Qaynar xətt:

(+99450) 247 90 86

Xocalını taleyin ümidinə kimlər buraxdı? —Qırğından əvvəlki SON SİRLƏR

Xocalını taleyin ümidinə kimlər buraxdı? —Qırğından əvvəlki SON SİRLƏR

CƏMİYYƏT

65

26.02.2026, 14:05

Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı həm hərbi-strateji, həm də siyasi baxımdan dərin təhlil olunmalı hadisədir. Bu faciə sadəcə bir şəhərin işğalı deyil, bütöv bir xalqa qarşı yönəlmiş sistemli etnik təmizləmə siyasətinin ən vəhşi təzahürü idi. Bəs Xocalını xilas etmək mümkün idimi? O dövrün daxili çəkişmələri və informasiya blokadası hadisələrin gedişatına necə təsir etdi?

Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi, "Zəfər tarixi" dərsliyinin həmmüəllifi Pərviz Ağalarov Oxu24.com-a müsahibəsində Xocalı faciəsinin pərdəarxası məqamlarına, strateji əhəmiyyətinə və tarixdən çıxarmalı olduğumuz dərslərə işıq salır:

“Xocalı soyqırımı, o dövrkü Ermənistan rəhbərliyi, həmçinin, onların Qarabağdakı emissarları tərəfindən Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə törədilən ümümbəşəri cinayət və qanlı terror  aktıdır. Məqsəd xalqımızın gözünü qorxutmaq və Qarabağda etnik təmizləmə siyasəti aparmaq idi. Dinc əhaliyə qarşı xüsusi amansızlıqla, insanlığa sığmayan vəhşi üsullarla həyata keçirilən bu cinayət təəssüf ki, dünya ictimaiyyəti tərəfindən  hələ də tam olaraq öz hüquqi qiymətini almayıb. Bəs bu faciənin qarşısını almaq, əhalini qırğınlardan qorumaq mümkün idimi?  Təəssüf ki, o dövrdə Respublikamızda baş verən ictimai-siyasi proseslər, hakimiyyət qovğaları buna imkan vermədi. Xocalı ərazisi strateji baxımdan çox əlverişli yerləşimə malikdir.  Bir tərəfi Şuşa, digər tərəfi Xankəndi, digər tərəfi isə Əsgəran olan bu ərazi kommunikasiya qovşağına çevrilmişdi. Xocalının strateji əhəmiyyətini artıran amillərdən biri də, Qarabağda yerləşən yeganə aeroportun burada olması idi. 

1988-ci ildə münaqişə başlayanda Xocalıya diqqət artırıldı. Kiçik qəsəbə olan Xocalı sürətlə böyüməyə başlamışdı. Yeni tikililər inşa olunur, əhalinin sayı artırdı. Lakin ard-arda baş verən taleyüklü siyasi hadisələr—Azərbaycanın öz müstəqilliyini elan etməsi, 20 noyabr Qarakənd faciəsi, SSRİ-nin dağılması və s. Qarabağda, o cümlədən Xocalıda vəziyyəti olduqca gərginləşdirdi. Bunun üzərinə 71 illik sovet hakimiyyəti dövründə tariximizin saxtalaşdırılması, xalqımızın başına gətirilən faciələrin ört-basdır edilməsi, əvəzində birtərəfli qaydada “xalqlar dostluğunun” təbliğ edilməsi də dəhşətli soyqırımın baş vermə səbəbləri daha da aydınlaşır: biz düşmənimizi tanımırdıq, onun hansı vəhşiliklərə əl ata biləcəyini ağlımıza gətirmirdik. Halbuki tariximiz belə dərslərlə zəngindir. Yalnız müstəqillik illərində erməni terror təşkilatlarının, S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin  XX əsrin əvvəllərində xalqımızın başına hansı fəlakətlər gətirmələri ilə tanış ola bildik. Düşmənin düzgün qiymətləndirilməməsi, hakimiyyət uğrunda gedən mübarizə, milli konsensusun yaradılmaması da Xocalı soyqırımına aparan yolun əsas nüanslarından olmuşdur”.

Tarixçinin sözlərinə görə, Xocalı 1991-ci ilin dekabrından faktiki olaraq mühasirə vəziyyətinə düşmüşdü:

“1992-ci ilin yanvarın sonlarına yaxın təşkil edilən "Daşaltı əməliyyatı"nın uğursuzluğa düçar olmasından sonra Xocalıda vəziyyət daha da ağırlaşdı. Bu əməliyyat Şuşanı da mühasirədən çıxarmağa, Xocalı ilə əlaqələtin bərpasına hesablanmışdı. Uğursuzluq Xocalının taleyin ümidinə buraxılması anlamına da gəldi. Oraya zəruri ərzaq mallarının və yüklərin çatdırılması yalnız hava yolu ilə mümkün idi. Lakin erməni separatçıları  tərəfindən helikopterlərin Qarabağ səmasında ard-arda vurulması bunu da mümkünsüz etdi. 1992-ci ilin fevralında Xocalı hər tərəfdən mühasirə edilmiş, çənbərə alınmışdı. Başda Ayaz Mütəllibov olmaqla Azərbaycan rəhbərliyi fevralın 17-də törədilən Qaradağlı faciəsindən də bir nəticə çıxarmadı. Əslində, xalqımıza qarşı həyata keçirilən bu dəhşətli faciəni Xocalı soyqırımının "baş məşqi"də adlandırmaq mümkündür. Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, cəzasızlıq mühiti erməni terrorçularını daha da "iştahlandırırdı". Nəticədə miqyasına görə Qaradağlı soyqırımından daha da dəhşətli olan Xocalı vəhşəti, fəlakəti baş verdi. Terrorçular qadın, uşaq, qoca demədən dinc Xocalı sakinlərini, mülki əhalini  ən vəhşi üsullarla qətlə yetirdilər.

Təəssüf ki, baş vermiş dəhşətli cinayət haqqında beynəlxalq təşkilatlar vaxtında məlumatlandırılmadı. Hadisə bir müddət xalqdan da gizlədildi. Bu, Ayaz Mütəllibov hakimiyyətinin ən böyük cinayəti hesab olunmalıdır. Hadisələrə o vaxtki Ali Sovet, Milli Şura düzgün siyasi qiymət verə bilmədi. İnformasiya blokadası, beynəlxalq təşkilatların ermənipərəst mövqeyini də bunun üzərinə gəldikdə proseslərin tam mənzərəsini təsəvvür etmək mümkün olur.

2008-ci ildən etibarən Heydər Əliyev fondunun təşəbbüsü və Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" şüarı altında geniş miqyaslı işlər görülməyə başlanıldı.

Beynəlxalq miqyasda aparılan təbliğat isə nəticəsiz qalmadı. 2017-ci ilin statistikasına baxsaq, görərik ki,  dünyanın 10-dan artıq ölkəsi və ABŞ-nin 20 ştatı Xocalı faciəsini rəsmən soyqırım kimi tanımışdır”.

Pərviz Ağalarovun vurğuladığı kimi, Xocalı faciəsi həm də bizə düşməni tanımaq və milli birliyin nə qədər həyati əhəmiyyət kəsb etdiyini öyrədən acı bir dərsdir. Bu gün Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində bu cinayət dünya səviyyəsində hüquqi və siyasi qiymətini almaqdadır.

Tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi həm də bu faciələrin bir daha təkrarlanmaması üçün ən böyük sipərdir. Şəhidlərimizin ruhu qarşısında borcumuz isə sadəcə xatırlamaq deyil, həm də bu həqiqətləri beynəlxalq müstəvidə sonadək müdafiə etməkdir.

Çimnaz Telmanqızı