Baş Prokuror əmrlər imzalayıb
18 İyun 2025, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86Şəhidliyindən öncə anasını təbrik etdi,40-ı çıxmamış həyat yoldaşının yuxusuna girib bu sözləri dedi... — Şəhid Orxan İsmayılovun ömür yolu
CƏMİYYƏT
1541
22.05.2025, 14:43
Oxu24.com oxucularına qəhrəman şəhidlərimizi tanıtmaqda davam edir.Bu dəfə təqdim etdiyimiz şəhid İsmayılov Orxan Zöhrab oğlunun həyat hekayəsi olacaq.Araşdırmaçı jurnalist Aida Eyvazlı şəhidin ailəsində olub. Onun ömür yoluna nəzər salıb.
"Səbaildən Şuşaya qədər gedənlər..." kitabında yer alan reportajı təqdim edirik:
Gecənin bir yarısı Orxan İsmayılov atasına və anasına zəng edib dedi ki, birdən məni axtarsalar, telefon nömrəmi verin. Atası Zöhrab təəccüb içərisində: “Ay Orxan, səni kim axtaracaq ki bu vaxtı?!”- deyə sual etdi. O atasına: “Hərbi komissarlıqdan axtaracaqlar”- dedi.
Sonra avtoprofilaktoriyada işlərini bitirib evə gəldi. Həmin axşam bacısı Ülviyyə də onlara qonaq gəlmişdi. Atası və anası isə rayona getmişdilər. Ülviyyə ilə söhbətində müharibəyə gedəcəyini dedi. Ülviyyə bu sözün ciddiliyinə inanmadı. Bilirdi ki, müharibə haqqında söz-söhbətlər gəzir. Lakin qardaşının müharibəyə gedəcəyi heç ağlının ucundan belə keçmirdi. Gülə-gülə qardaşına:
- Ay Orxan, müharibə elə səni gözləyir... Oradakılar səni neynir eee... Bir o qalmışdı ki, gedib erməni öldürəsən... Mənim döyüşə gedənimə bir bax eee...- deyib, zarafat etdi.
Orxan 1990-cı ilin 23 yanvarında, Ülviyyə isə 1992-ci ilin fevral ayının 26-da dünyaya gəlmişdilər. Bir-biri ilə çox mehriban bacı-qardaş idilər. Ülviyyə bu xoş münasibətlərinə görə də qardaşı ilə yenə zarafatından qalmadı. Elə uşaqları təzəcə yuxuya vermişdilər ki, gecə saat 22.30-da ev telefonuna zəng gəldi, Orxan İsmayılov Zöhrab oğlunu soruşdular. Ülviyyə və Orxanın həyat yoldaşı Fərqanə onun hərbi komissarlığa çağırılmasından təlaşlandılar. Orxan dedi ki, narahat olmayın gedib, sənədə imza atıb, qayıdıram. Nə Ülviyyə, nə də həyat yoldaşı Fərqanə ilə görüşmədi. Çünki “qayıdacam” demişdi. Evdən elə tələskən və şad-xürrəm çıxdı ki, sanki toya gedirdi. Lakin həmin gecə Orxan evə dönmədi. Orxan əmisi oğlu Zaura zəng vurub, onu Səbail rayonundakı 49 saylı məktəbə çağırdı. Müharibəyə hazırlıq başlayan gündən Səbail rayonunun Səfərbərlik və Hərbi Çağırış İdarəsi müvəqqəti olaraq buradakı 49 saylı məktəbdə dislokasiya olmuşdu. Telefonunu əmisi oğluna verib, ailəsini, ata-anasını ona əmanət etdi. Və dedi ki, çaşıb birdən buradan məni geri çağırtdırmaq üçün tədbir görərsiniz... Geri dönən deyiləm. Ətrafıma bax, o gördüyün oğlanların heç birindən artıq deyiləm. Gəlmişəm, demək getməliyəm. Məndən arxayın olun. Gecə saat 2 radələrində zəng vurub ailəsinə və ata-anasına bildirdi ki, onları Periküşkül qəsəbəsindəki hərbi hissəyə təlimə gətiriblər.
Müharibə ağır söhbətdir. Bu sözün özü nə qədər dəhşətlər gətirdiyinə insanlıq yaranandan şahiddir. Övladı müharibəyə gedən, ailəsi müharibə zonasında qalanlar bilir bu dərdin, bu sözün ağırlığını. Həmin gündən Zöhrab kişinin gözünə yuxu getmədi. Ürəyindən bir neçə dəfə əməliyyat olunmuşdu. Əslində ona həyəcanlanmaq olmazdı. Lakin “Övladçün odlara girər analar, Ata məhəbbəti ölçülən deyil!”- fikrini Nüsrət Kəsəmənli nahaqdan deməyib.
Səhərisi günü hərbi hissəyə zəng vurub, oğlunu tapdı. Orxan atası ilə çox sakit danışdı: “Ata, məndən nigaran olmayın, əsgərləri apardılar, biz nisbətən yaşlıyıq deyə, hələ aparmayıblar. Burada təlimlərdəyik. Yeməyimiz, içməyimiz də var. Siz özünüzü qoruyun.”- dedi.
Əlacsız atanın deməyə sözü qalmadı. 27 sentyabrda yenə gecə yarısı oğlundan zəng gəldi. Ətrafda güllə, texnika, tank tırtıllarının səsi eşidilirdi. Bu səsin haradan gəldiyini soruşanda “Ay ata, məşq edirik”- deyə yayındırdı onu.
Səhərisi günü isə Orxan evə zəng vurub ata-anasından halallıq istədi. Dedi ki, bizi ön cəbhəyə aparırlar. Lakin mən topçu olduğumdan, öndə olmayacağam. Quru qoşunlarının arxasınca hərəkət edirik. Piyadaları qoruyuruq, nişan verilən mövqelərə atəş açırıq.
Ata da oğlunun dediyi xəbərdən xoşhal oldu. Oğlu Vətən uğrunda döyüşlərdə iştirak etməklə yanaşı, həm də yüksək əhval-ruhiyyə ilə danışırdı.
Orxan müharibəyə gedən gündən Həcər bacının gecəsi-gündüzü olmadı. Gündə neçə dəfə oğlundan xəbər tutdu. Yalnız oğlu telefona cavab verəndə, həyəcanı keçirdi. “30 sentyabrda Orxanla yenə danışdım deyir”,- ana:
- Orxanın iki övladı var. Zöhrab və Ayxan. Böyük nəvəm Zöhrabın adını babasına uyğun qoymuşuq. Orxana dedim ki, poliklinikadayıq. Ayxanı həkimə gətirmişik. Yaman narahat oldu. Dedim ki, bala, özün burada olanda əməliyyat olunmuşdu, indi əməliyyatdan sonrakı tikişini sökdürürük. Bir də oktyabrın 1-i zəng vurdu. Səhər tezdən mənim doğum günümü təbrik edirdi. Təbrikindən sonra dedi ki, ana, möhkəm ol, sənə bir söz deyəcəm. Mənə xeyir-dua verin. Bizi lap ön cəbhəyə gətiriblər. Düşmənlə üz-üzəyik. Elə bildim ki, qanadım-qolum qırıldı. Sonra da mənə təsəlli verdi. Dedi ki ana qorxma, biz topçu olduğumuza görə irəlidəkilərdən arxada gəlirik. Atama da de ki, mənə halallıq versin. Və bundan sonra Fərqanə ilə danışdı. Ayxan yanımda oturmuşdu. Mənim əhvalımın dəyişdiyini görüb sual etdi:
- Nənə, atam şəhid olacaq ki?
Eşitdiyim sözdən diksindim. Dedim:
- Yox ay bala, niyə şəhid olur ki?
- Axı dedi ki, ön cəbhəyə getmişik.
- Nə olsun, Ayxan, ön cəbhədə olanların hamısı şəhid olmur ki...
Bütün analar kimi, Həcər də övladlarını gedib-gələn nəfəsi bilirdi. Orxan əvvəlcə Bakıda Xətai rayonundakı 59 saylı məktəbdə təhsil almışdı, sonra onu Ucarın Məlikballı kəndinə aparıb, öz anasının yanına qoymuşdu. Məktəbi bitirən kimi əsgər getmişdi. 2010-cu ildə hərbi xidmətini başa vurub, evə dönmüş, yaşadıqları Xətai rayonundakı avtoprofilaktoriyada avtomobil çilingəri kimi işə başlamışdı. Ailənin ilk nəvəsi olduğundan Həcərin bacı-qardaşı, ata-anası Orxanı gözlərinə işıq bilirdilər. Orxan da elə-belə oğlu deyildi. Hər an qohum-qonşunun, ata-ananın, bacının dadına çatan oğlan idi.
Zöhrab oğluna Hacıqabulda yaşayan dostu Nazimin qızını almışdı. Özü gec evlənmişdi deyə, Həcəri dilə gətirmişdi ki, Orxanı tez evləndirsinlər. 2011-ci ilin noyabr ayının 27-də Orxana toy çaldırıb, Fərqanəni evilərinə gəlin gətirdilər. Həcər özünü dünyanın ən xoşbəxti sayırdı. Gözünün ağı-qarası bir oğlu evlənmişdi, bəy dayanmışdı. Ağ libasda, ağ örpəkdə gəlin gətirmişdilər həyətə. Zöhrab da öz arzusuna çatmışdı.
Həmçinin oxuyun
Azərbaycanlılarda belə bir misal var: “Gəlin gəlin olmaz, düşdüyü yer gəlin olmasa!”. Fərqanə də çox sakit, mehriban bir ailəyə gəlin gəldiyindən özünü xoşbəxtlərin xoşbəxti sanırdı. Toylarının ilk günündən Orxan ona öyüd etmişdi ki, çalış ki, evimizin qızı olasan, gəlini yox. Həcər də Fərqanə ilə ana-qız münasibəti qurdu. 2012-ci ilin noyabrın 27-də Zöhrab dünyaya gəldi. 2 il sonra, 2014-cü ilin fevralında Ayxan doğuldu.
Fərqanə deyir ki, uşaqlar təzə doğulanda Orxan elə sevinirdi ki, həm də qucağına götürməyə qorxurdu uşaqları, deyirdi ki, birdən əzilər uşaqlar.
- Uşaqlar hər gün böyüdükcə, evimizin də, ocağımızın da sevinci, şadlığı böyüyürdü. 2020-ci ilin sentyabrında ilk dərs günü Zöhrabı və Ayxanı ailəlikcə məktəbə apardıq. Onda Orxan da bizimlə idi. Nə yaxşı ki, həmin gün bir xatirə şəkli də çəkdirdik.
Deyirlər ki, uşaq atadan yetim qalır. Mən isə deyirəm ki, qadın da ərini itirəndə yetim qalır. Orxan kimi həyat yoldaşını itirən qadın ən bədbəxt qadındır. Biz onunla həm də dost idik. Uşaqlarla o qədər mehriban idi ki... Evə gəldimi, Ayxan onu rahat qoymurdu. Divana oturdumu, boynuna, başına çıxrdı. Biz də deyirdik ki, uşağı bu qədər ərköyün etmə... Ancaq indi...
Orxanın yaralandığı xəbərini bizə oktyabrın 3-də dedilər. Lakin oktyabrın 1-i səhər ertədən telefon danışığımız oldu. Anasını təbrik etdi. Ondan sonra telefonuna zəng çatmadı. Günün ikinci yarısı əmisi oğlu Zaur zəng etdi. Səsi boğuq gəlirdi. Zöhrab əmi ondan niyə belə danışdığını soruşanda dedi ki, xəstələnib. Sən demə o Orxanın şəhid olduğu xəbərini bilir, lakin bizə demirmiş. Zöhrab əmi hərbi komissarlığa zəng vurdu, dedi ki, mən bütün xəbərlərə hazıram. Müharibədir, hər şey olur, siz mənə təkcə “Orxan əsir düşüb” xəbərini deməyin. Yaralısını da, şəhidini də qəbul etməyə hazıram. Təki bir xəbər verin. Kişiyə söz verdilər ki, xəbər deyəcəklər. Lakin geriyə zəng edən olmadı. Orxanın dayısı Aydın, əmisi oğlanları, bütün qohumlar Azərbaycanın hərbi hospitallarını, xəstəxanalarını axtardılar. Gah dedilər ki, ön cəbhədədir, oralarla danışmaq olmur, gah dedilər ki, yaralıdır, lakin yerini demirlər.
Oktyabrın 4-də səhər Orxanın şəhid olması xəbərini təsdiqlədilər. Orxanın tabutunu qohumlar Beyləqandan gətirdilər. Bu xəbəri eşidən anda oğlum Ayxan məni qucaqlayıb dedi:
- Ana, atam yoxdur, mən çox gücsüzəm.
Özümü ələ aldım. Uşağı sınmağa qoymazdım. Dedim, Ayxan, elə demə, ata bizi görür, o bizimlədir. Bir müddət sonra qayıdacaq.
O gün- bu gün dünyam alt-üst olub. Uşaqların gözünə baxa bilmirəm. Hər gün aldadıram onları. YAŞAT Fondundan uşaqlarımıza dərs ilinin başlanması münasibəti ilə məktəb ləvazimatları veriblər. Həmin dərs ləvazimatlarını – kitabları, qələnləri, çantanı göstərib deyirəm ki, bunları sizə atanız göndərib. Onları atalarının sağ olduğuna inandırmışam. Uşaqlar indi də süfrə başına yığılanda stulun birini boş qoyurlar. Deyirlər ki, atanın yeridir. Keçən dəfə Zöhrab bilmədən keçib atasının adına olan stulda əyləşdi, Ayxan qışqırdı ki, atanın yerində oturma, atanı əzərsən. Zöhrab da deyir ki, “Bağışla ata, bilmədim, yəqin əzdim səni...”. Günlərimiz belə keçir. Böyüyəcəklər, öyrəşəcəklər, biləcəklər. Ancaq indi onları qorumalıyam ki, Orxanın övladları barədə arzularını yerinə yetirə bilim.
Ülviyyə o qara xəbəri aldıqları günü belə xatırlayır:
- Səhərə yaxın xalamın səsinə yuxudan ayıldım. Baxdım ki, ağlayır. Nə baş verdiyini soruşdum. Dedi ki, evimiz yıxılıb, Orxanı yaralayıblar. Dərhal yığışıb anamgilə gəldim. İki gün idi ki, hamımızın gözü yollarda idi. Qardaşımdan xəbər ala bilmirdik. Balaca qızımı yatırırdım. Avqustun 5-i doğulmuşdu. Heç 40-ı çıxmamışdı. Gözüm anidən yuxuya getdi.
...Həyətimizin qapısı açıldı. Bir də gördüm ki, Orxan gəlir. Üzündəki işıq hər yeri işıqlandırıb. Keçdi evə. Girdi uşaqlarının yatdığı otaqlarına, onlarla görüşdü. Atam və anamla görüşdü. Fərqanə ilə görüşdü. Baxıram ki, gedir, mənimlə görüşmür. Qaçdım qapıya qədər arxasınca, səsləyib dedim ki, Orxan bəs mənimlə görüşmürsən? Dedi yox. Dedim ki, onda mən səni qucaqlayıb öpəcəm. Dedi ki, sən məni tuta bilməzsən. Uşağımı götürüb dalınca qaçdım... Orxan yoxa çıxdı, onu tuta bilmədim... Səksəkə içərisində yuxudan ayıldım, ətrafıma baxdım, Orxan yox idi. Bildim ki, gördüyüm yuxu imiş. Ancaq nur içində, işıq içində bir yuxu idi. Yuxuda elə xoşbəxt idim ki...
Tez qohumlar oturan otağa qaçdım. Dedim ki, narahat olmayın, Orxan sağdır, mən indi yuxumda onu gördüm. Vallah, gözləyin, görəcəksiniz ki, ya özü, ya da şad xəbəri gəldi...
Bayır qapısını açıb həyətə çıxdım. Baxdım ki, anam yerdə sürünür, qışqırır, nalə çəkir. Atamın da başının üstündə həkimlər dayanıb. Bir andaca həyətimiz insanlarla doldu. Və yalnız bu zaman bildim ki, qardaşımın şəhid xəbəri çıxıb. Qohum-əqraba dedi ki, yığışın gedirik Ucarın Məlikballı kəndinə, Orxanı orada dəfn edəcəyik... Mən bilmədim ki, qardaşım mənim yuxuma niyə elə gəldi? Niyə mənimlə görüşmədi... Mən bilsəydim ki, müharibə bu qədər ağır olur, 21 sentyabrda qapıdan çıxanda onunla görüşərdim, bağrıma basardım, üzündən öpərdim qardaşımın... Biz gərək belə ayrılmayaydıq...
4 oktyabrda şəhid Orxan İsmayılov Zöhrab oğlunu Ucardakı Məlikballı kənd qəbristanlığında dəfn edirlər. Vətən müharibəsində Ucar royunundan da Vətən uğrunda canından keçənlər çox oldu. Məlikballı kəndindən isə şəhid olan təkcə Orxan İsmayılovdur. Şəhidimizin anası Həcər İsmayılova deyir ki, Orxan şəhid olandan sonra düz 40 gün həyətdə oturub onun yolunu gözlədi. Orxan işə gedən vaxt, işdən qayıdan vaxt aləm başına fırlandı. Orxanın küçədə, həyətdə əks-səda verən səsi gəldi qulaqlarına. Lakin Orxan gəlmədi ki, gəlmədi...
Həcər İsmayılova:
- Neyləyə bilərəm, Allah yazan yazıdan kənara çıxmaq olmur. Gözümün nuru, qəlbimin istiliyi gedib. Şükr edirəm ki, heç olmasa özündən sonra iki yadigarı qalıb. Keçən dəfə Ülviyyə mənə deyir ki, ana, gəl Zöhraba bax, eyni ilə atası kimi uzanıb divanda, televizora baxır. Baxdım ki, həqiqətən də Zöhrab eyni ilə atası kimi uzanıb. Getdim iylədim, qoxladım onu... Orxanın ətrini ala bilmədim. Nə bilim, bəlkə böyüyəndə Orxanın ətrini verəcək mənə... Ürəyimdə bir nisgilim qalıb. Orxan davaya gedəndə biz rayonda idik. Onu mən yola salmamışdım. Bəlkə də evdə olub, onu özüm yola salsaydım, ardınca su atsaydım, Allah dualarımı eşidərdi... Bəlkə hardasa gecikdim, hardasa səhv etdim... Nə bilim... Bu oyunu quranların, torpağımıza göz dikənlərin Allah bəlasını versin. Cavan-cavan balalarımız arzularının çiçək-çiçək açıldığı vaxtda, növcavan vaxtlarında torpağın altına getdilər. Bir təsəllim də odur ki, oğlumun halal qanı, qızıl qanı o torpaqlara nahaqdan qarışmadı. Oğlum və onun kimi oğulların hesabına qələbə qazandıq.
...1990-cı il yanvarın 23-də dünyaya gələn Orxan Zöhrab oğlu İsmayılov 1 oktyabr 2020-ci ildə Vətən uğrunda gedən döyüşlərdə Cəbrayıl istiqamətində şəhid olub. Snayper gülləsi ilə ağır yara alan Orxan yanındakı dostlarına deyib ki, mənim yaralandığımı atama deməyin, əmim oğluna deyin, atamın ürəyi xəstədir. Dözə bilməz. Snayper yarasından 10 dəqiqə sonra Orxan bu dünyaya gözlərini yumub. Şəhidimiz ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bundan öncə 19 yaşında şəhadətə ucalan Ağayev Cavidan Mirzəağa oğlunun həyatı haqqında reportajı təqdim etmişdik.
Müəllif: Aida Eyvazlı
Xüsusi olaraq Oxu24.com saytı üçün
18:59 / 18 İyun 2025
Su nə vaxt gələcək? - Rəsmi açıqlama
1
17:55 / 18 İyun 2025
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
27
17:20 / 18 İyun 2025
İlana bənzəyən kəpənək - FOTOLAR
41
17:15 / 18 İyun 2025
İsraildən son dəqiqə AÇIQLAMASI
55
17:07 / 18 İyun 2025
Baş Prokuror əmrlər imzalayıb
62
17:00 / 18 İyun 2025
Tehranda partlayışlar baş verib
37
16:57 / 18 İyun 2025
Təcili! İsrail hücuma keçdi
353
16:38 / 18 İyun 2025
Ölüm olan klinikada yoxlama aparıldı - Həkim qanunsuz işləyirmiş
44
16:26 / 18 İyun 2025
Prezident Qanunu təsdiqlədi
41
16:18 / 18 İyun 2025
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının yubiley konfransının iştirakçılarına müraciət edib
34
15:58 / 18 İyun 2025
ŞOK! İranlı generallar bu yolla izlənilib və öldürülüb
696
15:52 / 18 İyun 2025
SON DƏQİQƏ! İlham Əliyev sabah bu ölkəyə səfərə gedir
655
15:51 / 18 İyun 2025
Bakının bu ərazilərində evlər söküləcək
59
15:25 / 18 İyun 2025
Putin müharibə başlayandan bəri ilk dəfə belə bir ifadə işlətdi
2238
15:25 / 18 İyun 2025
"Zeytun" apteklərində Tarif Şurasının qərarlarına əməl edilmədiyi üzə çıxıb
44
15:13 / 18 İyun 2025
"KAMAZ" şoferləri İsrailə işləyirmiş — ŞOK DETALLAR
387
15:10 / 18 İyun 2025
"Bazarstore" qiymət fərqinə görə cərimələnib
48
15:05 / 18 İyun 2025
ABŞ-ın Yaxın Şərqdəki hərbçilərinin sayı kəskin şəkildə artır
52
14:54 / 18 İyun 2025
SON DƏQİQƏ! Xamneyi müraciət edir: İLK AÇIQLAMA
1851
14:45 / 18 İyun 2025
Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək
50
14:43 / 18 İyun 2025
BMT həyəcan təbili çalır
48
14:25 / 18 İyun 2025
Ukrayna və Gürcüstan NATO-nun vədlərini eşitməyəcək
93
14:24 / 18 İyun 2025
Putinin qızı media qarşısına çıxdı — VİDEO
433
14:15 / 18 İyun 2025
İran Trampın kapitulyasiya çağırışına cavab verib
74
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.