Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir - FOTOLAR
29 May 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
29.05.2026, 19:30
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı insanların həyat tərzində ciddi dəyişikliklər yaradıb.
İnternetin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə sosial şəbəkələr də cəmiyyətin bütün təbəqələrinə nüfuz edib. Xüsusilə uşaqlar və yeniyetmələr sosial media platformalarından geniş şəkildə istifadə edən əsas qruplardan biridir. Sosial şəbəkələrin isə uşaqlara həm müsbət, həm də mənfi təsirləri geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Belə ki, uşaqların psixoloji inkişafı, davranışı, sosial münasibətləri və dünyagörüşünün formalaşdığı bir dövrdə sosial şəbəkələrin təsiri daha güclü hiss olunur. Bu səbəbdən sosial medianın uşaqlar üzərində yaratdığı nəticələrin araşdırılması mühüm əhəmiyyət daşıyır.
Oxu24.com AZƏRTAC-ın sosial şəbəkələrin uşaqlara təsirləri ilə bağlı hazırladığı araşdırma yazısını təqdim edir.
Uşaqların yaş xüsusiyyətləri nəzərə alındıqda sosial medianın nəzarətsiz istifadəsi müxtəlif problemlərə səbəb olur. Ən ciddi problemlərdən biri internet və sosial media asılılığıdır. Uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirərək real həyatdan uzaqlaşırlar. Bu cihazlardan uzaq qaldıq da isə onlarda əsəbilik, gərginlik və aqressiv davranışlar formalaşır. Sosial şəbəkələrdə davamlı şəkildə qısa videolar izləmək uşaqlarda diqqət müddətinin azalmasına və uzunmüddətli düşünmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Nəticədə uşaqlar kitab oxumaq, dərs hazırlamaq və ya digər faydalı fəaliyyətlərə maraq göstərməkdə çətinlik çəkirlər.
Bu vəziyyət həm də onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərir. Uzun müddət ekran qarşısında qalmaq göz yorğunluğu, yuxu pozuntuları, baş ağrıları və fiziki hərəkətsizlik yaradır. Psixoloqlar qeyd edirlər ki, sosial şəbəkələr uşaqların və yeniyetmələrin emosional vəziyyətinə də ciddi təsir göstərir. Sosial mediada yayılan “ideal həyat” görüntüləri əsasən yeniyetmələrdə özünü başqaları ilə müqayisə etmə meyli yaradır. Bahalı geyimlər, dəbdəbəli həyat tərzi, süni gözəllik standartları və yüksək həyat səviyyəsi yeniyetmələrdə narazılıq hissi formalaşdırır. Onlar öz həyatlarını sosial mediada gördükləri həyatlarla müqayisə etdikdə özgüvən əskikliyi, narahatlıq və depressiya halları yarana bilir.
Sosial şəbəkələrin İcma Qaydalarına əsasən istifadəçilər üçün müəyyən yaş məhdudiyyətləri tətbiq olunur və əksər platformalarda bu yaş həddi 13 olaraq müəyyən edilib. Məqsəd uşaqları onların yaşına uyğun olmayan məlumatlardan və mənfi təsirlərdən qorumaqdır. Sosial şəbəkələrin alqoritmləri istifadəçilərin yaş məlumatlarını, uşaqlar üçün təhlükəli ola biləcək məzmunları nəzərə almalı və onların ekran lentində yaşa uyğun paylaşımlar təqdim etməlidir. Lakin praktikada bu qaydaların hər zaman tam şəkildə tətbiq olunmadığı müşahidə edilir. Bir çox hallarda uşaqlar yaşlarını düzgün göstərmədən sosial şəbəkələrdə qeydiyyatdan keçir və müxtəlif təhlükəli məzmunlarla qarşılaşırlar. Bu isə onların psixoloji, fiziki və mənəvi inkişafına mənfi təsir göstərir.
Videooyunların uşaqların inkişafına təsiri
Uşaqların və yeniyetmələrin ən çox maraq göstərdiyi rəqəmsal fəaliyyətlərdən biri də videooyunlardır. Kompüter, telefon, planşet və oyun konsolları vasitəsilə oynanılan bu oyunlar uşaqların gündəlik həyatında mühüm yer tutur. Texnologiyanın inkişafı ilə video oyunların çeşidi və istifadəçi sayı sürətlə artıb. Bu oyunlar əyləncə vasitəsi olmaqla yanaşı, bəzi hallarda təhsil və inkişaf məqsədləri üçün də istifadə olunur. Lakin videooyunların uşaqlara həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Bu təsirlər cəmiyyət üçün ciddi müzakirə mövzularından biridir. Sözsüz ki, video oyunların müəyyən müsbət tərəfləri var. Bəzi oyunlar uşaqların məntiqi düşünmə, problem həll etmə və sürətli qərar vermə qabiliyyətlərini inkişaf etdirir. Strateji oyunlar uşaqlarda planlaşdırma bacarığını gücləndirə, yaradıcı oyunlar isə onların təxəyyül və yaradıcılıq qabiliyyətinin inkişafına kömək edə bilər. Təhsil xarakterli oyunlar vasitəsilə uşaqlar müxtəlif fənlər üzrə yeni biliklər əldə edir, xarici dilləri öyrənir və texnologiyadan istifadə bacarıqlarını inkişaf etdirirlər. Komanda şəklində oynanılan bəzi oyunlar isə əməkdaşlıq və ünsiyyət bacarıqlarının formalaşmasına müəyyən müsbət təsir göstərə bilər.
Bununla yanaşı, videooyunların həddindən artıq istifadəsi uşaqların sağlamlığı və inkişafı üçün ciddi təhlükələr yaradır. Ən böyük problemlərdən biri oyun asılılığıdır. Uşaqlar saatlarla oyun oynadıqda real həyatdan uzaqlaşır, dərslərə və gündəlik məsuliyyətlərinə maraqları azalır. Oyunlardan ayrılmaq istəməmək, daim oyun haqqında düşünmək və məğlubiyyət zamanı aqressiv davranmaq artıq asılılıq əlamətləri hesab olunur. Bu vəziyyət uşaqların həm psixoloji, həm də sosial inkişafına mənfi təsir göstərir. Zorakılıq məzmunlu oyunlar uşaqların davranışına mənfi təsir göstərən əsas amillərdən biridir. Döyüş, silah və aqressiya üzərində qurulan bəzi oyunlar uşaqlarda kobudluq və aqressiv davranışların artmasına səbəb ola bilər. Uşaqlar gördükləri hərəkətləri təqlid etməyə meyl göstərdikləri üçün virtual zorakılıq müəyyən hallarda real davranışlara da təsir edir. Xüsusilə yaşına uyğun olmayan oyunların oynanılması uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir.
Onlayn oyunlar əlavə təhlükələr də yaradır. İnternet üzərindən oynanılan oyunlarda uşaqlar tanımadıqları insanlarla ünsiyyət qururlar. Bu isə onları kibertəhlükələr, təhqir, manipulyasiya və istismar riskləri ilə qarşı-qarşıya qoyur. Bəzi hallarda uşaqlar oyun zamanı şəxsi məlumatlarını paylaşır və təhlükəli şəxslərin təsiri altına düşə bilirlər. Bundan əlavə, bəzi oyunlarda uşaqları əlavə ödəniş etməyə təşviq edən sistemlər mövcuddur ki, bu da valideyn xəbəri olmadan alış-veriş hallarına səbəb olur.
Azərbaycanda rəqəmsal inkişaf və uşaqların təhlükəsizliyi
Müasir dövrdə rəqəmsal inkişaf dövlətlərin ümumi inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. İnformasiya texnologiyalarının inkişafı iqtisadiyyatın, təhsilin, dövlət idarəçiliyinin və cəmiyyətin digər sahələrinin inkişafına mühüm təsir göstərir. Azərbaycan da rəqəmsal transformasiya prosesini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi məqsədilə müxtəlif dövlət proqramları və strategiyalar qəbul olunub. Bu istiqamətdə “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Bundan əlavə, ölkədə Rəqəmsal İnkişaf Şurası yaradılıb və bu şuraya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir. Süni intellekt və kibertəhlükəsizlik sahəsində milli strategiyaların hazırlanması da dövlətin rəqəmsal təhlükəsizlik və texnoloji inkişaf məsələlərinə xüsusi diqqət göstərdiyinin sübutudur. Azərbaycanda internet infrastrukturu da son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Hazırda ölkə əhalisinin demək olar ki, hamısı internet istifadəçisidir və hətta kənd yaşayış məntəqələrində belə optik internet xətlərinin mövcudluğu rəqəmsal xidmətlərin əlçatanlığını artırıb. Mobil telefonlardan, xüsusilə smartfonlardan istifadə səviyyəsi də çox yüksəkdir və bəzi statistik göstəricilərə görə adambaşına düşən mobil cihaz sayı 100 faizdən artıqdır. Dövlət xidmətlərinin onlayn formada təqdim olunması və “e-hökumət” həllərinin geniş tətbiqi rəqəmsal inkişaf prosesinin mühüm göstəricilərindən biridir. Rəqəmsal inkişafla yanaşı, sosial şəbəkələrin istifadəsi də Azərbaycanda ildən-ilə artır. Dünyada geniş yayılan əsas sosial media platformaları ölkədə sərbəst şəkildə istifadə olunur və istifadəçilərin böyük hissəsini gənclər, yeniyetmələr və uşaqlar təşkil edir. Araşdırmalar göstərir ki, sosial şəbəkələrdən istifadə edən qız və oğlan uşaqları arasında ciddi fərq yoxdur və hər iki qrup rəqəmsal platformalarda fəaldırlar. Bu vəziyyət uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsini daha da vacib edir.
Uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən qorunmasında valideynlərin rolu xüsusi əhəmiyyət daşıyır. Valideynlər uşaqların hansı platformalardan istifadə etdiyini bilməli, onların ekran vaxtını tənzimləməli və baxdıqları məzmunlara nəzarət etməlidirlər. Uşaqların yaşına uyğun olmayan məzmunlarla qarşılaşmaması üçün valideyn nəzarəti sistemlərindən istifadə edilməsi vacibdir. Bundan əlavə, uşaqlarla açıq ünsiyyət qurmaq və onlara rəqəmsal təhlükələr barədə məlumat vermək mühüm əhəmiyyət kəsb edir. Uşaqlar valideynləri ilə güclü emosional münasibət qurduqda internetdə qarşılaşdıqları problemləri daha rahat şəkildə bölüşə bilirlər. Valideynlərin digər mühüm vəzifəsi də uşaqlarda düzgün rəqəmsal istifadə vərdişlərinin formalaşdırılmasıdır. Uşaqlara texnologiyadan yalnız əyləncə məqsədilə deyil, həm də təhsil və inkişaf üçün istifadə etməyin yolları öyrədilməlidir. Eyni zamanda valideynlər uşaqların idman, kitab oxumaq, açıq havada oyun və sosial fəaliyyətlərə marağını artırmalıdırlar. Bu, uşaqların sosial media və video oyun asılılığından qorunmasına kömək edir. Dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı ciddi addımlar atılır. Xüsusilə Avstraliya təcrübəsi beynəlxalq səviyyədə böyük maraq doğurub və 2025-ci ilin dekabr ayında qüvvəyə minən qanunun tətbiqi digər ölkələrin də bu istiqamətdə təşəbbüslərini sürətləndirib. Həmçinin Türkiyə, Böyük Britaniya, İspaniya, Danimarka və digər dövlətlər də analoji qanunvericilik təşəbbüsləri ilə çıxış ediblər.
Nəticə etibarilə Azərbaycanda da rəqəmsal inkişaf müasir cəmiyyətin əsas inkişaf istiqamətlərindən biri olsa da, uşaqların rəqəmsal təhlükəsizliyi məsələsi xüsusi diqqət tələb edir. Ölkəmizdə uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması üçün qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var. Xüsusilə sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, uşaqlar üçün zərərli məzmunun filtrasiya olunması, məktəblərdə rəqəmsal savadlılığın artırılması və valideyn nəzarət mexanizmlərinin gücləndirilməsi vacib məsələlərdəndir. Son dövrlərdə bu istiqamətdə dövlət səviyyəsində müəyyən addımlar atılsa da, müasir texnoloji çağırışlara uyğun daha effektiv hüquqi mexanizmlərin hazırlanması zəruri hesab olunur.
20:28 / 29 May 2026
19
20:25 / 29 May 2026
1
20:20 / 29 May 2026
13
20:11 / 29 May 2026
19
20:10 / 29 May 2026
40
19:59 / 29 May 2026
42
19:49 / 29 May 2026
65
19:37 / 29 May 2026
64
18:57 / 29 May 2026
79
18:51 / 29 May 2026
456
18:44 / 29 May 2026
87
18:29 / 29 May 2026
73
18:19 / 29 May 2026
93
18:09 / 29 May 2026
94
17:56 / 29 May 2026
335
17:48 / 29 May 2026
125
17:40 / 29 May 2026
88
17:27 / 29 May 2026
86
17:23 / 29 May 2026
367
17:15 / 29 May 2026
593
17:09 / 29 May 2026
75
16:56 / 29 May 2026
236
16:55 / 29 May 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.