq mədəniyyəti. Etika, etiket, humanizm, səbr mədəniyyəti… Birgəyaşayışın ən doğru yolu budur. Uca Tanrı da səbr edənləri sevər və Doğru Yola yönəldər!