Moped sürənlərə XƏBƏRDARLIQ
05 Dekabr 2025, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1407
15.09.2025, 12:14
“Əgər həqiqi qəhrəmanları görməzlikdən gəlsəniz, bir gün saxta qəhrəmanları alqışlamağa məcbur qalacaqsınız.”
Corc Oruell ( XX əsr İngilis ədəbiyyatının görkəmli nümayəndəsi)
Son günlər sosial şəbəkələrdə bir “xalq meydanı” qurulub. İnsanlar bir araya gəlib bir hədəfə daş atır – bu dəfə həmin hədəf Səidə Bəkirqızıdır. Onu təhqir edən də var, məsxərəyə qoyan da, söyən də. Üstəlik, hər kəs bunu bir növ qəhrəmanlıq kimi təqdim edir: guya cəmiyyət öz səhvini düzəldir, yanlış bir fiquru “silir”. Amma məsələ bu qədər sadədirmi? Əlbəttə ki, yox! Çünki biz hamımız bilirik ki, bu fiquru yaradan da, böyüdən də, “şou qəhrəmanı” halına gətirən də elə özümüzük.
Bəli, Səidə Bəkirqızı bu gün səviyyəsiz, hazırlıqsız açıqlamalarına görə linç edilir. Amma unutmayaq: o heç vaxt cəmiyyət üçün ciddi bir nümunə olmayıb. Onun sözlərində nə intellektual güc, nə analitik baxış, nə də maarifləndirici məna olub. Amma bütün bunlara rəğmən biz illərlə onu efirlərdə gördük. Onu “ekspert” adlandırdılar, “ictimai xadim” kimi təqdim etdilər, müxtəlif tədbirlərdə mükafatlandırdılar, saytların manşetlərinə çıxardılar. Burada bir paradoks var: dünən əl çaldığımız birinə bu gün daş atırıq. Əslində bu, cəmiyyətin öz məsuliyyətindən qaçmaq üçün tapdığı asan yoldur. Biz onu öz əllərimizlə “qəhrəman” etdik, indi isə özümüzü təmizə çıxarmaq üçün “günah keçisi” elan edirik. Halbuki günah təkcə bir şəxsdə deyil, günah daha böyük və daha dərin bir sistemdədir.
Ən böyük məsuliyyət, şübhəsiz ki, mediaya düşür. Televiziyalar və saytlar illərdir reytinqin, izlənmələrin əsiri olublar. Onlar üçün əsas olan auditoriyanı cəlb etməkdir. Auditoriyanın keyfiyyətinə, düşüncə tərzinə, zövqünə təsir etmək məsələsi arxa plana keçirilib. Bu səbəbdən də kim səs-küy salırsa, kim qalmaqal yaradırsa, kim sosial mediada trend olur, efir qapıları ona açılır.
Təsəvvür edin: illərlə ziyalıların, alimlərin, sənətkarların dediyi sözlərə qulaq asmaqdan yayınan kanallar, bir neçə dəqiqəlik şou naminə səviyyəsiz fikirləri tamaşaçıya təqdim edir. Çünki onların hesabına reytinq artır, sosial mediada müzakirə başlayır, saytların oxunması çoxalır. Nəticədə cəmiyyət də elə bir mesaj alır: “Əsas odur ki, danış, diqqət çək. Fikrin səviyyəsi, dəyəri önəmli deyil”. Bu, çox təhlükəli tendensiyadır. Çünki belə yanaşma real nüfuz sahiblərini kölgədə qoyur. Səidə Bəkirqızı kimi fiqurlar isə “qəhrəman” olur. Yəni, biz qeyri-peşəkarlığı özümüz stimullaşdırırıq, onu böyüdürük, sonra da “günahkar” elan edib linç edirik.
Amma məsuliyyəti yalnız mediaya yükləmək də ədalətli olmaz. Çünki medianın istəkləri birbaşa auditoriyanın zövqü ilə bağlıdır. Əgər tamaşaçı səviyyəsizliyə baxmasaydı, sayt oxucusu ucuz qalmaqala , veriliş izləyicisi boş sözlərə maraq göstərməsəydi, heç bir media qurumu belə fiqurları gündəmə gətirməzdi.
Burada acı bir həqiqəti etiraf etməliyik: bizim cəmiyyətin böyük bir hissəsi kiminsə biabırçılığına gülməklə, kiminsə hazırlıqsız çıxışına məsxərə etməklə əylənir. Bu, zövq boşluğunun, intellektual aclığın nəticəsidir. Cəmiyyət həqiqi müzakirə, intellektual debat, dəyərli fikir axtarmır. Onun üçün əsas olan “kim kimi təhqir etdi?”, “kim nə dedi?”, “kim daha çox səs-küy saldı?” suallarıdır. Nəticədə belə bir paradoks yaranır: biz öz əyləncəmiz naminə səviyyəsizliyə meydan açırıq, sonra isə həmin səviyyəsizliyi linç edirik. Bu, həm də öz vicdanımızı aldatmaq üsuludur – guya günah bizdə deyil, günah bir nəfərdədir.
Həmçinin oxuyun
Səidə Bəkirqızı hadisəsi əslində yeni deyil. Zaman-zaman cəmiyyət belə fiqurlar yaradıb. Sosial şəbəkələrin dili ilə desək, “fenomen”lər, “trend” adamlar, gündəmi zəbt edən şəxslər hər zaman olub. Amma fərq ondadır ki, əvvəllər onların ömrü qısa olurdu. İndi isə sosial media və televiziya onları daha uzunömürlü edir.
Bir az da psixoloji tərəfinə baxaq: hər kəs “qəhrəman” olmaq istəyir. Amma intellektual zəhmət çəkmədən, bilik qazanmadan, real dəyər yaratmadan qəhrəman olmaq mümkünsüzdür. Səviyyəsiz fiqurlar isə başqa yol tapır: qalmaqal yaratmaqla, boş danışmaqla, cəsarətli görünmək adı altında təhqir etmək, müzakirə mövzusu olmaqla gündəmə gəlirlər. Cəmiyyət də təəssüf ki, onları maraqla izləyir.
Bu, “şou qəhrəmanları sindromu”dur. Biz onları ucaldırıq, sonra da yıxırıq. Dünən əl çaldığımıza bu gün daş atırıq. Amma sabah yenə başqa birini eyni qaydada ucaldıb, eyni aqibətə sürükləyəcəyik.
Səidə Bəkirqızı məsələsində ən asan yol onu söymək, məsxərəyə qoymaqdır. Amma bu, problemin həlli deyil. Əsl həll yolu həm medianın, həm də cəmiyyətin məsuliyyət hissindədir. Media ucuz şouya yox, keyfiyyətli müzakirəyə meydan verməlidir. Cəmiyyət isə zövqünü dəyişməli, dəyərli fikri axtarmalıdır. Əks halda, biz hər il yeni “qəhrəmanlar” yaradacaq, sonra da onları linç edəcəyik.
Unutmayaq: cəmiyyətin səviyyəsi yalnız yazıçılarla, alimlərlə, sənətkarlarla ölçülmür. O səviyyə həm də efirdə kimlərin danışdığı, sosial mediada kimlərin trend olduğu, saytların manşetlərində kimlərin tirajlandığı ilə ölçülür. Biz kimə kürsü ayırırıqsa, gələcək nəsil də onu “normal” hesab edəcək.
Ona görə də, məsələ sadəcə bir şəxsin dili və düşüncə tərzi ilə məhdudlaşmır. Bu, bizim kollektiv problemdir. Səidə Bəkirqızı sindromu – bizim hamımızın günahıdır. Və bu gün onu daşlayanların çoxu dünən əl çalanlardır.
Əslində isə biz indi güzgüdə özümüzə baxırıq.
12:03 / 05 Dekabr 2025
139
11:55 / 05 Dekabr 2025
18
11:48 / 05 Dekabr 2025
29
11:42 / 05 Dekabr 2025
110
11:36 / 05 Dekabr 2025
63
11:33 / 05 Dekabr 2025
64
11:17 / 05 Dekabr 2025
566
11:14 / 05 Dekabr 2025
38
11:00 / 05 Dekabr 2025
119
10:52 / 05 Dekabr 2025
37
10:46 / 05 Dekabr 2025
55
10:44 / 05 Dekabr 2025
39
10:34 / 05 Dekabr 2025
218
10:30 / 05 Dekabr 2025
278
10:18 / 05 Dekabr 2025
48
10:15 / 05 Dekabr 2025
41
10:13 / 05 Dekabr 2025
73
10:10 / 05 Dekabr 2025
52
09:35 / 05 Dekabr 2025
845
00:28 / 05 Dekabr 2025
96
00:24 / 05 Dekabr 2025
108
00:20 / 05 Dekabr 2025
79
00:17 / 05 Dekabr 2025
101
00:11 / 05 Dekabr 2025
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.