Ayədə işlənən "əsbat" kəlməsinin mənası nəsil, övladlar deməkdir. Dini mənbələrdə Həzrət Yəqub Peyğəmbərdən (ə) törəmiş Bəni-İsrail qövmü bu cür adlandırılıb.
Həzrət Yəqubun (ə) 12 oğlu var idi. Bunların böyüyünün adı İuda ("yəhudi" sözü də buradan yaranıb), kiçiyinin adı Benyamin idi; Yusif (ə) də bunlardan biri idi. Yəhudi milləti bu 12 oğuldan törəmiş və qollara ayrılmışdı.
Əsbat (12 qol) bəzi Bibliya və Quran qissələrində qabarıq şəkildə xatırlanır. Məsələn, Bəni-İsrail fironun təqibindən qaçanda Həzrət Musa (ə) əsasını dənizə vurdu və suyun içində quru yol açıldı. Amma Bəni-İsrail qolları bu dəhlizdən birlikdə keçmək istəmədilər. Musa (ə) quru yolu 12 cığıra böldü və hər qol bir cığırla getdi. Bəni-İsrail səhrada olanda Musa Peyğəmbər (ə) əsasını daşa vurdu və daşdan bulaq fışqırdı. Amma yenə Bəni-İsrailin qolları eyni bulaqdan su içməkdən imtina etdilər. Peyğəmbərin möcüzəsi ilə daşdan 12 bulaq çağladı və əsbatın hər qolu ayrı-ayrılıqda bu bulaqlardan su içdi.
Bəni-İsrail qövmünün peyğəmbərləri də bu 12 qoldan törədiyi üçün Quranda əsbatın adı peyğəmbərlərlə bir cərgədə çəkilir. Oxu24.com
ŞƏRHLƏR