Müqaviləsiz iş görənlərin diqqətinə: WhatsApp yazışmaları.. — Açıqlama
11 Avqust 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
784
12.06.2026, 16:15
Son illərdə beynəlxalq ictimaiyyət silahlı münaqişələrin ən həssas qruplar, xüsusilə də əlilliyi olan şəxslər üzərində yaratdığı ağır fəsadlara daha çox diqqət yetirməyə başlamışdır. Bu xüsusda, Azərbaycan Respublikası beynəlxalq müstəvidə növbəti humanitar və hüquqi addımı ilə yadda qalıb. Ölkəmiz BMT-də 19 dövlətdən ibarət regionlararası qrup adından çıxış edərək, dünya əhalisinin təxminən %15-nin əlilliyi olduğunu rəsmi şəkildə bəyan edib və münaqişə zonalarında bu şəxslərin hüquqlarının qorunmasının təxirəsalınmaz vacibliyini beynəlxalq birliyin diqqətinə çatdırıb. Uzun illər silahlı münaqişənin fəsadları və xüsusilə postmünaqişə dövründə kütləvi mina təhlisəsi ilə üz-üzə qalan Azərbaycan üçün bu təşəbbüs həm qlobal həmrəylik, həm də milli prioritet baxımından strateji əhəmiyyət kəsb edir.
Mövzunun hüquqi tərəflərini, beynəlxalq öhdəlikləri və milli mexanizmləri Oxu24.com-a şərh edən hüquqşünas Ellada Bayramova münaqişə və postmünaqişə dövrlərində əlillərin hüquqlarının qorunmasının beynəlxalq hüquq normaları ilə tənzimlənməsi aspektlərinə aydınlıq gətirib.
Hüquqşünas Ellada Bayramova qeyd edib ki, münaqişə və postmünaqişə dövrlərində əlilliyi olan şəxslərin hüquqları və təhlükəsizliyi vahid bir sənədlə deyil, beynəlxalq hüququn bir neçə mühüm qolu — beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq və xüsusi BMT qətnamələri ilə çarpaz şəkildə tənzimlənir və qorunur:
1.BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyası (2006)
Bu sənədin 11-ci maddəsi birbaşa "Riskli vəziyyətlər və humanitar fövqəladə hallar"a həsr olunub. Maddəyə əsasən, iştirakçı dövlətlər beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ çərçivəsində silahlı münaqişələr, humanitar fövqəladə hallar və təbii fəlakətlər zamanı əlilliyi olan şəxslərin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməlidirlər. Azərbaycan bu konvensiyaya 2008-ci ildə qoşulub və onun icrasını tam şəkildə öz üzərinə götürüb.
2.1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokolları
Beynəlxalq humanitar hüququn əsasını təşkil edən bu sənədlər münaqişə zamanı mülki əhalinin, yaralı və xəstə şəxslərin müdafiəsini mütləq norma kimi müəyyən edir. Əlilliyi olan şəxslər bu kateqoriyalara daxil olmaqla xüsusi qayğıya ehtiyacı olan həssas qrup kimi qiymətləndirilirlər. Eyni zamanda, humanitar hüququn fundamental prinsiplərindən olan ayrı-seçkiliyin yolverilməzliyi prinsipi tələb edir ki, humanitar yardımın göstərilməsi və təxliyə proseslərində əlilliyi olan şəxslərin xüsusi ehtiyacları mütləq qaydada nəzərə alınsın.
3.BMT Təhlükəsizlik Şurasının 2475 saylı Qətnaməsi (2019)
Bu qətnamə silahlı münaqişələrdə əlilliyi olan şəxslərin müdafiəsi sahəsində tarixi və ən mütərəqqi sənəd hesab olunur. Sənəd münaqişə tərəflərinə humanitar yardımın tam inklüzivliyini (hər kəsi əhatə etməsini) təmin etməyi və ən əsası, əlilliyi olan şəxsləri sadəcə "qurban" kimi deyil, aktiv iştirakçı kimi sülhyaratma və münaqişədən sonrakı bərpa proseslərinə cəlb etməyi tövsiyə edir.
“Azərbaycanın BMT-də 19 dövlət adından çıxış edərək dünya əhalisinin %15-nin əlilliyinin olduğunu vurğulaması təsadüfi deyil. Münaqişə şəraitində bu insanların humanitar yardıma, tibbi-psixoloji reabilitasiyaya çıxışı tamamilə məhdudlaşır. Bu təşəbbüslə Azərbaycan qlobal miqyasda hüquqi məsuliyyəti xatırladan lider dövlətlərdən birinə çevrilir”,-deyə hüquqşünas Ellada Bayramova qeyd edib.
Ermənistan–Azərbaycan münaqişəsi və onun nəticələri ölkəmizdə bu sahədə həm ciddi hüquqi bazanın, həm də institusional mexanizmlərin qurulmasını zəruri edib. E.Bayramova bildirib ki, minlərlə insanın mina partlayışları və hərbi əməliyyatlar nəticəsində müxtəlif dərəcəli əlillik alması dövlətin qarşısında böyük sosial-hüquqi öhdəliklər qoyur:
“Azərbaycan Respublikasının Konstitusiyası sosial dövlət prinsiplərinə söykənərək insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi sayır.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu əlillərin digər vətəndaşlarla bərabər əsaslarla bütün hüquqlardan istifadə etməsini qanunla təsbit edir. Bura reabilitasiya, sosial müdafiə, məşğulluq və təhsil daxildir.
Postmünaqişə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə müharibə əlilləri və mina qurbanları yüksək texnologiyalı protez-ortopedik vasitələrlə təmin olunur, regionlarda yeni reabilitasiya mərkəzləri fəaliyyət göstərir. ANAMA-nın hesabatlarına əsasən, azad edilmiş ərazilərdə fəaliyyət göstərən infrastruktur layihələrində əlillər üçün universal dizayn (əlçatanlıq) prinsipləri tətbiq edilir”.
Hüquqşünas sonda onu da əlavə edib ki, hüquqi baza mükəmməl olsa da, praktik müstəvidə hələ də həllini gözləyən çağırışlar mövcuddur. Xüsusilə mina qurbanlarının uzunmüddətli və davamlı psixoloji dəstəklə təmin olunması, regionlarda ixtisaslaşmış reabilitasiya xidmətlərinin şəbəkəsinin daha da genişləndirilməsi və postmünaqişə siyasətinin formalaşdırılmasında əlilliyi olan şəxslərin qərarqəbuletmə proseslərinə birbaşa cəlb edilməsi qarşıda duran əsas hədəflər olmalıdır.
Azərbaycanın beynəlxalq platformalarda irəli sürdüyü bu mütərəqqi tezislər, ölkə daxilində aparılan sosial ədalət mühitinin gücləndirilməsinə və postmünaqişə dövründə dayanıqlı sülhün formalaşmasına xidmət edir.
Çimnaz Telmanqızı
23:58 / 11 Avqust 2026
46
23:52 / 11 Avqust 2026
49
23:50 / 11 Avqust 2026
38
23:23 / 11 Avqust 2026
159
23:21 / 11 Avqust 2026
60
23:16 / 11 Avqust 2026
61
23:06 / 11 Avqust 2026
60
22:55 / 11 Avqust 2026
296
22:52 / 11 Avqust 2026
54
22:47 / 11 Avqust 2026
66
22:41 / 11 Avqust 2026
133
22:39 / 11 Avqust 2026
62
22:35 / 11 Avqust 2026
208
22:28 / 11 Avqust 2026
100
22:02 / 11 Avqust 2026
280
21:57 / 11 Avqust 2026
62
21:39 / 11 Avqust 2026
105
21:26 / 11 Avqust 2026
280
21:23 / 11 Avqust 2026
66
21:11 / 11 Avqust 2026
394
21:05 / 11 Avqust 2026
55
20:54 / 11 Avqust 2026
407
20:49 / 11 Avqust 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.