Qaynar xətt:

(+99450) 247 90 86

“Aktyorların reaksiyası “hökmran getdi” sevinci deyil"  - Xəyalə Rəis  “Azdrama” baş verənlərdən DANIŞIR

news/2026_01_28/xeyale_1769615669.jpg

CƏMİYYƏT

186

28.01.2026, 19:49

Xəyalə Rəis: “Bu sevinci şəxsi antipatiyadan çox, idarəçilik üslubuna və yaradıcılıq mühitinə dair yığılıb qalmış narazılıqların nəticəsi kimi hesab edirəm”

Dövlət teatrlarında bədii rəhbər vəzifəsi ləğv olunub. Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rəssam, bədii rəhbər ştatları da ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bədii rəhbər vəzifəsinin ləğv edilməsi teatr ictimaiyyətində müsbət qarşılanıb. Xüsusən də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi aktyorlar bu qərardan məmnun qalıblar.

Bu teatrda xeyli müddətdir ki, bədii rəhbər vəzifəsində işləyən Mehriban Ələkbərzanin öz postunu itirməsinə reaksiya verənlər bunun ədalətli olduğunu deyiblər.

Məlumdur ki, M.Ələkbərzadə ilə bu teatrda işləyən bir neçə xalq və əməkdar artist arasında ciddi qarşıdurma vardı və onlar bədii rəhbərin davranışından, onlara münasibətindən narazlıq edirdilər, onunla bağlı hətta Mədəniyyət Nazirliyinə və digər müvafiq qurumlara müraciət də etmişdilər.

Mehriban Ələkbərzadənin öz vəzifəsi ilə vidalaşmasına onunla uzun müddət idi ki, problem yaşayan Əməkdar artist Mehriban Xanlarova tərəfindən sevincə qarşılanıb. M.Xanlarova bu barədə rəsmi “Facebook” hesabında belə yazıb: “Əziz tamaşaçılar, nəhayət ki, teatr sahəsində baş verən problemləri uzun müddətdir ictimailəşdirdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən qərar qəbul edilərək dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi vəzifələr ləğv edildi.

Bu addımın əsas məqsədi teatr sahəsində illərdir mövcud olan idarəetmə problemlərinin aradan qaldırılmasıdır. Xüsusilə Mehriban Ələkbərzadənin fəaliyyəti dövründə kollektivlə münasibətlər, yaradıcılıq mühiti və digər məsələlərlə bağlı ciddi narazılıqlar yaranmışdı. Nəticə etibarilə sistem dəyişdirildi və o, vəzifəsindən azad olundu. Əgər vaxtında öz xoşu ilə ərizə yazaraq getsəydi, bu qərar digər əməkdaşların işinə və çörəyinə təsir etməzdi.

Mədəniyyət Nazirliyi tərəfindən verilən bu qərarı oxuyarkən Cənab Prezidentimizin müharibə dönəmində Paşinyana səslənərək dediyi sözlər yada düşür: “Nə oldu, Paşinyan? Yol çəkirdin Cəbrayıla, rəqs edirdin… Nə oldu bəs status? Cəhənnəmə getdi status, gorbagor oldu. Yoxdur status və olmayacaq!”

İndi isə demək istəyirəm: nə oldu, Mehriban Ələkbərzadə? Teatrın içində islahatlar keçirəcəkdin? Bu yolda əlini daşın altına qoymuşdun, lazım gəlsə başını da qoyacaqdın… Sənin hegemonluğuna qarşı çıxanlar haqqında “nə edəcəklər ki, boyları qədər hoppanacaqlar” söyləyirdin. İndi gördün, nəyin ki, boyumuz, hətta səsimiz hara qədər çatır...

Daşıdığın bədii rəhbər, baş rejissor statusu gorbagor oldu. Bir daha sübut olundu ki, vəzifə beş günlükdür. Ən əsası isə odur ki, vəzifə insanı yüksəltmir... Əksinə, daşıdığı xarakterini və iç dünyasını açıb ortaya qoyaraq kim olduğunu göstərir.

Mən heç zaman vəzifədən gedən insanın arxasınca danışmağı özümə yaraşdırmamışam. Kimə sözüm olubsa, vəzifədə olduğu dönəmdə demişəm. Çünki vəzifədən gedəndən sonra həmin insanın arxasınca şirə dönənləri sevmirəm. Bu səbəbdən sən vəzifədə olduğun müddətdə bütün sözlərimi yetərincə demişəm. Bundan sonra isə mənim üçün bitmisən! Və narahat olma, hamıya məlumdur ki, rəfiqən səni havada qoymayacaq, mütləq hansısa bir yerə yerləşdirəcək...

Bədii rəhbər olduğun dönəmdə ən böyük “yeniliyin” olaraq səhnəyə dəvə gətirməyini heç vaxt unutmayacağıq. Aygün Kazımovanın mahnısı ilə səni yola salırıq: “Sağ-salamat!””.

Nazirliyin yeni qərarının teatrlarda müsbət qarşılanmasının səbəblərindən danışan teatrşünas, Xpress.az saytının baş redaktoru Xəyalə Rəis baki-xeber.com-a “Aktyorların bir hissəsinin Mehriban Ələkbərzadənin bədii rəhbər vəzifəsindən uzaqlaşdırılmasını müsbət qarşılaması təsadüfi deyil. Bu sevinci şəxsi antipatiyadan çox, idarəçilik üslubuna və yaradıcılıq mühitinə dair yığılıb qalmış narazılıqların nəticəsi kimi hesab edirəm. Aktyorların səsləndirdiyi əsas arqumentlərdən biri onun sərt, təkadamlı qərarlar verən rəhbər kimi davranmasıdır”-deyə bildirdi.

X.Rəisin sözlərinə görə, teatr kollektiv sənət növüdür, uzun illər səhnədə olan aktyorların rol almaması, bəzilərinin isə davamlı şəkildə ön plana çıxarılması barədə narazılıqlar tez-tez səslənirdi. “Bu, kollektivdə ədalətsizlik və “seçilmişlər” sindromu hissini gücləndirirdi.

Bəzi aktyorlar açıq şəkildə bildirirdilər ki, məşqlər zamanı peşəkar tənqid yox, şəxsi hücum xarakterli münasibətlə üzləşiblər. İctimaiyyətə çıxan statuslar da göstərir ki, problem tək-tək insana yox, sistemli münasibətə aid idi.

Məsələnin başqa bir tərəfi isə baş rejissor ətrafında yaranan qalmaqalların teatr mühitinə mənfi təsiridir. Son illərdə baş rejissorun davranışı, aktyorlarla ünsiyyət forması, etik sərhədləri aşan ifadələr və yaradıcılıq prosesində gərginlik yaradan hallarla bağlı narazılıqlar dəfələrlə gündəmə gəlib. Bu qalmaqallar təkcə şəxsi konflikt kimi yox, teatrda sağlam yaradıcılıq mühitinin pozulmasının göstəricisi kimi dəyərləndirilirdi. Aktyorlar hesab edirdi ki, bədii rəhbərlik bu problemləri ya görməzdən gəlir, ya da açıq şəkildə himayə edir.

Bir çox aktyorun fikrincə, “Azdrama” eksperimentə və axtarışlara yox, bədii rəhbərlə baş rejissor tandeminin estetik və şəxsi diktəsinə tabe edilmişdi”.

X.Rəis vurğuladı ki, bədii rəhbər vəzifəsinin ümumiyyətlə ləğv edilməsi aktyorlar üçün tək bir şəxsin gedişi yox, illərlə dəyişməyən idarəetmə modelinin sarsılması anlamına gəlir: “Aktyorların reaksiyası “hökmran getdi” sevinci deyil. Bu, özlərini eşidilməyən, sıxışdırılan, yaradıcılıq azadlığı məhdudlaşdırılan sənətçilərin rahat nəfəs almaq istəyidir. İndi əsas məsələ bu nəfəsin davamlı olub-olmayacağıdır. Bundan sonrakı proseslər çox maraqlıdır. Vaxtı ilə “Azdrama”da aktyorlar etiraz edib İsrafil İsrafilovdan şikayət edib onu teatrdan uzaqlaşdırdılar. Elə bir mühitlə qarşılaşdılar ki, indi onu əli çıraqla axtarırlar”.