Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis mühüm qərarlar qəbul ETDİ: Qadağalar və dəyişikliklər nədir?

news/2026_01_28/1739552447_milli_meclis_yeni_1_1769587726.jpg

CƏMİYYƏT

1383

28.01.2026, 12:03

Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilir.

Oxu24.com  xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan edilir.

***

Uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bununla əlaqədar mülki və cinayət prosessual qanunvericiliyə də dəyişikliklər təklif olunur. Mülki Prosessual Məcəllə və Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakı tələbi müəyyənləşir.

***

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

***

Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət uşaq hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı ayrı-seçkilik və zorakılıq halları, onların səbəb və nəticələri, bu halları törədən və məsuliyyətə cəlb edilən şəxslər, uşaq hüquqlarının pozulmasının qarşısının alınması və müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlı məlumatların toplanılmasını və təhlilini həyata keçirir və bu barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edir.

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq. Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil və idarə ediləcək.

***

Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik müəyyənləşir.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Uşaqların təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılması qadağandır. Ailədə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə və uşağın ola biləcəyi digər yerlərdə, habelə internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılıq qadağandır. Uşağın zorakılıqdan müdafiə olunmaq hüququ var. Dövlət uşağa qarşı zorakılığın qarşısının alınması üçün hüquqi, inzibati, sosial və maarifləndirici tədbirlər görür. Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər. Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, habelə hüquqi və vəzifəli şəxslər təhsil, tibb, sosial müdafiə, hüquq mühafizə, idman, media, mədəniyyət və istirahət sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslərlə uşaqların müdafiəsi və uşaq hüquqları barədə təbliğat-təşviqat işlərinin aparılması, həmin şəxslərin zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi vasitələri barədə təlimatlandırılması üçün tədbirlər görürlər. Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlər formalaşdırılır. Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələri və penitensiar müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borcludurlar.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət və istirahət sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslər arasında uşaqların müdafiəsi və onların hüquqları barədə məlumatlılığın artırılması, həmin şəxslərin cinsi istismara və cinsi zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi vasitələri barədə təlimatlandırılması üçün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və vəzifəli şəxslər tədbirlər görürlər. Uşaqlarla müntəzəm təmasda olan şəxslər arasında uşağın cinsi istismar və ya cinsi zorakılıq qurbanı olması barədə əsaslar olduqda konfidensiallığa əməl etməklə, uşaq hüquqlarını müdafiə edən orqanlara məlumat verilməsi imkanları barədə təbliğat və təşviqat işləri aparılır. Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməzlər. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş uşaqlar insan alverinin qurbanı olmuş uşaqlar üçün nəzərdə tutulmuş hüquqlardan və təminatlardan istifadə edirlər.

***

Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hər bir uşaq sosial təminat hüququna malikdir. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var. Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərir. Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə “Sosial xidmət haqqında” qanuna əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstərilir. Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirirlər. Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirirlər.

***

Qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində mülki prosesdə iştirak etmək üçün buraxıla bilməz.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə qanunla nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və ya təqsirləndirilən şəxsə, yaxud mülki cavabdehə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.

Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” qanuna da təklif olunur.

***

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində uşaqlara qanuna uyğun olaraq ödənişsiz tibbi və psixoloji yardım göstəriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi və defektoloji, habelə “Psixoloji yardım haqqında” qanun ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququ var.