Qaynar xətt:

(+99450) 247 90 86

"8 gün əsirlikdən sonra həmin qadını Allahverdi Bağırov xilas etdi " - Keçmiş döyüşçünün Xocalı XATİRƏLƏRİ  

\"8 gün əsirlikdən sonra həmin qadını Allahverdi Bağırov xilas etdi \" - Keçmiş döyüşçünün  Xocalı XATİRƏLƏRİ  

CƏMİYYƏT

194

26.02.2026, 12:27

Birinci Qarabağ müharibəsi iştirakçısı,"Qarabağ şahinləri" batalyonunun döyüşçüsü, Qarabağ əlili Şöhrət Qarayev  34 il əvvəlin bu gününü Oxu24.com-la birgə xatırlayıb.

 Şöhrət bəy əvvəl özünüz haqqında oxucularımıza bir məlumat verin, sonra söhbətimizə başlayaq.

-Mən 1972-ci ildə Ağdam rayonu Baş Qərvənd kəndində anadan olmuşam.Orda orta məktəbi bitirmişəm.Oradan əsgərliyə getmişəm və gələndə artıq  Qarabağda baş verən faciələrə sakit seyrici qala bilmədim. Qarabağda   "Ala Yaqub" ləqəbi ilə  tanınan Yaqub Rzayevin yeni yaradılmış batalyonuna  könüllü olaraq yazıldım. Yazıldığım gündən də döyüşün ən qızğın olan nöqtələrində iştirak etdim. Ümumiyyətlə, o vaxt bizim kəndimizdə əli silah tuta bilən hər kəs, özünümüdafiə dəstələrində, sonradan yaranan batalyonların tərkibində döyüşlərdə  qəhrəmanlıqla döyüşürdü. Mən də  bir qarabağlı olaraq əlimi-qolumu sallayaraq oturmağı özümə sığışdıra bilməzdim.  Bu arada qardaşlarım Şahin və Asəf  Qarabağ ərazisində, Adil isə  Gəncə özünümüdafiə batalyonunda  döyüşlərdəydi. 1992-ci ildə Ağdərədə "Arabo" nun məhv edilməsində Adilin də əməyi var. 4 qardaş dördümüz də döyüşlərdəydik.

-Xocalının harayı hələ  müharibənin ilk günlərindən  başlamışdı. Amma  o vaxtkı hakimiyyət o harayı ya eşitmirdi, ya özünü karlığa vururdu. 

- Bəli... Həmin dövrdə  Qarabağda ən güclü  özünümüdafiə dəstələri Ağdama məxsus idi.Həm ağdamlıardan ibarət idi, həm də digər rayonlardan gələn igidlər də ən çox bu batalyonlarda döyüşməyə üstünlük verirdi.Odur ki, Qarabağ camaatı güclü düşmənə qarşı hakimiyyətin yox, məhz   könüllü dəstələrin, sonra isə  batalyonların  hesabına  dirəniş göstərirdi. Mən öz batalyonumuzun fəaliyyətindən danışım. Deməli, Yaqub Rzayevin batalyonu nəinki tək xocalılarıları eyni zamanda digər  azərbaycanlılar yaşayan kəndlərin də müdafiəsinə yaxından kömək edirdi.Hələ 1992-ci ilin fevralına qədər batalyonumuz ermənilərin kompakt yaşadığı, “saqqallı” quldurların  yuvasına çevrilmiş Əsgəran qəsəbəsinə, Xramort, Naxçıvanik, Pircamal, Aranzəmin, Dəhraz və Fərrux kəndlərinə dəfələrlə hücum etmişik, onları məhv etmişik. Kəndlərin bir çoxunu ermənilərdən tamamilə təmizləmişik. Sonradan  sehirli bir əl  yenidən erməniləri o yerlərə  qaytarılmasına şərait yaratdı.  

-Həmin  dövrlərdə sizin batalyonunun döyüşçüləri haqqında əfsanələr dolaşırdı.

- Döyüş yoldaşlarımın  qəhrəmanlığı haqqında  günlərlə danışaram.Yəqin ki, xatırlayırsınız,12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndindəki kilsədə çəhid olan döyüşçü oğulların qəhrəmanlığı artıq dillər əzbəri olub. Vilayət Cəfərov (Beyləqan rayonu), Etibar Babayev (Bakı şəhəri, Xətai rayonu), Nüşirəvan Məhərrəmov (Bərdə rayonu), Yusif İsmayılov (Bakı şəhəri, Yasamal rayonu), Əli Məmmədov (Beyləqan rayonu), Elman Rəhmanlı (Bakı şəhəri) o kilsədə  postda olmuşdular. Ermənilərin qəfil hücumuna qarşı əsl döyüşçü kimi sonuna qədər döyüşmüş, axırda ələ keçməmək üçün özlərini güllələmişdilər. Ordan sağ qalan və ermənilərin əsir aldığı yeganə döyüşçü  Natiq Qasımov hazırda Azərbaycanın Milli Qəhrəmanıdır.  

-Nədən danışsaq da söhbət yenə də əsrin faciəsinə- Xocalı soyqırımına  gəlib çıxır...Həmin günlər batalyonunuzda nələr oldu? 

-Hələ 23-24 fevraldan başlayaraq rabitəçi qızların  səsi   ardıcıl olaraq kömək istəyirdi.Deyirdilər ki, Xocalıda insanlar köməksiz vəziyyətdədirlər,  mühasirə halqası hər gün daralır. Rabitəçilərin arasında bir  gənc xanım səsi vardı, onun səsi o qədər  yanıqlı, kədər dolu idi ki, indi də xatırlayanda  ürəyim ağrıyır. Sonradan bildim ki, bu xanım Xocalını tərk etməyə imkanı- vaxtı olmadığı  üçün düşmənə əsir düşüb.8 gün əsirlikdə qalıb və Milli Qəhrəman Allahverdi Bağırovun  birbaşa müdaxiləsi ilə əsirlikdən  qurtulub. Adı da Dürdanə Ağayeva olub.

Bu çağırışlar  əlbəttə ki, başda komandirimiz Yaqub Rzayev olmaqla hər birimizi dərindən narahat edirdi. Bizim alayın döyüş  təcrübəsi vardı. Yarandığı 2 ildə   Ağdam şəhərinin qorunması ilə bərabər ermənilərin məskunlaşdıqları böyük əraziləri  azad edilməsində xüsusi bacarıq və rəşadət göstərmişdilər.Komandanlıq təcili  Xocalı üçün döyüş planı hazırladı.Plana əsasən  25 fevralda gecə kəşfiyyatı üçün seçmə  döyüşçülər  toplandı.Birbaşa komandirin tapşırığı ilə bu  gecə kəşfiyyatı dəstəsinə  mən də  əlavə olundum. Günorta saatlarından sonra hücum üçün hazırlıqlar başladı. Xanabad – Əsgəran istiqamətində hücuma keçib düşmən postlarını ələ keçirtmək, həmin istiqamətdə  irəliləyəcək düşmən qoşunlarına mane olmaq və Əsgəranı düşməndən azad edib Xocalıya yol açmalıydıq. Həm bu yolda ordumuz irəlilməliydi, həm də Xocalılılar təhlükəsiz o yoldan keçib Ağdama gəlməliydi. Beləliklə , tapşırıq bizə aydın oldu.  Gecə bizim dəstə yəni, 10 nəfər bizim batalyondan, 10 nəfər də OMON-çular, ümumilikdə 20 nəfərlik  qrup  yola düşdük.

-Bəs 2-ci qrup necə oldu?

- Digər dəstə isə Qaraqaya istiqamətində əməliyyat aparmalıydı.

-Nəhayət gecə saatlarında hərbi avtomobildə  plan üzrə yola düşdük. Gündüz kəşfiyyatı bildirmişdi ki, ərazidə mina yoxdu, gedəcəyimiz yol  təmizlənib. Amma gözləmədiyimiz hal baş verdi. Həmin ərazi  tamamilə minalanmışdı və bizi aparan maşın “tankovoy” deyilən minaya düşdü. Dəhşətli partlayış  nəticəsində ölən və yaralananları bizimkilər  gəlib toplayıb aparmışdılar. Amma  partlayışın dalğası məni ağacın üzərinə atmışdı,  huşumu da itirmişdim deyə məni görməmişdilər. Bəlkə də orada ölü kimisəssiz olmuşdum deyə məni görməmişdilər. Səhərə yaxın, saat 5 radələrində nəhayət arxamca yenidən əraziyə gələn silahdaşlarım məni  tapıb oradan götürmüşdülər. Çünki bir neçə saatdan sonra özümə gəlib  gözlərimi açmışdım və ağrıdan ancaq astaca zarımağa gücüm yetirdi. İniltimi eşitmişdilər...

-Ermənilərə qarşı  hücum planı tamamilə ləğv olundu?

-Təbii ki, yox! Yaralıların vəziyyəti çox pis idi. Komandirimiz dərhal arxamızca  Ağdam Mərkəzi xəstəxanasına  bizi  ziyarətə gəldi və elə orda ağladı. Dedi ki, xəyanətkarlar  bizim əməliyyatı  pozdular, bu o deməkdir ki, xocalılıları qıracaqlar. İlk dəfə idi ki, komandirim Ala Yaqubu elə ümidsiz və kədərli görürdüm. 

Buna baxmayaraq 26 fevral batalyonumuz  Xocalı istiqamətində döyüşə girdi. Əsgəran istiqamətində mühasirədən çıxmağa çalışan Xocalı əhalisinə birinci olaraq köməyə gedənlər elə “Qarabağ şahinləri” olub. 

- Dəfələrlə Xocalının icra başçısı olmuş  Elman Məmmədov çıxışlarında bildirmişdi ki,  Xocalıdan bircə nəfər də sağ çıxmaması üçün ermənilər and içmişdilər 

 Xocalıdan salamat çıxıb qaçanları  təqib edən və vəhşicəsinə öldürməyi planlayan  erməni silahlıları  Qara Qaya istiqamətində layiqincə cavablarını aldılar, məhv edildilər. Dəfələrlə televiziyadan da eşitdim mediadan da oxudum ki, xocalılılar  deyir ki,  Ağdam könüllüləri bizə köməyə gəldilər, bizi Şellidən Ağdama apardılar. Bəli, bax, o  ağır döyüşdə Yaqub Rzayevin- komandirimizin igid oğlu Canpolad şəhid oldu. 

Sonra yaralarımızın ağır olduğunu görüb  bizi  Bakıya müalicəyə göndərdilər. Xocalı  soyqırımı məlumatlarını da orda eşitdim. Bu gün də düşünürəm ki,  xəyanətkarlar , satqınlar olmasaydı, müharibənin də,  Xocalının da taleyi elə olmazdı.  Bu gün  27-28 il işğalda qalmış torpaqlarımıza rahad, azad, asudə gedən  köçləri gördükcə, sevinirəm. Amma ürəyimdən bir  ağrı da keçir. Kaş bizim yolumuza mina düzülməyədi , kaş biz həmin günü  yaralnamayadıq ölümcül hala düşməyədik, xalqımız Xocalı faciəsini yaşamayaydı. Kaş...

-Əziz və hörmətli qazimiz, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, sizin kimi igid vətən oğullarına  ömrümüzün sonuna qədər borclu olduğumuzu deyirik! Allah sizi və sizin simanızda bütün müharibədə   əziyyət çəkmiş igidlərimizi qorusun! Müsahibəyə görə, təşəkkür edirik!

Söhbətləşdi:Əntiqə Rəşid