Bu ərazilərdə işıq olmayacaq — XƏBƏRDARLIQ
09 Avqust 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
718
29.10.2025, 10:41
PA-nın sabiq rəhbərinin “haqqını vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”, çünki...
Mehdiyev mövzusu ikinci həftədir ki, oxucu reytinqinə görə zirvədədir, üstəlik bu yerini hələ müəyyən müddət saxlaya da bilər. Əsasən, qeyri-rəsmi mənbələrə istinad edilərək tirajlanan mövzuya hədsiz maraq səbəbsiz deyil.
Əlbəttə, şübhə yoxdur ki, 2019-cu ildən hakimiyyət olimpini tərk etmiş, Milli Elmlər Akademiyasında üç illik rəhbərlikdən sonra (2022-ci ildə) isə istefaya məcbur edilmiş, son aylar adı yalnız ara-sıra xəbər başlıqlarına çıxan 87 yaşlı akademik haqda yazılanlara yüksək diqqətin səbəbi nə?
Sorğu keçirib bu mövzunu reytinq zirvəsində saxlayan sosial təbəqəni müəyyənləşdirmək maraqlı araşdırma olardı. Gənc, yəni son illərin dəbdə olan ifafəsi ilə desək “Z nəsli”nin Mehdiyevin ətrafında cərəyan edənlərə xüsusi diqqəti inandırıcı deyil. Məhəmməd Əmini belə tanımayanların(az olsa da, belələri də var) Mehdiyev haqda yazılara niyə maraq göstərsin ki? Zənnimicə, Azərbaycanın ən müasir tarixində dövlətçilik baxımından yaddaşlarda qalası xidməti, siyasətçi kimi nəinki parlaq, hətta tam aşkar belə fəaliyyəti olmayan Mehdiyev o oxucu kütləsinə maraqlıdır ki, onun siyasətdə mərkəzi fiqur olduğu dövrü yaşayıblar.
“O dövr” Mehdiyev haqda gerçəklər çox az yazılıb, onun personası “boz kardinal” şifrəsi altında toxunulmaz olub. İndi yazılanların bir çoxu da qeyri-rəsmi mənbələrə əsaslandığı üçün gerçək olmaya da bilər, amma dövlət əleyhinə fəaliyyətinə görə barəsində 4 aylıq ev dustaqlığı qərarı yaxın çevrəsi olan kürəkəni tərəfindən rəsmən təkzib edilməyib. Rəsmi olmayan xəbərlər isə oxucu üçün daha cəlbedicidir.
Mehdiyevin “haqqını da vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”. Çünki Mehdiyev olduğu yerdə özünü ən vacib, lazımlı, hətta vazkeçilməz, əvəzedilməz məmur kimi təsdiqlədib.
Diqqət edin: Prezident Administrasiyasının rəhbərinin səlahiyyətlərində Mehdiyevdən sonra da heç bir ciddi dəyişikıik olmayıb, dövlətin əsas icraedici aparatı əvvəlkindən daha çevik işləyir, hər gün hansısa toplantılar olur, qərarlar verilir, yəni dövlət strukturu öz işini görürür. Amma çox da uzaq olmayan keçmişdə Mehdiyevin məsələn, birbaşa kurasiya etdiyi icra başçılar və ya dövlətə məxsus media strukturları rəhbərləri ilə ənənəvi görüşləri ətrafında sanki bir gərginlik və ajiotaj yaradılırdı. Bəstəboy Mehdiyev xüsusilə seçki ərəfələrdində ölkənin hər yerində “boy göstərə” bilirdi. Bələdiyyə seçkiləri keçiriləcək-Mehdiyevin kölgəsi orada. Müxalifət aksiyalara başlayır- Mehdiyevin adı yenə öndədir, çünki “o həll edəcək”. Necə oldu ki, Mehdiyev “o zirvədən” yıxıldı?
Sovet Azərbaycanında ideoloji katibi olan Ramiz Ənvəroviçin kadrları haqda isə yazmaqla bitməz. Elə təəssürat yaranır ki, sanki Mehdiyev bir adam deyil, özü “akademiya”, “partşkola” olub, ölkənin hər tərəfinə də öz kadrlarını yerləşdirib. Zamanında “Mehdiyevin kadrıyam” ifadəsini az məmur dilə gətirərdi, çünki bu təkcə bağlı qapılar açan sirli ifadə deyildi, həm də böyük “məsuliyyət” idi. Mehdiyevin FETÖ kimi, yəni sızma kadrları ilə “dövlət içində dövlət” olduğunu deyənlər yanılırlar, Mehdiyev heç vaxt dövlətçi olmadığı kimi, “dövlət içi”də deyildi, çünki əvvəl Heydər Əliyev, sonra isə İlham Əliyev “səddi” keçə biməzdi. Mehdiyev Rusiyanın Azərbaycanda “at oynatdığı” zaman, məsələn, elə Mütəlibov və ya Elçibəy dövründə də Kremlə bağlı olub, amma hakimiyyətə iddia etməyib, Moskva da onu birinciliyində maraqlı olmayıb. İndi onun Kremlə Azərbaycanda yeni hakimiyyət modeli haqda yazdığı iddia edilən məktubuna şəxsən mən tarixin pəncərisindən baxmağa tərəfdaram.
Mehdiyev Dövlət Şurası yaratmaq təklifində ən azı 30 il gecikib, belə “pozdneqo zajiqaniya”ya Rusiya üçün iddia edildiyi kimi təkcə zəhlətökən kimi deyil, həm də ağılsızca addım kimi qiymətləndirilə bilərdi. Məgər Azərbaycan əşirət ölkəsidirmi ki, bütün böyük tayfaların maraqlarını təmini üçün 50 nəfərdən ibarət dövlət idarəçiliyi yaradılsın. Bu məktubda Mehdiyevin kifsəlmiş və korşalmış zehniyyəti hiss edilir, amma bu onun öz yaradıcılıq məhsulu olmaya da bilər. Mehdiyev məsələn, ambisiyalı keçmiş məmur deyil, gerçək bir ziyalı,elm adamı olsaydı onun bu məktubunu “istəkdən doğan mərəz(məsələn, beyin qocalması)” kimi izah etmək, heç ictimailəşdirməmək olardı. Amma altında şəxsi imzası olmasa da, adı və soyadı, sonuncu iş yerinin ünvanı var. Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə. “Bilici quş dimdiyindən tora ilişər” deyiblər…
O da naraqlıdır ki, görəsən, bu mövzu nə vaxt və necə yekunlaşacaq?(Musavat)
23:34 / 09 Avqust 2026
1
23:06 / 09 Avqust 2026
54
23:06 / 09 Avqust 2026
62
22:17 / 09 Avqust 2026
67
21:27 / 09 Avqust 2026
74
20:42 / 09 Avqust 2026
75
20:24 / 09 Avqust 2026
96
19:49 / 09 Avqust 2026
88
19:14 / 09 Avqust 2026
81
18:40 / 09 Avqust 2026
126
14:30 / 09 Avqust 2026
99
13:55 / 09 Avqust 2026
92
13:31 / 09 Avqust 2026
452
13:30 / 09 Avqust 2026
102
13:10 / 09 Avqust 2026
106
12:30 / 09 Avqust 2026
107
12:24 / 09 Avqust 2026
555
12:13 / 09 Avqust 2026
112
12:06 / 09 Avqust 2026
180
12:04 / 09 Avqust 2026
1358
12:02 / 09 Avqust 2026
102
12:00 / 09 Avqust 2026
99
11:58 / 09 Avqust 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.