Qaynar xətt:

(+99450) 247 90 86

ÇƏRKƏZ OĞLU, AZƏRBAYCAN GENERALI TLEXAS  

ÇƏRKƏZ OĞLU, AZƏRBAYCAN GENERALI TLEXAS  

CƏMİYYƏT

85

29.05.2026, 16:55

28 may Müstəqillik günümüz həm də Vətən günümüzdür.  Bu günü əldə etmək üçün 108 il bundan əvvəl də şəhidlər verdik, bayrağımızdakı qırmızı rəng o şəhidlərin qanından yadigardır. 1920-ci ildə müstəqilliyimizə  bolşeviklər təcavüz edəndən sonra, elə may ayının 28 və 29-da Azərbaycan Ordusunun adlı-sanlı generalları  bir gecənin içərisində güllələndilər. Onların içərisində  çərkəz əsilli,  Bakı istehkam vilayətinin general-qubernatoru vəzifəsini tutan general- mayor Murad Gəray bəy Tlexas da var idi. 

                                           Çərkəz Əsilli Tlexas kim idi?

Murad Gəray  1874-cü ildə Kuban vilayətinin Yekaterinodar şəhərində (indiki Krasnodar – Ş.N.) hərbçi ailəsində anadan doğulmuşdu. İlk təhsilini Maykop şəhərində alan çərkəz oğlu,  Sankt-Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirmişdi. O, 1912-13-cü illərdə 51-ci Artilleriya briqadasında kapitan rütbəsində xidmət edib. Port-Artur və Birinci Dünya müharibəsində iştirak edib. Hər iki müharibədə nümunəvi döyüşən zabit kimi şöhrət qazanıb. Tlexas zabitlərə məxsus iki dəfə «Müqəddəs Georgi» ordeni ilə təltif olunub. 

Murad Gəray Tlexas 15 avqust 1873-cü ildə Kuban vilayətinin Yekaterinodar (indiki Krasnodar) şöbəsinin Qatlukay kəndində polis praporşikinin ailəsində anadan olub. Çərkəz (Bjeduq) əsilli Murad Gəray ümumi təhsilini Maykopda və Stavropol gimnaziyasında almışdır. Sankt-Peterburqdakı Mixaylovskoye Artilleriya Məktəbində sıravi kursant kimi hərbi xidmətə daxil olmuş, 13 avqust 1897-ci ildə ikinci leytenant rütbəsinə yüksəlmişdi.

O, Qafqaz Ehtiyat Artilleriya Briqadasının (Vladiqafqaz) 7-ci Dağ Batareyasında xidmət etmiş, 28 avqust 1900-cü ildə leytenant, 28 oktyabr 1905-ci ildə isə kapitan rütbəsinə yüksəlmişdir. Port Arturun müdafiəsində iştirak etmiş, 1904-1905-ci illər Rus-Yapon müharibəsində göstərdiyi fərqlənməyə görə ordenlərlə təltif edilmişdir. 1912-1913-cü illərdə 51-ci Artilleriya Briqadasında kapitan rütbəsinə yüksəlmişdi.  

O, Birinci Dünya Müharibəsində iştirak etmiş, 1914-cü ilin noyabrında yaralanmış və mərmi şoku keçirmişdi. 17 aprel 1915-ci ildə podpolkovnik Tlexas 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilmişdi.

Ağ Qvardiyaçılar Kuban və Adıgeyi ələ keçirdikdən sonra Murad Giray Tlexas Azərbaycana gəlir və Qafqaz Cəbhəsi qoşunlarının baş komandanı, piyada generalı M.A. Prjevalskinin 11 dekabr 1917-ci il tarixli 155 nömrəli əmrinə əsasən yeni yaradılmış Müsəlman Korpusunda general-leytenant Əli-Ağa Şıxlinski komandanlığı altında  xidmətə başlayır. Polkovnik Tlexas yenicə  yaradılmaqda olan 2-ci Artilleriya Briqadasının komandiri, daha sonra isə korpusun artilleriya müfəttişi təyin edilir. 26 iyun 1918-ci ildə ADR Nazirlər Şurasının fərmanı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu  adlanır. İyulun əvvəlində 5-ci Qafqaz və 15-ci Çanaqqala türk diviziyaları ilə birlikdə yeni yaranan  Qafqaz İslam Ordusunun tərkibində Nuru Paşanın 20 avqust tarixli əmri ilə Murad Gəray Tlexas Qafqaz İslam Ordusunda artilleriya üzrə köməkçi müfəttişi təyin edilir.

           Baş Qərərgah rəisi   Murad Gereyin intizamı və bolşeviklərlə mübarizəsi 

1 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi yaratdı. 15 noyabr 1918-ci ildə yeni yaranan Hərbi Nazirliydə  general-mayor Tlexas Baş Qərargahın Artilleriya İdarəsinin rəisi təyin edilir. 1919-cu ilin yanvarında o, hərbi idarənin hərbi hissələrinin, idarələrinin və müəssisələrinin ştat sayının artırılması üzrə komissiyanın fəaliyyətində iştirak edir. Komissiyanın rəhbəri  Tlexas  təyin edilir. Nümayəndə heyəti müxtəlif silahlar və digər hərbi texnika əldə etmək üçün Hərbi Nazir tərəfindən Gürcüstana göndərilir. 

Murad Gəray bəy Tlexas Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdən idi. 

Cəsarətli və rəşadətli çərkəz oğlu Murad Gərayı artilleriyanın şahzadəsi adlandıran Azərbaycan Demokratik Respublikasının Hərb naziri S.Mehmandarov onu həm də məxfi sənədlərlə işləmək üçün Gəncəyə və Tiflisə ezamiyyətə göndərirdi. Ən çətin həll olunan məsələlərin yoluna qoyulmasında Murad Tlexasın xüsusi diplomatik fəhmi var idi.  Mehmandarovun  1919-cu il sentyabr ayında imzaladığı 421 saylı əmrində yazılırdı: 

“Bizim üçün böyük əhəmiyyətə malik olan müxtəlif predmetlər, silahlar və başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan Respublikasının Tiflis şəhərinə Baş Artilleriya idarəsi rəisi, general-mayor Murad Gəray bəy Tlexasın rəhbərliyi altında komissiya göndərmişdim.

Bir sıra ciddi çətinliklərə baxmayaraq, qısa müddət ərzində olduqca sərfəli qiymətlərlə Bakıda və Gəncədə qiymətli əmlak kütləsi quraşdırılıb və gətirilib. Əldə edilmiş predmetlərin əksəriyyəti təzə, istifadə olunmuşları isə tam yararlı haldadır.

Mənim komissiyaya verdiyim tapşırığın bu cür əla yerinə yetirilməsini, ona general-mayor Murad Gəray bəy Tlexas kimi qeyrətli, təcrübəli və vicdanlı şəxsin rəhbərliyində görürəm və ona xidməti şəxslər tərəfindən səmimi minnətdarlığımı bildirirəm.

Eləcə də alınmış malların baxılmasında, qəbulunda və yola salınmasında iştirak etmiş komissiyanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm.

Hərb naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov,

Baş Qərargah rəisi, general-mayor  Həbib bəy Səlimov.”. 

Arxiv sənədlərində belə maraqlı bir hadisə ilə də rastlaşmaq olur.  1919-cu ilin oktyabr ayında onun əmri ilə Metal İşçiləri Həmkarlar İttifaqının 30 nəfərdən ibarət Nümayəndələr Məclisi şəhərdə ixtişaşlar yaratdıqlarına görə  həbs edilirlər. Həsb edilənlər 6-cı Polis Bölməsində bir həftə qaldıqdan sonra tutarlı sübut çatışmazlığı səbəbindən azad edildilər. Vəziyyətin gərginləşdiyini görən 24 noyabrda M.G. Tlexas xüsusi icazəsi olmadan Bakı istehkam bölgəsində müxtəlif küçə görüşlərinin, mitinqlərin, toplantıların və nümayişlərin keçirilməsini qadağan edən məcburi bir fərman verir. Bu fərmanı pozanları üç aya qədər həbs, 10.000 rubla qədər cərimə və Azərbaycandan qovulma ilə üzləşirdilər.

22 fevral 1920-ci ildə M.Q.Tlexasın əmri ilə bolşevik qəzeti "Novıy Mir"in nəşr olunduğu yeraltı mətbəə möhürlənir. Onun çap maşınları həbs edilir.  Əməliyyatdan altı gün keçəndən sonra  gün sonra  Baş Qərərgah rəisi  general mayir Tlrxas  məlumat  rəhbərliyə  belə bir məlumat verir: 

“Bildirirəm ki, siyasi əqidələrindən asılı olmayaraq, respublikada ictimai asayiş və dövlət qaydası üçün zərərli və təhlükəli olan şəxslərə, xüsusən də bolşeviklərə münasibətdə, onların mənim yurisdiksiyamdakı rayona daxil olmasının qarşısını almaq, eləcə də respublikaya düşmən olan bütün şəxsləri paytaxtdan qovmaq üçün ən enerjili və qətiyyətli tədbirləri görmüşəm və hazırda da görürəm.”. 

Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuş  Əliheydər Qarayev 1926-cı ildə “Yaxın keçmişin xatirələri” adlı kitabında yazırdı: 

 “12 martda hakimiyyətə mənim Balaxanıdakı mənzilimində   hərbi təşkilatının gizlli qərərgahı olduğu müəyyən edildi. Bu səbəbdən mənzil qoşunlar tərəfindən mühasirəyə alındı. Hadiisə yerinə  şəhər rəisi və polis rəisi ilə birlikdə M.Tlexas da gəliblər. Mən  parlamentin üzvü olduğumdan, mənzilə girmək üçün  parlament rəyasət heyətinin icazəsi lazım idi. Hər iki icazə olmadığı üçün biz  çöldə qalmağa məcbur oldlar. Müvafiq icazə 24 saatdan sonra müvafiq icazəni aldı və onlar mənzilə daxil ola bildilər. Lakin həmin vaxt mənzilimdə olan gizli təşkilatımızın funksionerləri Q.Cabiyevi və Əli Bayramov qaçmağı bacarıdılar. Bu əməliyyatdan Cəbiyev qalib çıxdı,  general-qubernator Tlexası isə qapı dalında qaldı.”.

Bolşevik  Partiyasının üzvü Dadaş Bünyadzadə isə öz xatirələrində yazırdı: 

Bir neçə gün sonra, Dağıstanda həlak olan S. Kazıbekovun xatirəsinə keçirilən mitinq keçirldi. Bakı şəhər Qubernatoru  Bakıdakı Mərkəzi Fəhlə Klubuna basqın edilməsi barədə əmr verdi. Bu  zamanı mən, K. İsmayılov, Sumbat Fətəlizadə və başqaları da daxil olmaqla 24 kommunist fəal həbs edildik. Tlexas məndən  lazımi ifadəni almayanda  bərk əsəbiləşdi və  məni inandırmağa çalışdı:  "Ruslar gələcək və sən küçələri süpürməli olacaqsan." Buna cavab olaraq dedim: "Bəlkə də küçələri süpürməli olacağam, amma mən burada heç bir qəbahət görmürəm, çünki bir kommunist idarə etməlidir, digəri isə lazım gələrsə, küçələri süpürməlidir." Bu cavab Tlexası dəhşətli bir qəzəbə sövq etdi və o, sui-qəsdin bütün təfərrüatlarını açıqlamasam, məni edam və asmaqla hədələməyə başladı. Dindirmə dayandırıldı və yoldaşlarımla birlikdə həbsxanaya göndərildik”. 

Bütün bu xatirələr onu deməyə əsas verir ki, Murad Gəray bəy Tlexas Azərbaycan Cümhuriyyətinə şərəflə və vicdanla xidmət edir, çərkəzlə məxsus mərdlik nümayiş etdirirdi.

Əslində Murad Gəray bəy Tlexas istilanın nə olduğunu  bilirdi. 1853-cü ildə Rusiya İmperialist siyasətinin təcüvüzkarları onun  doğulduğu  yerləri zəbt etmiş, bir milyondan artıq çərkəz xalqı doğma yurdlarında  sürgün olunmuşdular, sürgün zamanı onun da nəsil-şəcərəsinin əksəriyyəti Qara dənizdə, sürgünlük yollarında həlak olmuşdular. Bu acı tarixi unutmayan Murad Gəray bəy Azərbaycana üz tutmuşdu, çünki burada yeni qurulan Azərbaycan Demokratik Respublikasına inamı var idi.

1919-cu il sentyabrın 13-də Tlexas hərbi nazirin təqdimatı ilə Dövlət Müdafıə Komitəsi tərəfındn Bakı İstehkamçılar hissəsinin rəisi təyin olundu. Bu struktur Denikin təhlükəsinin mövcud olduğu dövrdə şəhərin müdafiəsini təşkil etməli və Bakıda asayişin sabitliyini qorumalı idi. Tlexas Bakının hərbi general-qubernatoru vəzifəsini də öz üzərinə götürmüşdü. Onun rəhbərliyi ilə Bakının qurudan və dənizdən müdafiəsi üçün konkret tədbirlər həyata keçirildi, şəhər ətrafında müdafiə zolaqları quruldu.

1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin əmri ilə Bakı Hərbiyyə General-qubernatoru vəzifəsini qəbul edən Murad Gəray bəy Tlexas deyir:

“Mənə göstərilən etimad və ümidi həqiqətə çıxarmaqdan ötrü bütün var qüvvəmi ədalətli və bitərəfanə bir surətdə işə başlayıram.

Yerli bolşeviklər ermənilərlə birləşərək əhali arasında antiazərbaycan təbliğatı aparır, həyəcan və şayiələr yayırdılar. Bunlardan narahat olan general-qubernator Murad Gəray bəy Tlexas 1920-ci il yanvarın 25-də «Azərbaycan» qəzetinə verdiyi müsahibədə deyir: “Son günlərdə şəhərdə şayiələr yayılır ki, bolşeviklər çıxış edib bazar-dükanı talan edəcəklər. Əhali həyəcana gəlmişdi. Boş laqqırtılar böyük meydan alır. Belə hərəkətlər olmayacaqdır. Əgər baş verərsə, rəhmsizcəsinə basılacaq, hökumətin lazımı miqdarda qüvvəsi vardır. Heç kəsə şəhərə daxil olmağa müsaidə edilmir. Körpülərə vaporlar vürud edir. Sərnişinlərin yalnız bəzilərinə şəhərə girməyə icazə verilir. Üç gündə Ənzəli, Petrovski və Təzə şəhərdən (Krasnovodski) yeddi vaporda beş yüz nəfər gəlmişdir. Qismən şəhərə buraxılıblar. Lakin tezliklə də şəhərdən çıxarılıblar. Bəziləri Tiflisə gedir. Ermənilər Ermənistana, iranlılar isə İrana qaytarılır. Əcnəbilər müməsillərinə verilir. Vaporlarda səpmə yatalaq və sair misri xəstəlikləri müşahidə olunur. Onlar tez təcrid olunub. Radio ilə vaporlara bildirilir ki, Bakıya gəlsələr dərhal qaytarılacaq. Lakin əcnəbi heyətlərə, siyasi nümayəndələrə və dövləti işlər üçün gələnlərə icazə veriləcək.

Köhnə rus pasportları etibardan düşmüş elan edilir, bir aya bütün vətəndaşlar türk pasportu almalıdırlar”.

Yeni qurulan Azərbaycan hökumətinin  bütün kabinetlərində iş saat kimi dayanmadan hərəkət edirdi. Həmin illərin arxiv sənədlərini araşdıranda , bir daha aydın olur ki, hökumət üzvləri yeni yaranan Müstəqil Respublikanı qurmaq üçün gecə-gündüz bilmədən işləyiblər.  Sənədlər o illərin şahididir. 

                                      İnam və etibarın yüksəlişi...

S. Mehmandarovun 1919-cu il 4 dekabr tarixli əmri ilə 4 dekabr 1919-cu ildə o, Bakı Hərbi General-qubernatoru təyin edildi və bu vəzifəni yeni yaradılmış Bakı istehkam bölgəsinin rəhbəri vəzifəsi ilə birləşdirdi, Bakı şəhər hökumətinin ərazisi ona tabe edildi.

Azərbaycan Respublikasının Hərb naziri  general mayor , baş qərərgah rəisi , artilleriya generalı Səməd bəy Mehmandarov  1919-cu  il 4 dekabrda  hərbi hissələrin ştat cədvəli və idarə olunması ilə bağlı  imzaladığı və 559 saylı əmrində Murad Gerey Tlexası belə təsvir edir: 

“Baş Artilleriya İdarəsinin rəisi Tlexas  Hərb Nazirliyini  qurmaq üçün öz  vəzifəsinin icrasına başlayıb. Olmayan yerdən ordu , və mərkəzi idarələrin  qurulması işini öz öhdəsinə götürüb. Qeneral mayor Tlexas  bizim doğma ordunuzun qurulmasında ən yaxın məsləkdaşım və mənim əməkdaşımdır.  Şahzadə insan, və yenilməz hərbçidir, Hərb işlərinin qurulmasında vicdanla qulluq etmişdir, bizim ordunu yaradanlardandır.  O pərən-pərən olmuş, dağıdılmış artilleriya mülkiyyətini bir əldə cəmləşdirməyi bacardı. Artilleriya anbarları və emalatxanalarını yaratdı. 

Bu vəzifənin bir illik yerinə yetirilməsi müddətində göstərdiyi nümunəvi iş, səy və görkəmli nailiyyətlər üçün hörmətli Murad Gəray bəy Tlexasa xidməti şəxslər tərəfindən səmimi təşəkkürümü bildirirəm”.

Təkcə yoldaşları deyil, həm də müasirləri - barrikadaların o biri tərəfində dayanan bolşeviklər - Həmid Sultanov, Ağababa Yusifzadə və başqaları 1930-cu illərdə 29 may 1920-ci ildə edam edilən general Murad Gəray bəy Tlehasın hərbi ləyaqəti və təhdidedici görünüşü haqqında belə qeyd edirdilər: 

"General Tlexasın çox əzəmətli  bir görünüşü var idi. Hündürboy, enli kürək, odlu gözləri və çiyinlərində böyük epoletləri var idi. Geniş bir masada oturmuşdu. Masanın üzərində müxtəlif ofis ləvazimatları parıldayırdı. Bir sözlə, yaşıl səth müxtəlif fiqurlarla dolu idi. Ən əsası, solda revolver, sağda qamçı var idi. O, qorxu bilməyən bir insan idi."

1919-cu ildə  Bakının küçələrində başıpozuq bolşevik hissələrinin üzvləri görünməyə başlayanda,  Parlamentin iclasında söz alan general –mayor Tlexas deyir: 

“Məscid küçəsindən rus hərbi dəstələri keçirdi. Əsgər kimi deyil çapovulçu sürüsü kimi: at, dəvə, qatır, ac, səfil, cır-cındır içində və tüfənglərində qayış yerinə ip bağlayıblar … Ac çəyirtkə sürüsünü xatırladırdı bu «ordu”.”Mənə səlahiyyət verin, bircə həmləyə bu oğru, quldur sürüsünü darmadağın edim!”. 

Bolşeviklər şəhərdə fəallaşmağa başlayanda, şəhərin  qoçuları (lotular) onları cəzalandırmaq fikrinə düşürlər. Belə cəzalananlardan biri də İnqilab Komitəsinin fəalı Əli Bayramov olur.  Silahlı üsyana hazırlıq və hakimiyyəti ələ keçirmək məqsədilə yaradılmış hərbi təşkilatın rəhbəri kimi Əli Bayramov 1920-ci il martın 20-də həbs olunmuş, əldə əsaslı dəlil-sübut olmadığından martın 22-də azad edilmiş, martın 23-ə keçən gecə isə qətlə yetirilmişdir. Onun cəsədi aprelin 3-də tapılmış, aprelin 5-də tanınmış və aprelin 7-də dəfn olunmuşdu. 

Özü bolşevik hərəkatına xidmət edən Əli Bayramovun həyat yoldaşı Ceyran Bayramova isə Müsavat parlamentində makinaçı-kargüzar vəzifəsində işləyirdi. Burada əlində olan məxfi  sənədləri gizlincə bolşeviklərə ötürürdü. Həyat yoldaşının itkin düşməsi ilə əlaqədar  səs-küy salır, polis orqanlarını xəbərdar edir. Həmin günlərdə baş verən cinayət hadisələri haqqında xülasədə əslində bu barədə də  yazışmalar Azərbaycan Dövlət Milli arxivində qalmaqdadır. 

                         Qanlı terrorun başlandığı gün 1920-ci il  27 aprel 

Artıq bolşeviklər  Azərbaycanın  giriş-çıxışı olan sərhədlərini ələ keçirəndə, Bakıdakı hökumət üzvləri hələ öz səlahiyyətlərini  Demokratik Azərbaycan Respublikasının düşmənlərinə təslim etməmişdilər.  

27 aprel 1920-ci ildə bolşeviklər bütün Bakını ələ keçirdikdən sonra, təbii ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edir.  Elə həmin hələ kabinetini tərk etməyən qorxubilməz hərbi general-qubernator Murad Gəray bəy Tlexas şəhər komendantına təcili məktub göndərir: 

“Həbs etdiyiniz Bakının polis rəisi Rüstəm bəy Mirzəyevi təcili olaraq azad etmənizi xahiş edirəm”.

Axşamüstü isə Bolşevik Komitəsi Cümhuriyyətin funksionerləri ilə birlikdə  Murad Gəray bəy Tlexası da Əli Bayramovun  qatillərindən biri  kimi həbs edirlər.

Mərhum hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli “Güllələnmiş generallar” adlı məqaləsində  Milli dövlət arxivində saxlanılan cinayət işindəki  həmin ifadədən bir hissəsni azərbaycan dilinə tərcümə etmişdi. Həmin hissəni də oxuculara təqdim edirəm:

“...General Murad Gəray bəy Tlexas 1920-ci ildə bolşeviklərin istilasından sonra inqilabçı Əli Bayramovun qatillərindən biri kimi həbs edilib. Mayın 21-dən 29- dək Ali İnqilab Tribunalının məhkəməsində şahid kimi dindirilmişdir:

Sədr Viktor Naneyşvili: — General Murad Gəray bəy Tlexas! Siz özünüzü bolşevik Əli Bayramovun qətli haqqında işdə müqəssir bilirsinizmi? Siz Bakı Möhkəmləndirilmiş rayonunun hərbi general-qubernatoru olanda cinayətkar fəaliyyətsizlik göstərmisiniz, nəticədə belə dəhşətli cinayət baş verib.

General Tlexas: — Qətiyyən yox! Hərbi vəzifəmə gəldikdə isə, həmişə hər yerdə vicdanla xidmət etmişəm. Cinayətkarlığa yol verməmişəm.

Sədr: — Tribunala deyin, görək, Denikin könüllülərinin komandanlığı ilə siz Bakıda nə danışmısınız?

Tlexas: — Könüllülərin komandanlığı ilə heç bir danışığım olmayıb.

Naneyşvili: — Bizə çatan məlumata görə sizin ağqvardiyaçı könüllülərinin nümayəndələri ilə danışığınız olub.

Tlexas: — Könüllülərin ayrı-ayrı nümayəndələri ilə də mənim heç bir gizli danışığım olmayıb. Könüllülər və başqaları haqqında isə «soldat» kimi deməliyəm ki, yıxılana balta çalmazlar. Mən heç vaxt, müharibədə bir-birimizin üstünə qışqıranda da, silahı tullayanda da hərbi kompaniyada – rus-yapon və alman cəbhəsində də olmuşam. Onlar silahı təhvil verəndə mən sonuncu çörək tikəmi və qəndi vermişəm.

Sədr: — Tribunala son sözünüz ?

Tlexas: — Ali tribunal, burada deyəcəyim sözlər özümü müdafiə etmək xatirinə deyilməyəcək. Mən ucadan elan edirəm ki, bolşevik Əli Bayramovun qətlində mən qətiyyən iştirak etməmişəm. Məni müttəhimlər kürsüsünə gətirən qətiyyən tanış olmayan mühitə düşməyim və rəislərimin əmrlərini yerinə yetirməkdə «soldat» mənəviyyatı ilə tərbiyə olmağım oldu. Mən kasıb praporşik oğluyam, demək olar ki, yoxsul təbəqədən çıxmışam. İndi mənə elə gəlir ki, burjuaziya rütbəsi olan hərbi general-qubernatorluq mənim üçün rüsvayçılıq idi.

Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri özümə düşmən hesab edirdim. Cavab verərdim: ancaq və ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən könüllülər mənim qatı düşmənimdir. Mən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi. Qırx altı yaşım var. Ömrümün yarıdan çoxunu hərbi xidmətdə keçirmişəm. Atam evdəki yeganə samovarı satıb məni atın sağrısında Yekaterinardan oxumağa göndərib...

O ki , qaldı ağqvardiyaçı general Denikinə qoşulmağım, onun könüllülərilə işləməyim, bu heç cür mümkün deyil. Çünki bütün il boyu mən denikinçilərə qarşı mübarizə aparmışam. Onun kəşfiyyatçıları mənim əməkdaşlarımdan və şəxsən məndən oddan qorxan kimi qorxurlar. Əgər siz bolşeviklər yox, Denikin Bakıya girməli olsaydı birinci məni güllələyərdi. Boynuma alıram ki, Azərbaycanda caynağımıza keçən Denikin kəşfiyyatçılarına qarşı çox amansız olmuşam”. 

Arxiv sənədlərindən məlum olur ki, bolşeviklər cəhd edirlər ki, general Murad Gəray bəy Tlexası Azərbaycan xalqının gözündən salmaq üçün ağqvardiyaçıların xəfiyyəsi kimi güllələsinlər. İndiki M.F.Axundov adına Akademik Opera və Balet teatrının binasında keçən səkkiz günlük, açıq məhkəmədə, generalın alovlu yekun sözündən sonra bu qarayaxma iflasa uğrayır. 

Bolşevik Əli Bayramovun ölümündə də günahı sübut olunmadığına baxmayaraq, Murad Gəray bəy Tlexası əksinqilabçı və Müsavat generalı kimi mayın 29-da gecə saat ikidə güllələdilər.”. 

Həmin gecə inqilab etmiş «xalqın adından» general Tlexasla birgə bolşevik Əli Bayramovun qətli ilə bağlı Bakıda müsavatın polis rəisi olmuş Rüstəmbəy Mirzəyevi, dördüncü polis sahəsinin rəisi Nurəddin Seyidovu, onun müavini Süleyman bəy Sübhanverdixanovu, baş qorodovoy Məşədi İbrahim Babayevi, polis agenturasının rəhbəri Eyvaz Cəbrayılovu, polis xəfiyyəsi Levon Ter-Arutyunovu, məşhur Bakı qoçusu Nəcəfqulu Rzayevi, qorodovoy Həbib Nəzər oğlunu, Əbdürrəhman Qurban oğlunu və qoçu Mir Rəhim Mir Mövsüm oğlunu da güllələyirlər.

Bununla belə, hakimiyyət çevrilişinə hazırlaşan bolşeviklər onun qətlində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini ittiham etmiş, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Əli Bayramovun öldürülməsi ilə əlaqədar məsuliyyətə cəlb edilənlər Azərbaycan SSR Ali İnqilabi Tribunalının 28 may 1920-ci il tarixli hökmü ilə müqəssir sayılmış və onların 15 nəfəri güllələnməklə ölüm cəzasına, digərləri isə uzunmüddətli həbs cəzasına məhkum olunmuşdular. Hökm Azərbaycan İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən elə həmin gün təsdiq edilmiş, mayın 29-a keçən gecə saat 2:30-da yerinə yetirilmişdir. Lakin Əli Bayramovun qatilinin kim olması konkret müəyyənləşdirilməmiş, hökm müxtəlif fərziyyələr əsasında çıxarılmışdır. 

Azərbaycan generallarının  Kommunistlər tərəfindən güllələnməsinin ən doğru qiymətini Məhəmməd Əmin Rəsulzadə  verərək demişdi: “Əli Bayramovun qətlindən Hökumətə qarşı böhtan məqsədilə istifadə olundu.”. 

Gənc respublika daxili düşmənlərini məğlub etməyi bacarsa da, Azərbaycan şimaldan bolşevik hücumuna tab gətirə bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq mövcudluğundan sonra süqut etdi. Görkəmli siyasi və ictimai xadimlərin, generalların və sadəcə kommunistlərə rəğbət bəsləməyənlərin təqibləri başladı. Rejimin ilk qurbanları arasında 1920-ci ilin aprelində Bakı istehkam vilayətinin general-qubernatoru vəzifəsini tutan general- mayor Murad Gəray Tlexas da var idi. Bolşeviklər hakimiyyətə gələndən bir ay sonra o, edam edildi.

Azərbaycanı işağl edən  bolşevik hökuməti  insanlara görk və göz dağı olsun deyə,  Azərbaycana könül vermiş generalı və onun silahdaşlarını Azərbaycan Demokratik Respublikasının  2 yaşı tamam olan günü 1920-ci il  28 may 29-na keçən gecə güllələdilər. Azərbaycan Demokratik Respublikası Qafqaz İslam Ordusunu belə süquta uğratdılar. 

…Təbii ki, Azərbaycan Xalq Cümhuriyyətini yerlə-yeksan etmək,  Şərqdə ilk Azərbaycan Demokratik Respublikasının süquta yetirmək üçün  Bolşevik hökuməti bu dövlətin qurucularını qətlə yetirməliydilər. Özlərinin cəlladlığını, hüquq və qanun tanımadıqlarını bu qətlləri törətməklə sübut etdilər. Üçrəngli bayrağımızı endirdilər. O bayraq ürəklərdə yaşadı. 

Və bizim zamanımız yetişdi, biz 3 rəngli ay-ulduzlu bayrağımızı 70 ildən sonra yenə ucalarda dalğalandırdıq. Bu dövlətin təməlini quran, Ordusunu yetişdirən və ordunun nizamnaməsini yazanlardan biri də qəhrəman çərkəz oğlu, 46 yaşında  Rus bolşevik təşkilatı tərəfindən şərlənərək güllələnən Murad Gəray bəy Tlexas idi.  Bakı şəhərinin general-qubernatoru olmuş  Tlexas  köhnə Araz kinotetraının binasında yaşayıb. Yəqin ki, bir gün Azərbaycan uğrunda canını fəda etmiş o yenilməz  generalın da adına bir xatirə lövhəsi, bir küçə əbədiləşəcək.

P.S. Məqaləni çərkəz əsilli Murad Gəray bəy Tlexasın  xatirəsinə həsr etmişəm. Bu gün onun güllələndiyi gündür. Məqalədə Azərbaycan Milli dövlət Arxivinin sənədlərindən və Şəmistan Nəzirlinin məqaləsindən də istifadə olunub. 

Aida Eyvazlı Göytürk.