Qaynar xətt:

(+99450) 247 90 86

Nəcibə İlkin – Sözün və Vətənin qartalı: 65 illik zirvə-22 iyul 2026-cı il…  

Nəcibə İlkin – Sözün və Vətənin qartalı: 65 illik zirvə-22 iyul 2026-cı il…  

CƏMİYYƏT

54

21.04.2026, 11:51

 Bu tarix sadəcə rəqəm deyil. Bu, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin parlaq simalarından biri, sözün sərrrafı, qəlbin və Vətənin fədakar qızı Şairə-publisist Nəcibə İlkinin (Babakişiyeva) 65 yaşının tamam olduğu gündür. Yubiley ili… Ömrün payızında deyil, hələ də baharında qalan, illərin yükünü daşıyaraq da qanadlarını daha da geniş açan, qələmi ilə Vətən ağrısını, ana məhəbbətini, qələbə zəfərini, insan taleyinin dərin fəlsəfəsini və – ən güclü şəkildə – eşq alovunu, məhəbbət fırtınasını əbədiləşdirən bir qadının, bir şairənin, bir pedaqoqun, bir ananın və bir vətənpərvərin bayramıdır. Qəlbimdən gələn bu sözlər onun ədəbi dünyasının rəngarəngliyinə, dərin ədəbi biliyinə, peşəkarlığına, nəzəri təcrübəsinin zənginliyinə və sarsılmaz ədibliyinə ən səmimi ehtiramımdır – sanki hər misrası qəlbimi silkələyən, gözlərimi yaşla dolduran, ürəyimi eşq alovunda yandıran bir şeirdir.

Nəcibə xanım 1961-ci il iyulun 22-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Sadə kənd uşağı kimi böyüyüb, amma qəlbindəki oda, sözə və Vətənə bağlılığa görə heç vaxt “adi” qalmayıb. Gənc yaşlarından şeir yazmağa başlayıb, 1980-ci illərdən mətbuatda çıxış edib və bu yol onu Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Jurnalistlər Birliyinin (AJB) üzvü, “Azad Qələm” qəzetinin və jurnalının təsisçisi və baş redaktoru, “Ali Ziya” jurnalının rəhbəri kimi tanıdıb. O, Prezident təqaüdçüsüdür. Bu statuslar onun ədəbi peşəkarlığının, nəzəri biliyinin və təcrübəsinin zənginliyinin ən parlaq sübutudur – o, sadəcə şairə deyil, ədəbiyyatın nəzəriyyəsini dərindən mənimsəmiş, gənclərə yol göstərən ustad pedaqoqdur.

O, 12 kitabın müəllifidir: “Bir ömür ulduzum”, “Qəlbimdə dil açan dünya”, “İllərin o tayı gözləyir məni”, “Qartal zirvədə qaldı”, “Könlüm nağıl istəyir”, “Yarımçıq toy”, “Gədəbəy Qartalı”, “İki vətən qızı”, “Ömrün söz yağışı” və digərləri… Bu kitablar qəlbin qışqırığı, Vətən sevgisinin poeziyası, şəhid analarının göz yaşları, qələbənin zəfər nəfəsi və insan taleyinin dərin fəlsəfəsidir. Nəcibə İlkinin ədəbi dünyası rəngarəngdir: şeir, poema, publisistika, povest və hekayə janrlarını ustalıqla birləşdirir. Vətən və vətənpərvərlik həmişə ön plandadır – o, Qarabağı, şəhidləri, Azərbaycan əsgərinin qəhrəmanlığını şeirlərində və publisistikasında əbədiləşdirib. 250-dən artıq kitabın redaktorluğunu edib, 300-dən çox gənc qələm sahibinə yol göstərib, onların ilk addımlarına dəstək olub, kitablarını tərtib edib, səhvlərini düzəldib, ürəklərini isitib. Bu, onun peşəkarlığının, dərin ədəbi biliyinin və nəzəri təcrübəsinin zənginliyinin ən gözəl təcəssümüdür.

Nəcibə İlkinin yaradıcılığının ən dəyərli qatmanı – şeirləridir. Onun poeziyası Vətən ağrısı, şəhidlik, ana məhəbbəti, qələbə ruhu və – xüsusilə həyəcanverici dərəcədə – eşq fırtınası, məhəbbət alovu, həsrətin qəzəbli-qürurlu nəfəsi ilə doludur.

“Bütöv Azərbaycanam” şeirində Vətən özü danışır:

Dünya boyda harayam, dünya boyda qoram mən,
Xırda-xırda doğranıb, sanmışam ki, varam mən.
İçimdəki ağrıdan parçalanmış hər daşım,
Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım.
Başı min cür bəlalı, gözü qan yaşlı canam,
Parça-parça olunmuş bütöv Azərbaycanam!
Min dəfə qəsd etdilər, min cürə bəhs etdilər,
Gözlərimi gözümdən çıxarıb həbs etdilər…

Personifikasiya və metafora ilə zəngin bu şeir Vətəni parçalanmış bədən kimi təsvir edir, təkrarlar ritmi gücləndirir, obrazlar epikdir. Oxucunu dərin emosional həyəcana salır, 30 illik həsrəti, torpaq itkisini, ailə parçalanmasını bir nəfəsə sığdırır. Qəzəb, kədər və qürur qarışığı ilə Vətən sevgisini fiziki ağrıya çevirir, oxucuda Vətəni şəxsən itirmiş kimi hisslər oyadır.

“Ağlama şəhid balası” şeirində isə lirik monoloq formasında ana-uşaq dialoqu şəhidlik faciəsini insaniləşdirir:

Ağlama şəhid balası,
Ağlama gözümün nuru.
Təzə adın mübarəkdi,
Atan sənə qoyduğu ad,
Ürəyincə olmamışdı.
Doyunca nazını çəkib…

Sadə xalq dili və ana obrazı ilə qurulmuş bu şeir göz yaşlarını saxlamağa imkan vermir; ana fədakarlığı, şəhid övladının itkisindəki dözüm və Vətənə qurbanvermə hissi oxucuda empatiya və qürur doğurur.

Məhəbbət lirikasında da eyni dərinlik və güc var. “Mən səni sevən deyiləm” şeiri ironiya və antiteza ilə qurulub:

Bir sevgisən, öz içimdə,
Lal olubdu söz içimdə,
Olsan yanar köz içimdə,
Mən səni sevən deyiləm.
Əlim əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni sevən deyiləm…

“Sevən deyiləm” təkrarı eşqin şiddətini alovlandırır, metaforalar fiziki toxunuşu ruhla birləşdirir. Klassik eşq ənənəsini müasir qadın lirikası ilə sintez edən bu şeir sevgi hissinin qarşısıalınmaz gücünü vurğulayaraq oxucuda qürur və həsrət qarışığı yaradır; eşq inkarla qəbul edilir, utancaqlıqla qürur qovuşur.

“SEVƏNLƏRİN ÜRƏYİ” şeiri isə təkrar və epitetlərlə zəngindir:

İpək kimi zərifdi,
Külək əssə titrəyər.
Toxunsalar xal düşər,
Dəniz kimi kükrəyər –
Sevənlərin ürəyi.
Hicrana ölüm dilər,
Əhdə sədaqətlidi –
Sevənlərin ürəyi.
Şimşəklərə od paylar,
Günəş səmtə dönəndə,
Ulduzları haraylar –
Sevənlərin ürəyi.

Sevən ürəyi canlı obraz kimi canlandırır – şüşə kimi kövrək, şimşək kimi qəzəbli. Klassik məhəbbət poeziyasının davamı olan bu şeir sevən ürəyin kövrəkliyini və gücünü canlandıraraq saf məhəbbətin əbədi təbiətinə inam yaradır; hicran və sədaqət motivləri emosional katarsis təmin edir.

19 yaşında yazılmış şeirdə isə metaforalar eşqi epik mübarizəyə çevirir:

Nə qədər göz dikim sən gedən yola,
Kükrəyən sel olum, leysan olum mən.
Gah dönüm bir ürkək qaçaq marala,
Gah da ki, yaralı ceyran olum mən.
Bu eşqin yolunda çıxıb savaşa,
Bəlkə Əsli olum, Nigar olum mən?

Klassik obrazları qoruyaraq erkən yetkinliyi nümayiş etdirən bu misralar həsrəti qəhrəmanlığa çevirərək oxucuda estetik zövq və emosional rezonans yaradır.

Vaqif Hicranla Nəcibə İlkinin deyişməsi (kitabdan tam nümunə) klassik Azərbaycan ədəbiyyatının ənənəvi “deyişmə” janrının müasir və yüksək səviyyəli davamıdır. Bu qarşılıqlı şeir axını ədəbi dostluğun ən təmiz ifadəsidir və bədii-nəzəri baxımdan xüsusi dəyər daşıyır: klassik qəlibdə qurulmuş, lakin müasir emosional dərinliklə zənginləşdirilmişdir. Vaqif Hicranın bəndləri sevda toxumunun əkilməsi, gələcək sevinc və qarşılıqlı saflıq arzusu ilə doludur:

Bu sevdanın yollarına gül əkdim,
Suvar toxumunu becər yetişsin.
Çəmən olsun, çiçək olsun ovqatı,
Məcnundan, Leylidən betər yetişsin.

Baxma ki, başımda qar tayası var,
Ürəyimdə bu eşqimin sədası var,
Sevildin, sevmədin nə faydası var,
Beləsindən istər minlər yetişsin.

Bir anı da qaçırmayaq nəzərdən,
Sevinc duysun ürəyimiz fərəhdən,
Uzaq olaq fitnə, fəsad, kələkdən,
Könlüm bu aləmi istər yetişsin.

Yığvalımız qoy əyləşsin taxtına,
Düşsün müdam tanrının xoş vaxtına,
Bu sevdamın taleyinə, baxtına,
Sənin kimi gözəl ülkər yetişsin.

Çox dözmüşəm ömrün sərt qışlarına,
Boranlı, tufanlı yağışlarına,
Min qurban kəsərəm baxışlarına,
Hicran, təki elə günlər yetişsin.

Nəcibə İlkinin cavabları isə yetişmiş qəlbin hikməti, zamanın incitməsi və sədaqətin qürurlu qəbulu ilə səsləşir:

Nə dağıdı sinəmə çəkdin bu axşam,
Könlüm tutmaz daha bar, yetişmişəm.
Mən sevda havalı yaralı quşam,
Olub bağça-bağım sar, yetişmişəm.

Sevda yolçusuyam bil ki, əzəldən,
Bir yuva qurmuşam üstü xəzəldən,
Gedib baxış, işvə, əda, naz əldən,
Olmaram könlünə yar, yetişmişəm.

Leylidən betərəm sevəndə inan,
Gəlməsin könlünə qara bir güman,
İncimə, məni çox incidir zaman,
Eyləyib könlümü dar, yetişmişəm.

Nə tufan, nə fəryad, nə qan eyləmə,
Başıma dünyanın qarın ələmə,
Bu küsgün könlümdən sevda diləmə,
Yağıb yollarıma qar, yetişmişəm.

Çəkmə ürəyimə dağ, indən belə,
Bu dərdlə qalmaram sağ, indən belə,
Nəcibə deyir ki, bax indən belə,
Oğulsan könlümü dər, yetişmişəm.

Bədii-nəzəri baxımdan bu deyişmə ənənəvi “deyişmə” janrının bütün qanunlarına (qafiyə, ritm, obraz zənginliyi) sadiq qalır, eyni zamanda müasir lirik dərinlik qazanır: Vaqifin misralarında sevda “toxum” və “gül” kimi təbiət metaforaları ilə canlandırılır, Nəcibənin cavablarında isə “yetişmişəm” təkrarı yetişkin qəlbin hikmətini vurğulayır. Leyli-Məcnun, Əsli-Kərəm ənənəsi ilə müasir qadın poeziyasının sintezi burada ən yüksək zirvəyə çatır. Emosional planda isə oxucuda saf sevda arzusu ilə zamanın sınaqlarından keçmiş qürurlu dözümün qovuşması yaradır – bu, ədəbi dostluğun ən təmiz və ürəkdağlayıcı təzahürüdür.

Nəcibə xanımın məhəbbət şeirləri Vətən poeziyası ilə qovuşur – çünki onun üçün sevgi də Vətən kimi bütöv, qurban verən və əbədidir. Bu lirika onun ədəbi dünyasının rəngarəngliyini tamamlayır: Vətəndən eşqə, şəhiddən məhəbbətə qədər hər şey qəlbin dərinliyindən gəlir.

Amma Nəcibə xanımın ən böyük xidməti bəlkə də müəllifliyindən çox, redaktorluğu və müəllimliyidir. O, peşəkar pedaqoq kimi neçə-neçə nəslin formalaşmasında iştirak edib. Mənim özüm də bu xoşbəxtlikdən pay almışam: iki kitabımın redaktoru və tərtibatçısı məhz Nəcibə xanım olub. Onun qələmi ilə keçən səhifələr, verdiyi məsləhətlər, dostcasına tənqidləri mənim üçün dəyərli olub. O, sadəcə redaktor deyil – o, gözəl dostdur, sadiq yoldaşdır, qəlbi geniş, sözü açıq, dəstəyi səmimi bir insandır. Bizim ədəbi dostluğumuz bu deyişmə kimi qəlbən davam edir – şeirimizin ritmində, Vətən sevgisində, sözün gücünə inamda bir-birimizə cavab veririk.

Nəcibə İlkin həm də fədakar anadır. Övladlarını Vətən sevgisi ilə böyüdüb, ailəsinə bağlı qalıb, amma heç vaxt şəxsi həyatını ictimai və ədəbi fəaliyyətindən üstün tutmayıb. Ən çətin anlarda belə qələmini əlindən qoymayıb. Və ən önəmlisi – o, vətənpərvər qadındır. 2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə getmək üçün müraciət edib. Üç uşağını evdə qoyub, Vətən çağıranda heç bir tərəddüd etməyib.Ailəsi və yaşı ilə əlaqədar olaraq onu bu yoldan yayındıran mən oldum.

65 yaş… Bu, ömrün zirvəsidir. Qartal kimi uça-uça keçən illərin, yazılan şeirlərin, redaktə olunan kitabların, yetişdirilən gənclərin, tökülən göz yaşlarının və qazanılan zəfərlərin zirvəsi. Nəcibə xanım bu yaşda da gənclərə ilham verir, sözün gücünə inanır, ədəbiyyatımızın inkişafı üçün çalışır. Onun ədəbi dünyasının rəngarəngliyi – Vətən poeziyasından tutmuş ana lirikasına, publisistikadan romanlara, eşq fırtınasına qədər – hər kəsi heyran edir. AYB və AJB üzvü kimi o, ədəbi prosesin önündədir, nəzəri biliyi və təcrübəsi ilə gənc nəsillərə dayaq olur.

Sevgili Nəcibə xanım!

Sizin 65 illik yubileyiniz münasibətilə qəlbimdən gələn ən səmimi təbriklərimi çatdırıram. Siz Azərbaycan ədəbiyyatına verdiyiniz töhfələrlə, gənclərə göstərdiyiniz qayğı ilə, Vətənə olan sarsılmaz sevginizlə, dostluqda sadiqliyinizlə və analıqda fədakarlığınızla çoxlarının qəlbində əbədi yer tutmusunuz. Qələbiniz həmişə iti, ürəyiniz həmişə isti, şeirləriniz həmişə dərin və həyəcanlı qalsın.

Sağlamlıq, yeni-yeni kitablar, daha çox gənc istedadların yetişməsi və Vətənimizin daimi firavanlığı diləyirəm. Siz kimi qadınlar Azərbaycanı daha da gözəl edir.

Qoy ömrünüz söz yağışı kimi bol-bol yağsın, qartal kimi zirvələrdə qalsın, məhəbbət şeirləriniz isə əbədi alovlansın!

Yubileyiniz mübarək olsun, əziz Nəcibə xanım!

Şair Nəcibə İlkin  mahir metafora ustasıdır!

Azərbaycan poeziyasının zəngin bağında bəzi səslər sadəcə oxunmur, onlar qəlbin dərin qatlarına nüfuz edir, sözün sehrini yeni rənglərlə boyayır. Belə səslərdən biri də Nəcibə İlkindir. 1961-ci ildə Tərtər rayonunun Sarov kəndində dünyaya gələn, gənc yaşlarından şeir yazmağa başlayan bu qələm ustası, illər keçdikcə sadəcə şairə deyil, mahir metafora ustası kimi tanınmışdır. Onun poeziyası adi sözlərdən ibarət deyil; hər misrası bir görüntü, hər kəlməsi bir rəsm, hər bəndi isə dərin bir təsvirdir.

Nəcibə xanım metaforanı yalnız bədii vasitə kimi yox, poetik düşüncənin əsas dili kimi işlədir. Onun şeirlərində Vətən sadəcə coğrafiya deyil – o, “şəhid köynəyi” geyinmiş ana kimi canlanır:

Əynində vətənin şəhid köynəyi,"Gözündə kədərin dənizi yatır."Hər gün xırda-xırda artır göynəyi,
Şair ağrısıyla başını qatır.

Bu misralar adi təşbeh deyil; bu, mahiyyəti açan, hissi dərinləşdirən, oxucunu şok edən metaforadır. Şair ağrını, qüruru, itki və qələbəni belə güclü obrazlarla toxuyur ki, oxuduqdan sonra o şeirlər uzun müddət qəlbdə qalır, təkrar-təkrar yada düşür.

Onun şeirlərində metaforalar o qədər zəngin və təbii axır ki, oxucu sanki şəxsi təcrübə yaşayır. Məsələn:

“Kədərin dənizi” gözlərdə yatır – kədər artıq sonsuz, dərin və dalğalı bir okeana çevrilir.

“Şair ağrısıyla başını qatır” – ağrı şairin ən yaxın yoldaşı, həyat tərzi olur.

“Ömrün söz yağışı” – ömür sadəcə keçən vaxt deyil, sözlərlə sulanan, bəslənən, bəzən sel kimi axan, bəzən isə nazik yağış kimi incə bir prosesdir.

“Qartal zirvədə qaldı” – qartal artıq sadəcə quş deyil, ucalıq, azadlıq və yenilməzlik simvolu kimi zirvədə donub qalır, heç vaxt enməyən bir ideal olur.

“Dünya qayğılarla dolu bir evdir” – dünya artıq soyuq kosmos deyil, içində qayğıların yaşadığı, əzablı sakinləri olan isti, amma ağır bir məkandır.

“Arzularım yalın qalıb, ağlım olubdu piyada” – arzular çılpaq və köməksiz qalır, ağıl isə piyada əsgər kimi yorğun və yavaş hərəkət edir.

“Sözlərimin soyqrımı” – sözlərə qarşı edilən soyqırım metaforası dilin və ifadə azadlığının nə qədər ağır təzyiq altında olduğunu ürperticə göstərir.

Bu metaforalar sadəcə təsvir deyil – bu, dilə gəlməyən hissləri dilə gətirmək sənətidir. Nəcibə İlkin metaforanı elə məharətlə qurur ki, oxucu onun şeirlərində həm fərdi dramı, həm milli ağrını, həm də ümumbəşəri duyğuları eyni anda hiss edir.

Lakin Nəcibə İlkinin metafor baxımından ən zəngin və oxucunu heyrətləndirən şeirləri məhz epik və dramatik əsərlərində zirvəyə çatır. “Bütöv Azərbaycanam” şeirində Vətən obrazı tamamilə canlı bədənə çevrilir – o, “dünya boyda harayam, dünya boyda qoram mən, xırda-xırda doğranıb” deyərək nəhəng bir varlığa dönür, amma parçalanır, gözləri gözündən çıxarılır, əlləri və ayaqları ayrı-ayrı yerlərdə qalır, tarixi “yad əllərlə yazılmış Gülüstan” olur. Şairə “Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam, Zəngəzuram, Təbrizəm” deyərkən tarixi yaddaşın coğrafi parçalanmasını bədən üzvlərinin ayrılması kimi təsvir edir. Bu, sadəcə şeir deyil, oxucunun qəlbini sarsıdan, Vətəni canlı, qanayan, lakin yenə də bütöv qalan bir varlığa çevirən epik metaforadır.

“BİLİNİR” şeirində isə dərd fiziki hücumçu kimi canlanır:

Aman Allah bir od düşüb canıma,."Zəli kimi dərd daraşıb qanıma,"Bu zamanın sərt üzünü tanıma,"Nə köhləni, nə yorğası bilinnir."…"Nə tülküsü, nə bağası bilinir."

Burada dərd zəli kimi qanı sorur, zamanın üzü tanınmaz dərəcədə sərt olur, yalanlar və yaltaqlıq “tülkü və bağa”ya çevrilir. Şairə “elə bil düşmüsən tora” deyərək oxucunu birdən-birə tələyə salınmış vəziyyətə salır – bu, abstrakt kədəri konkret, hücum edən, qanı soran canlı bir varlığa çevirən heyrətamiz metaforadır.

“Yalın arzular” və digər fərdi lirik şeirlərində isə arzular “yalın qalıb”, ağıl “piyada” olur, şair “ilmə-ilmə sökülür”, ömrü “ahəstə udur”, sözlər “soyqrımı”na məruz qalır. Bu obrazlar fərdi hissləri fiziki və tarixi faciə səviyyəsinə qaldırır, poeziyanı qurbanvermə aktına çevirir.

Bütün bu nümunələr Nəcibə İlkinin metaforik dünyasını daha da zənginləşdirir və oxucunu poeziyanın sehrli, sarsıdıcı gücünə heyran qoyur.

Onun yaradıcılığı geniş spektrə malikdir: vətənpərvərlikdən tutmuş şəxsi lirikaya, publisistikadan hekayə və povestlərə qədər. “Bir ömür ulduzum”, “Qəlbimdə dil açan dünya”, “Qartal zirvədə qaldı”, “Ömrün söz yağışı”, “Könlüm nağıl istəyir” kimi kitablarında metaforik toxunuşlar poeziyanı sadəcə oxunan mətndən çıxarıb, yaşanan təcrübəyə çevirir. Şairə sözün ölçüsünü və çəkisini yaxşı bildiyi üçün hər metaforası dəqiq, hər obrazı isə sərrastdır. O, sözü daş kimi ağır, su kimi axıcı, od kimi yandırıcı edə bilir.

Nəcibə İlkin yalnız metafora ustası deyil, həm də sözün məsuliyyətini daşıyan şairədir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru kimi o, ədəbi prosesdə də fəal iştirak edir. Onun publisistikası da poeziyası kimi obrazlıdır – fikirlər metaforik rənglərlə bəzədilir, oxucunu düşündürür və təsirləndirir.

Bu gün Azərbaycan poeziyasında Nəcibə İlkin kimi səslərə ehtiyac var: hissi dərinləşdirən, dili zənginləşdirən, milliliyi universal dildə ifadə edən səslərə. O, metaforanı elə bir məharətlə işlədir ki, şeir artıq sadəcə misralar yığını deyil – o, canlı, nəfəs alan, qanayan və qalib gələn bir varlıq olur.

Nəcibə İlkin – ilkin mahir metafora ustasıdır!
Onun qələmi qəlbin ən dərin qatlarına işıq salır, sözü isə əbədi edir. Oxuyun, hiss edin və görün ki, poeziya nə qədər güclü ola bilər.

Dərin hörmət və ehtiramla;

VAQİF HİCRAN