Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın Azərbaycanla bağlı fikri nədir? — POLİTOLOQLAR GİZLİNLƏRİ AÇDI

Rusiyanın Azərbaycanla bağlı fikri nədir? — POLİTOLOQLAR GİZLİNLƏRİ AÇDI

CƏMİYYƏT

459

27.05.2026, 20:33

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov rəsmi Bakı ilə Moskva arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən çox mühüm bir bəyanatla çıxış edib. Səfir iyun ayında keçirilməsi planlaşdırılan Rusiya-Azərbaycan parlamentlərarası görüşünün təkcə paytaxt Bakıda deyil, həm də işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tuta biləcəyini açıqlayıb.

Mixail Yevdokimovun açıqlamasının mahiyyəti nədir?

Oxu24.com xəbər verir ki, Səfirin bu açıqlaması sıradan bir regional səfər xəbəri deyil, dərin siyasi və diplomatik izahı olan bir addımdır. Rusiya kimi qlobal bir gücün və ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətinin parlament nümayəndə heyətini Şuşaya göndərmək təşəbbüsü, Moskvanın Qarabağ məsələsinə baxışında nöqtəni qoyduğunu göstərir. Bu, Rusiyanın rəsmi səviyyədə Qarabağ üzərində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq, heç bir ikili standart olmadan qəbul etməsinin praktik təsdiqidir. Eyni zamanda, bu addım uzun illər Qarabağa səfər etməkdən imtina edən digər qərb dövlətlərinə və onların səfirliklərinə qarşı çox ciddi bir diplomatik demarşdır.

Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloqlar Turab Rzayev və Məhəmməd Əsədullazadə mühüm məqamlara toxunublar.

Politoloq Turab Rzayev: "Rusiya rəhbərliyində Azərbaycanın suverenliyi ilə bağlı şübhə qalmayıb"

Görüşün Şuşada keçirilməsi ideyasını yüksək qiymətləndirən politoloq Turab Rzayev bildirib ki, bu addım uzun illər Qarabağı görməzdən gələnlərə ciddi siqnaldır:

“Düşünürəm ki, bu çox gözəl ideyadır. Faktiki olaraq uzun müddətdir ki, Qarabağ ərazisi bilərək və ya bilməyərək bəzi dövlətlər tərəfindən diqqətdən kənarda saxlanılırdı. Azərbaycanın bu regionlara təşkil etdiyi səfərlər, o regionlarda olan fransızlar, görüşlər və s. bəzi ölkə səfirlərini qatılmağa imtina elətdirirdilər. Bəziləri ümumiyyətlə Qarabağa qatılmaqdan imtina edirdi”.

T. Rzayev vurğulayır ki, Rusiyanın indiki təklifi bu mənfi tendensiyanı tamamilə qırır və Moskvada artıq heç bir ikili yanaşma yoxdur:

“Amma indiki belə bir təklif varsa, xüsusilə Şuşada baş tuta bilərsə, bu çox yüksək qiymətləndirilməlidir. Rusiya dövlətində, rəhbərliyində Azərbaycanın ərazi bütövlüyü ilə, Qarabağ üzərində Azərbaycanın suverenliyi ilə bağlı hər hansı bir şübhə yerinin, hər hansı bir ikili düşüncənin qalmadığının ifadəsi olardı və bizim üçün çox müsbət bir hal olardı. Düşünürəm ki, uğurlu seçimdir, uğurlu versiyadır”.

Görüşün çox böyük tarixi və siyasi əhəmiyyəti olsa da, politoloq Turab Rzayev çıxışının davamında regional arenada, xüsusilə Ermənistandakı daxili siyasi proseslər və seçkilər fonunda yaranacaq həssas məqamlara toxunub:

“Amma digər tərəfdən, bu görüşün Ermənistanla seçkilər ərəfəsində keçirilməsi belə bir fikir ehtiva edə bilər ki, Rusiya həm də bu seçkilər dövründə hansısa şəkildə Ermənistana təzyiqi və Ermənistan daxilində Paşinyana müxalif qüvvələrin, revanşist qüvvələrin bir pas ötürə bilər. Onların Paşinyan hakimiyyətini tənqid etmək üçün əllərinə əlavə fürsət verilməsi kimi də başa düşülə bilər. Ona görə düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan dövləti düşünüb, diqqətli şəkildə qərar verəcək”.

Ekspert yekun olaraq qeyd edib ki, rəsmi Bakı bu prosesi öz milli maraqlarına tam uyğun şəkildə idarə edəcək və Azərbaycanın suverenliyi birmənalı təsdiqlənəcək:

“Və bu şəkildə həyata keçiriləcək ki, həm Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın Qarabağ üzərində suverenliyi Rusiya tərəfindən birmənalı şəkildə təsdiqi kimi görünsün, əlavə şübhə yeri qalmayacaq şəkildə həyata keçirilsin. Digər tərəfdən də bu məsələ Ermənistan daxili siyasətində də Azərbaycan mənafeləri ziddinə istifadə oluna bilməsin”.

Əİki əsr bizə qarşı istifadə olunan amil indi tamamilə dəyişir"

Mövzu ilə bağlı fikirlərini bölüşən digər ekspertimiz, politoloq Məhəmməd Əsədullazadə isə açıqlamasına xoş bir qeydlə başlayaraq məsələnin həm parlamentlərarası əlaqələrə təsirindən, həm də Rusiya siyasətindəki tarixi dönüşdən söz açdı:

“Azərbaycanla Rusiya arasında parlamentlərarası əlaqələr davam edir və parlament nümayəndələrinin Şuşada da görüş keçirilməsi iki ölkə arasında, parlamentlərarası münasibətlərin inkişafına mühüm təkan verəcək. Və bundan əlavə, işğaldan azad olunmuş ərazidə, xüsusilə Şuşada keçirilməsi bir daha Rusiyanın artıq bu məsələ ilə bağlı vahid mövqeyinin rəsmi şəkildə təsdiq olunmasıdır. Yəni, Rusiyada daima Qarabağ məsələsi gündəmə gətirilir, amma Şuşada artıq belə bir parlamentlərarasş nümayəndələrin iclasş keçirilərsə bir daha Rusiya bu məsələni gündəmə gətirməyəcək. Çünki əgər belə bir iclas Şuşada baş tutarsa, bu, Rusiyanın rəsmi mövqeyinə uyğun olacaq. Çünki rəsmi mövqe Qarabağın Azərbaycan ərazisi kimi tanınmasıdır”.

M. Əsədullazadə Rusiyanın bu addımla öz köhnə siyasətinə əsaslı şəkildə düzəliş etməli olduğunu vurğulayaraq çıxışını bu sözlərlə tamamlayıb:

“Bu Cənubi Qafqazda yeni bir siyasi proses kimi də dəyərləndirilə bilər. Çünki iki əsr Rusiya ermənilərin əli ilə məhz Qarabağdan Azərbaycana qarşı istifadə edib. İndi artıq Rusiya tərəfi də təsdiq edir ki, Qarabağ Azərbaycandır. Və Rusiyanın parlamentariləri də gəlməlidirlər, yaxından görməlidirlər bu məsələləri. 

Və onlar da Dumada, parlamentlərində, Azərbaycan əleyhinə, ümumiyyətlə Qarabağ məsələsi ilə də bağlı mövqeylərinə də tamamilə düzəliş etməlidirlər. Mən hesab edirəm ki, bu, çox uğurlu variantdır və keçirilməsi məqbuldur”.

Ekspertlərimizin şərhlərindən aydın görünür ki, Rusiya parlamentarilərinin Şuşaya planlaşdırılan səfəri sadəcə iki ölkə arasında növbəti bir görüş deyil. Bu, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın Moskva tərəfindən tam rəsmiləşdirilməsi və iki əsrlik siyasətin dəyişməsidir. Azərbaycan dövlətinin yürütdüyü ağıllı və həssas diplomatiya sayəsində bu addım həm ölkəmizin suverenliyini möhkəmləndirir, həm də regional təxribatların qarşısını alır.

Çimnaz Telmanqızı