Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclisdən mühüm QƏRARLAR: Nələr dəyişəcək?    —   İLKİN SİYAHI

news/2026_01_19/1739552447_milli_meclis_yeni_1_1768818571.jpg

CƏMİYYƏT

960

19.01.2026, 14:26

Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.

Oxu24.com-un  xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əlavə edilməsi təklif olunan 1.1.11-ci maddəyə görə, emal edilməmiş almazlar işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlardır.

Qanuna əlavə edilməsi təklif olunan 17.3-cü maddəyə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanuna təklif edilən 17.4-cü maddəyə görə, Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə bilər. Emal edilməmiş almazların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında həyata keçiriləcək.

Bu tələbləri pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar.

Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, gömrük orqanlarına dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən emal edilməmiş almazlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini yoxlamaq səlahiyyəti verilir.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni - 457.3-cü maddəyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Bu barədə inzibati işlərə rayon (şəhər) məhkəmələri baxacaq.

Bu Qanun Azərbaycan Respublikasının "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minəcək.

Qeyd edək ki, layihə ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. Kimberli Prosesi emal edilməmiş almazların dövriyyəsini tənzimləyən beynəlxalq ticarət kanallarından "münaqişəli" almazların kənarlaşdırılmasına hədəflənmiş daimi fəaliyyət göstərən dövlətlərarası konfransdır. "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə əsasən hər bir üzv ölkənin emal edilməmiş almazların ixracına və idxalına nəzarəti həyata keçirən səlahiyyətli qurumu müəyyən olunmalı, ölkəyə gətirilən və ölkədən aparılan almazlara nəzarətın həyata keçirilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən rəy verilməli, eləcə də ixrac zamanı emal edilməmiş almazlar Kimberli Prosesinin tələblərinə uyğun olan sertifikatla müşayiət olunmalıdır. Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə məsuliyyət tədbirləri müəyyən olunmalıdır. Adıçəkilən beynəlxalq sənədə qoşulmaq məqsədilə ölkə başçısı tərəfindən "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında" 25 fevral 2025-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.

Qanun qəbul edildikdən sonra "Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları" təsdiq ediləcək.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamında emal edilməmiş almaza dövlət nəzarəti sahəsindəki fəaliyyətin rəqəmsallaşdırılması, bu sahədə mühafizənin təşkili, müvafiq laboratoriyaların yaradılması və bu kimi digər təşkilati məsələlər də nəzərdə tutulub.

***

Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.

Oxu24.com  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.

***

“Yol hərəkəti haqqında” qanunda “avtomagistral” anlayışı dəyişir.

Oxu24.com   xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “avtomagistral” dedikdə bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yol başa düşüləcək.

Qüvvədə olan qanunda isə avtomagistral nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki, həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz, ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri var, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulub, dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur. Hərəkət hissəsində də nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.

***

Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.

Oxu24.com   xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinin tələblərinə əsasən, dayanma və ya durma qaydalarının pozulması (346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda) və parklama qaydalarının pozulması (346-1.5-ci maddə) inzibati xətalarını törədən şəxslərin saxlanılmış nəqliyyat vasitələrinin onlara geri qaytarılmasının şərtlərindən biri qismində nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqın ödənilməsi çıxış edir.

“Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.

***

Azərbaycanda film çəkilişiylə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşir.

Bu, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları sırasına daxil edilir. Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Qanun layihəsinə görə, xarici prodüser əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüserdir.