Qaynar xətt:

(+99450) 247 90 86

Övladı məktəbə gedən valideynlərin DİQQƏTİNƏ!  — Psixoloqlar vacib detalları AÇIQLAYIR

Övladı məktəbə gedən valideynlərin DİQQƏTİNƏ!  — Psixoloqlar vacib detalları AÇIQLAYIR

CƏMİYYƏT

60

25.09.2026, 20:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxşdirmi?  - Təhlil

Məktəb uşağın yalnız təhsil aldığı deyil, həm də şəxsiyyətinin formalaşdığı  mühitdir. Bu prosesdə məktəb psixoloqlarının üzərinə də ciddi məsuliyyət düşür. Xüsusilə sosial şəbəkələrin yeniyetmələrin həyatına təsirinin artdığı bir dövrdə onların psixoloji vəziyyətinin vaxtında müşahidə edilməsi və problemlərə erkən müdaxilə daha da aktuallaşır. Bəs məktəb psixoloqları bu gün şagirdlərin dəyişən ehtiyaclarına nə dərəcədə cavab verə bilir və məktəblərdə psixoloji xidmətin qarşısında hansı problemlər dayanır?

Bu barədə Oxu24.com-a danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki,məktəb psixoloqu uşağın yaşadığı çətinliyi erkən mərhələdə görə bilər. Onun sözlərinə görə, bunun üçün yalnız şagirdin dərsdəki nəticələrinə baxmaq kifayət etmir: 

“Əvvəllər ünsiyyətcil olan uşağın özünə qapanması, məktəbə getmək istəməməsi, dostlarından uzaqlaşması, diqqətinin və dərsə marağının azalması, tez qıcıqlanması və ya özünü davamlı günahlandırması diqqət tələb edən dəyişikliklərdir. Bəzən çətinlik baş və qarın ağrısı, yuxu pozuntusu kimi şikayətlərdə də özünü göstərir. Ancaq bu əlamətlərin heç biri təkbaşına diaqnoz deyil. Məktəb psixoloqunun işi uşağı damğalamaq yox, dəyişikliklərin nə ilə bağlı ola biləcəyini diqqətlə araşdırmaq və ehtiyac varsa, onu uyğun dəstəyə yönləndirməkdir”.

Psixoloq hesab edir ki, şagirdlərin psixoloqa müraciət etməsi daha çox aralarındakı etibardan asılıdır: 

“Uşaq «Dediklərim müəllimə, valideynimə və ya sinif yoldaşlarıma çatacaqmı?», «Məni qınayacaqlarmı?» deyə narahat ola bilər. Bəzən də psixoloqa getməyin «məndə ciddi problem var» kimi qəbul ediləcəyindən çəkinir. Buna görə məktəb psixoloqu özünü yalnız problem yarananda çağırılan şəxs kimi təqdim etməməlidir. Şagirdlər onu gündəlik məktəb həyatında tanımalı, onunla danışmağın normal olduğunu bilməlidirlər. Görüş zamanı uşağa hansı məlumatların məxfi saxlanacağı, hansı hallarda isə onun təhlükəsizliyi üçün böyüklərin köməyinə ehtiyac duyulacağı yaşına uyğun, aydın dillə izah edilməlidir. Kiberzorakılıq, sosial müqayisə və sosial şəbəkələrdə qəbul olunmamaq hissi uşağın özünə münasibətinə və davranışına təsir edə bilər. Məsələn, uşaq telefonunda baş verənlərdən sonra məktəbdə daha səssiz, gərgin və ya əsəbi görünə bilər; dostluq münasibətlərindən çəkilə, öz görünüşü və bacarıqları barədə mənfi fikirlər səsləndirə bilər. Bəzi uşaqlar baş verənləri gizlədirlər, çünki telefonlarının əllərindən alınacağından, günahlandırılacaqlarından və ya vəziyyətin daha da pisləşəcəyindən qorxurlar. Ona görə ilk reaksiya «Niyə o səhifəyə girdin?» və ya «Niyə cavab yazdın?» olmamalıdır. Əvvəlcə uşağı sakit şəkildə dinləmək, onun təhlükəsizliyini və nəyə ehtiyacı olduğunu müəyyənləşdirmək lazımdır. Kiberzorakılıq varsa, onu adi uşaq mübahisəsi kimi kiçiltmək də doğru deyil”.

Elnur Rüstəmov əlavə edib ki, məktəb psixoloqu, müəllim və valideyn arasında əməkdaşlıq erkən müdaxilənin əsas şərtidir:

“Müəllim gündəlik davranışdakı dəyişikliyi görə bilər, valideyn uşağın evdəki vəziyyətini müşahidə edir, psixoloq isə bu məlumatları peşəkar şəkildə qiymətləndirib dəstək planı qurur. Bu üç tərəf uşağın yanında bir-birini günahlandırmadan danışmalı və onun ehtiyacına yönəlməlidir. Məsələn, müəllim konkret müşahidəsini psixoloqla bölüşə, psixoloq şagirdlə fərdi söhbət aparıb valideynlə əlaqə saxlaya bilər. Sonra isə məktəbdə və evdə hansı addımların atılacağı, vəziyyətin nə vaxt yenidən qiymətləndiriləcəyi razılaşdırılmalıdır. Uşağın şəxsi məlumatları bu prosesdə yalnız zəruri şəxslərlə və zəruri həcmdə paylaşılmalıdır.

Biz uşaqlardan yalnız «problem olanda xəbər ver» gözləntisi ilə kifayətlənməməliyik. Məktəbdə elə bir mühit qurmalıyıq ki, onlar çətinliklərini söyləməyə cəsarət etsinlər və danışdıqdan sonra həqiqətən dinlənildiklərini görsünlər. Erkən müəyyən etmənin məqsədi hər davranış dəyişikliyini xəstəlik kimi təqdim etmək deyil; uşağın çətinliyi dərinləşməmiş ona vaxtında, düzgün və hörmətlə dəstək verməkdir”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov vurğulayıb ki, müasir təhsil sistemində məktəb psixoloqlarının fəaliyyəti sadəcə inzibati bir vəzifə deyil, şagirdlərin psixi sağlamlığının, emosional zəkasının və şəxsiyyət kimi formalaşmasının fundamental təminatçısıdır:

“Hazırkı reallıqda məktəb psixoloqlarının şagird ehtiyaclarına cavab vermə dərəcəsi institusional mexanizmlər və kadr potensialı ilə birbaşa bağlıdır. Müarir qlobal çağırışlar fonunda bu gün məktəblərdə psixoloji xidmətin effektivliyini qiymətləndirmək üçün risk qrupuna daxil olan uşaqların vaxtında müəyyən edilməsi, şagird-valideyn-müəllim üçbucağında münaqişələrin tənzimlənməsi və keçirilən diaqnostik testlərin nəticələri kimi meyarlar əsas götürülür. Lakin etiraf etmək lazımdır ki, mövcud sistemdə bir məktəb psixoloqunun minlərlə şagirdlə fərdi, fundamental və eyni zamanda keyfiyyətli işləməsi fiziki və peşəkar baxımdan real olaraq qeyri-mümkündür. Çünki mövcud şagird-psixoloq nisbəti beynəlxalq standartlardan dəfələrlə çoxdur və bu izafi yüklənmə psixoloji xidməti mahiyyət etibarilə kağız üzərində qurulan formal xarakterli hesabatçılığa doğru itələyir”.

İlqar Orucov qabaqcıl beynəlxalq təcrübəni, xüsusilə ABŞ, Finlandiya və Sinqapur kimi uğurlu təhsil modellərini diqqətə çatdıraraq deyib ki,  belə məktəblərdə çoxşaxəli dəstək komandaları fəaliyyət göstərir:

“Beynəlxalq Məktəb Psixologiyası Assosiasiyasının standartlarına əsasən, effektiv nəticə üçün bir psixoloqa maksimum 250-300 şagird düşməlidir. Məsələn, Finlandiya modelində məktəb psixoloqu təkbaşına deyil, sosial işçi, xüsusi təhsil mütəxəssisi və pedaqoqla koordinasiyalı şəkildə şagird rifahı qrupu daxilində işləyir. Bu yanaşma hər bir uşağın probleminə fərdi yanaşmağa imkan verir və psixoloqun funksiyasını sadəcə böhran anında müdaxilə etməkdən çıxarıb, önləyici-profilaktik xidmət səviyyəsinə qaldırır. Bu institusional problemlərlə yanaşı, hazırda sistemin qarşısında dayanan ən böyük əngəllərdən biri də kadr axını və maliyyə çatışmazlığıdır. Məktəb psixoloqlarının əməkhaqlarının aşağı olması peşəkar mütəxəssislərin sistemdə qalmasını çətinləşdirir. Fikrimcə, bir çox təcrübəli və savadlı mütəxəssis dövlət məktəblərindəki ağır iş yükü və aşağı maddi təminat qarşılığında işləməkdənsə, özlərinin fərdi reabilitasiya və inkişaf mərkəzlərini açmağı, yaxud özəl sektorda fəaliyyət göstərməyi üstün tuturlar. Bu vəziyyət dövlət məktəblərində ciddi kadr qıtlığına və ya təcrübəsiz kadrların cəmləşməsinə yol açır ki, nəticədə rəqabətədavamlı psixoloji xidmət formalaşa bilmir. Məktəblərdə psixoloji xidmətin rəsmi xarakterdən uzaqlaşıb real və effektiv bir instituta çevrilməsi üçün hazırkı təhsil sistemində konkret və təxirəsalınmaz struktur dəyişiklikləri həyata keçirilməlidir. İlk növbədə, məktəblərdə şagird sayına görə ayrılan psixoloq ştatlarının kvotası beynəlxalq standartlara uyğunlaşdırılmalı, hər korpus və ya paralel siniflər üzrə differensiallaşdırılmış çoxşaxəli xidmət qrupları yaradılmalıdır”.

Müsahibimiz hesab edir ki, psixoloqların üzərindəki bürokratik hesabat yükü azaldılmalı, onların fəaliyyəti rəqəmsallaşdırılmış və anonimliyi qoruyan izləmə sistemlərinə keçirilməlidir:

“Bununla yanaşı, kadr axınının qarşısını almaq üçün məktəb psixoloqlarının əməkhaqqı fondu və statusu əhəmiyyətli dərəcədə artırılmalı, onların mütəmadi olaraq klinik psixologiya, böhran menecmenti və yeniyetmə psixologiyası üzrə praktiki beynəlxalq sertifikasiya proqramlarına cəlb olunması təmin edilməlidir. Yalnız kadr yükünün optimallaşdırılması, layiqli maddi təminatın qurulması və diaqnostik alətlərin müasirləşdirilməsi sayəsində məktəblərimizi şagirdlər üçün həqiqi mənada təhlükəsiz və emosional baxımdan stabil bir mühitə çevirə bilərik”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.