Qaynar xətt:

(+99450) 247 90 86

Genaral polkovnik Polad Haşımovun güvəndiyi zabiti — Şəhid mayorun həyat hekayəsi

CƏMİYYƏT

2008

14.05.2025, 14:43

Oxu24.com jurnalist  Aida  Eyvazlının  "Səbaildən Şuşaya qədər gedənlər..." layihəsi çərçivəsində təqdim etdiyi xüsusi reportajı təqdim edir:

Yazıda şəhid mayor   İlkin Qələmşah oğlu Əhədzadənin həyat və hərbi yolundan bəhs olunur.

Bayılda dağın döşündə kiçik ev kirayələmişdi Qələmşah. Qubada Asəmənlə toyları olandan sonra, böyük ailələrinə yük olmamaq üçün cavan gəlinini də götürüb Bakıya gəlmişdi. Oxuduğu neft texnikumunu da başa vurmaq, ailəni dolandırmaq üçün neft buruqlarında işə düzəldi. İş yeri Bayıl yamacında idi. Çox vaxt işə elə ayaqla gedib gəlirdi. Kirayə çıxdıqları mənzil isə çox qədim bir binanın alt mərtəbəsi idi. Elə bu balaca və nəm kəsən otaqlarda yaşadıqları illərdə 1985-ci ilin iyun ayının 26-da birinci oğlu dünyaya gəldi Qələmşahın.

O zaman hələ Azərbaycanın özünün Ordu günü yox idi. Adını İlkin qoydular. Sonra Elvin və Emin doğuldu. Ailədəki uşaqlardan bədəncə ən zəifi İlkin idi. Lakin zəif bədən quruluşu olmasına baxmayaraq, nadincliyi və çevikliyi ilə qardaşlarından seçilirdi. Asəmən onu daşın-torpağın üstündən evə güclə gətirirdi. Nə vaxt axtarsaydı, evlərinin üst qatındakı dağda-daşda tapardı. İlanlarla, çayırlarla oynayırdı İlkin.

Bir gün də atasına dedi ki, Cümşüd Naxçıvanski adına hərbi məktəbə daxil olmaq istəyir. Atası min könüldən razılaşdı. Tərəddüd içərisində qalan isə, anası Asəmən idi. Ana elə bilirdi ki, bu çəlimsiz oğlu orada ac qalacaq, xəstələnəcək, özünü idarə edə bilməyəcək.

C.Naxçıvanski adına hərbi məktəbin qaydalarına görə hər həftənin şənbə günləri valideynlər özləri bu təhsil ocağına gəlib, yazılı iltizam verib, tələbəni məktəbdən evə götürə bilərdilər.

Asəmən həyat yoldaşı Qələmşah ilə hər həftənin şənbə günü tələsə-tələsə buraya gəlib, oğlu qapıda görünənə qədər həsrətlə, həyəcanla onun yolunu gözləyərdi. Evlərinə gəlib yetişdilərmi, ən ləziz yeməkləri bişirib balasının qabağına tökürdü ki, bəlkə bir azca yeyib cana gəlsin. İlkin isə yeməkdən zəif idi. Deyirdi ki, ana mədəm tutan qədər yeyirəm.

Əlacsız qalan ana həftənin birinci günü oğlunu hərbi məktəbinə dərsə yola salanda yol çantasına kişmiş, ləbləbi qoyardı, bir həftəlik pal-paltarını yuyub-ütüləyib yığardı ki, oğlu çox əziyyət çəkməsin. Çünki taleyinə çətin bir peşəyə sahib olmağı seçib.

Bu təhsil ocağını başa vurduqdan sonra, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Məkəzinin “Zabit ixtisası” kursunu  bitirib. 2008-ci ildə bir könüldən min könülə vurulduğu Gülsüm ilə evləndi. Evləndiklərindən bir müddət sonra, İlkin hərbi işinin dalınca getdi. Asəmən ana baxdı ki, gəlin İlkini üçün çox darıxır. Bir gün gəlinini də yanına salıb, Ağdama oğlunun xidmət etdiyi hərbi hissəyə apardı. Bu o vaxtlar idi ki, İlkin Qərvənddə xidmət edir, hərbi hissənin yataqxanasında qalırdı. O gün bu gün, Gülsümün əri hər zaman şərəflə zabit mükəlləfiyyətini yerinə yetirdi, Gülsüm isə onun əsgəri oldu. Asəmən, Qələmşah da əllərini, diqqətlərini gənc ailənin üstündən çəkmədilər. İmkan düşən kimi, Asəmən zənbilləri yemək-içməklə, azuqəylə doldurub ortancıl oğlu Elvinə verdi ki, apar uşaqların payını çatdır. Elvin üçün də bu səfər bir bayram olurdu. Sevinə-sevinə qardaşı xidmət etdiyi bölgələrə yola düşürdü.

Vətən andına, hərbi xidmət andına sədaqəti var idi

Müharibə aparan dövlətin ön cəbhədə çalışan hərbiçisinin işi ağır və məsuliyyətli olur. İlkin Əhədzadə ona verilən tapşırıqları canla-başala yerinə yetirirdi, gənc ailə sahibi olmasına baxmayaraq, ən çətin bölgələrə ezam olunduqda belə, hər zaman vətəni düşündü. Vətən andına, hərbi xidmət andına sədaqəti var idi. Bakıdakı isti ata ocağından uzaqda, heç bir şəraiti olmayan xidmət ərazilərində iki övladı Fidan və Ləman gəldi dünyaya. Özünü xoşbəxt ata saydı. Gülsüm ərinin hər əmrinə müntəzir dayandı. Ailə həyatı qurana qədər heç bir çətinlik görməyən, yağ içərisində böyrək kimi bəslənən Gülsüm, seçdiyi həyatından, qismətindən məmnun idi. İndi həmin günləri xatırlayır:

- Qohum-əqrabam, yaxınlarım biləndə ki, məni hərbiçi oğlan istəyir, tərəddüd etdilər. Dedilər müharibə aparan ölkəyik. Çətin peşənin sahibidir. Mən isə onu seçdim. Mən ona inanıb-güvəndim. Ona görə də qarşımıza çıxan bütün çətinliklər mənə asan göründü. 2008-ci ilin iyul ayından 2010-cu ilin aprel ayına qədər Gəncədəki N saylı hərbi hissədə tağım komandiri oldu.

Qızımız Fidan da burada dünyaya gəldi. Fidanın 1 yaşı tamam olanda təyinatını Ağdama verdilər. Ən çətin sınaqlar da buradan başladı. Elə yerlərdə yaşadıq ki, bəzən mal tövləsini bəzəyib otaq elədim. Burada xidməətdə həm də baş leytenant rütbəsi aldı. Bir də görürdün ki, gəlirdi ki, “Günka, çoxlu peraşki bişir, aparım verim əsgərlər yesin”. Xəmir yoğururdum. O da Fidanı saxlayırdı. Mən də peraşki bişirirdim. Ya da deyirdi ki, halva çal aparım uşaqlara verim yesinlər. Ev yeməyi görmürlər. Qollarında güc-qüvvət olsun. Halvanı çalıb yuxaya büküb verirdim, aparıb əsgərləri yedirib gəlirdi. Sevinə-sevinə deyirdi ki, onlar yedikcə mənə ləzzət edirdi. Sevinirəm ki, vətənimizi belə uşaqlar qoruyur. 

O çalışdığı hərbi hissələrdə vətənə həqiqi hərbi xidmətə gələn əsgərlərə öz qardaşı kimi münasibət bəsləyirdi. Deyirdim ki, niyə bu qədər yaxın buraxırsan onları?! Deyirdi ki, əsla elə iş görmərəm. Biz münasibətlərdə həm də rəsmiliyi qoruyuruq. Hər kəs öz yerini bilir. Ən çox kasıb balalarının qayğısına qalıram. Bir də ki, ön cəbhəyə hər vaxt kimsəsiz və kasıb balaları düşür xidmətə. Demək olar ki, evdə gecələməzdi. Bir-iki saat bizə vaxt sərf edərdi, daha çox hərbi hissədə olurdu. Çox çətin idi. İlkin evdə olmayanda elə darıxırdım ki... Bir dəfə Qərvəndə köçdüyümüzün üçüncü günü həyətdə dayanmışdım. Birdən dayandığımız yerdən partlama səsi gəldi. Diksinib geri atıldım. Bir də onda gördüm ki, ev yiyəsi mənim əlimdən tutub, içəri çəkir, deyir ki, Allah evini yıxmışlar, mal-qaranın örüşdən qayıdan vaxtı oldumu başlayırlar atmağa... Yenə də atırlar. Yalnız qadının bu reaksiyasından sonra bizə tərəf atəş açıldığını fərqinə vardım. Sən demə erməni postu bizim qaldığımız yerin 100 metrliyində imiş. İlkin Qərvəndə, Quzanlıda, Mahrızlıda , Sarcalıda ev kirayələyəndə elə yer axtarırdı ki, oranı erməni atəşi az tutsun. Bax beləcə mən onunla birlikdə bomba, minamyot, güllə səslərinə öyrəşdim.

Gülsüm başının tacı sandığı İlkin haqqında xatirələrini özü də fərqinə varmadan İlkinin sağlığındakı kimi danışır:

- Qərib yerlərdə o mənim həm atam, həm anam idi. İlkin işdən qayıdanda elə yorğun olurdu ki... Bir də baxırdın ki, elə paltarları əynində oturduğu yerdə gedib yuxuya. Oturub yatmağına baxırdım. Doymurdum ona baxmaqdan. Əllərini öpürdüm. Çəkmələrini çıxarıb təmizləyirdim, ayaqları çəkmədə qalmaqdan düyün-düyün olurdu. Çəkmələrini öpürdüm. Deyirdim sənin zəhmətkeş ayaqlarına qurban olum. Əlimi Tanrıya açıb dua edirdim. Deyirdim ki, İlkinimi qoru. İlkin olmasa mən neyləyərəm. Ay Tanrım, sən bizi heç vaxt bir-birimizdən ayırma. Heç bilmirəm bu ayrılıq qorxusu ürəyimə necə girmişdi...

İlkin Əhədzadə 2013-cü ilin iyul ayından 2015-ci ilə qədər Naftalan şəhərində bölük komandiri təyin olunanda, rütbəsi kapitan idi. Sonra isə onun təyinatını Gəncədəki hərbi hissəyə verirlər. Burada da 2 il nümunəvi xidmət etdikdən sonra, 2019-cu ildən İlkin Əhədzadənin təyinatını Şəmkir rayonundakı Hərbi Korpusa verirlər. Burada onun rəhbəri Şəmkir Hərbi Korpusunun komandiri general Polad Həşimov olur.

Yalnız bundan sonra, zabit İlkin Əhədzadə hərbi xidmətdə olduğu ötən zaman dairəsində rəhbər şəxslərdən çəkdiyi incikləri unudur. Çünki general –polkovnik Polad Həşimovun öz tabeliyində olan işçisinə, şəxsi heyətə münasibəti digərlərindən çox fərqlənir. 2019-cu ilin sonunda dekabr ayında hərbi korpusun komandiri onu Daşkəsənə hərbi təchizat və təminat taboruna komandir müavini təyin edir. İlkin bölgədə daim tapşırıqlara gedib, əməliyyatlarda, təminat-təchizat məsələlərində iştirak etdiyindən, hələ 2013-cü ildən Gəncədə ev kirayələmişdi. Bilirdi ki, qarşıda qışdır. Ailəsini dağ massivinə çıxara bilməyəcək. Lakin uşaqlar onunla dincəlsin deyə, bir günlüyə Daşkəsəndəki Xoşbulaq yaylağına gəzməyə aparır. Asəmən bacı telefonunun yaddaşında qalan bir video rolik göstərir mənə. Burada İlkin və uşaqları qarlı bir dağ başındadırlar. Fidanın, Ləmanın, Uğurun atası ilə deyib gülmək səsləri, sevinc səsləri eşidilir. Ətraf ağappaq qardır. Uğur elə sevinir ki... Qızlar qarı toplayıb atasına atırlar, qar topu oynayırlar. İlkin tez-tez onlara xəbərdarlıq edir ki, qartopunu başınıza vurmayın. Bu uşaqların ataları ilə birlikdə keçirdikləri xoşbəxt anlarından biridir. Daşkəsən və dağ başı... Xoşbəxt və qayğısız bir ailə mənzərəsi.

                                            Üç qardaşdan biri...

Oğlunun səsini dinləyir ana. Sonra için-için ağlayır. Bəli, əzizi, doğması, balası, oğlu ölən analar ancaq belə yanıb, belə ağlaya bilərlər... Gündə bəlkə də yüz dəfə oğlundan yadigar qalan xatirələrə baxar, lakin könlü aram olmaz.. İndi də mənə danışmaq üçün  muncuq kimi ipə-sapa düzür xatirələrini. O xatirələr ki, indi hər gün ananın gözü qarşısından, könlündən keçir:

- İlkin evimizin böyük oğlu idi. Ancaq ki, hamımız istəyirdik ki, onun qulluğunda dayanaq. Fikirləşirdik ki, o Vətənə xidmət edirsə, biz də ona xidmət etməliyik. İlkin özü isə ailədə böyüklüyü ortancıl qardaşı Elvinə həvalə etmişdi. Elvin onun bütün işlərini görürdü. Aparırdı, gətirirdi, tapşırıqlarını yerinə yetirirdi. Baxmayaraq ki, özü də mühəndisdir. Ancaq qardaşı üçün hər zaman vaxt tapırdı. Mənim övladlarım üç oğlum bir-biri ilə çox mehribandırlar. Müharibə başlayanda bir ana kimi mən də həyəcanlandım. Zəng vurub danışdım. Məni sakitləşdirdi. Dedi ki, narahat olma, biz burada təchizatla məşğuluq, müharibə isə öndə gedir, bizə dəxli yoxdur. İnandım ona. Heç vaxt mənə yalan danışmazdı axı. Gülsüm və nəvələrim isə Gəncədə idi. Zəng vurub Gülsümə deyirəm ki, gəl evə, o da deyir ki, İlkin gəlməsə gələn deyiləm. Axırda zəng vurub İlkinə dedim ki, get arvadını da götür, döyüşə yollan, ancaq mənim nəvələrimi gətir. Deyirlər ki, ermənilər Gəncəni vuracaqlar. Uşaqlar orada qalmasınlar. Mən danışırdım, o da gülməyə salırdı sözümü. Eh... Evin yıxılsın fələk. 

Səfərbərlik başlayanda Emin də gedib könüllü yazılmışdı. Oktyabrın 1-i Emini də çağırdılar. Qələmşah, Elvin və mən də Eminə qoşulub getdik. Səfərbərlik və hərbi çağırış idarəsinin qabağında məni bir üşütmə tutub ki, gəl görəsən. Baxıram ki, hamının əyin-başı yüngül, heç kim üşümür. Mən isə buza dönmüşəm. Elə oldu ki, həmin gün Emini aparası olmadılar. Qayıdıb gəldik evə. Günortadan sonra İlkinə etdiyimiz zənglər çatmır. Bu da məni bir tərəfdən həyəcanlandırdı.

Qardaşı Elvinin xatirələrindən:

- Biz çox mehriban qardaşıq. Bir-birimizdən doya bilmirdik. Sonuncu dəfə evə 7 avqustda gəlmişdi. Hamımız sevinirdik. Ailə bir yerə yığışdı. Dedik-güldük, şəkillər çəkdirdik, danışdıq. İlkinin mayor rütbəsini də general Polad Həşimov özü şəhid olmazdan bir neçə həftə əvvəl imzalamışdı. Qardaşım motoatıcı tağım komandiri, mototıcı bölük komandiri, həmlə bölüyünün komandiri, dağ-atıcı bölüyünün komandirinin  maddi texniki təminat üzrə müavini vəzifələrində xidmət edib. Maddi Texniki Təminat üzrə müavini təyin olunmaq üçün təqdimatını yazmışdı general Polad Həşimov özü yazmışdı. İlkin korpusda imtahana girəndə demişdi ki, sən bütün imtahanlarından keçmisən. Get kursu müvəffəqiyyətlə bitir, gəl, güvəndiyim zabitimsən. Dəfələrlə uğurlu əməliyyatlarda olmuşdu. Aprel döyüşləri başlamazdan əvvəl, ermənilər Tərtərdə təxribat törətmişdilər. Qardaşımla növbəti görüşümdə dedi ki, biz əliyalın sadəcə avtomatla o biri üzə keçib erməninin neçə postunu məhv etdik, nə qədər itki verdirdik onlara. Qisas alınanda sevinirdi. Hər bir şəhid olan, yaralanan dostu, əsgəri üçün nə qədər sarsılırdı. Sonuncu görüşüm olan o avqust axşamı İlkin bizimlə müharibədən danışdı. Anam təəccüblə soruşdu ki, müharibə olacaq? Tez söhbətin mövzusunu dəyişdi. Dedi ki, yox e... indi o zaman deyil ki, üz-üzə müharibə olsun. Generalın qisasını alacağıq. Bu yeni müharibədir, öz yolları, öz qaydaları var. Mən həmişə İlkin üçün darıxmışam. Böyük qardaşımdan heç doymadım ki...

Söhbətə evin kiçiyi Emin də qarışır:

- İlkin haqqında dostları deyirdi ki, o qeyri-adi cəldliyə və çevikliyə malik kəşfiyyatçı zabitdir. Onun hücum texnikası, taktikası özünəməxsusluğu ilə seçilirdi. Aprel döyüşlərində bölük komandiri idi. Həmin döyüşlərdə xeyli dostu şəhid oldu. Aprel döyüşlərində onunla Hərbi Akademiyada eyni qrupda oxuyan kapitan Nəcməddin Savalanov yaralanmışdı. Mənə tapşırıq vermişdi ki, hərbi hospitala gedib, hər gün Nəcməddin haqqında ona məlumat verim. Hər dəfə deyəndə ki, nəfəsi üstündədir, sevinirdi. Deyirdi şükür Allaha, təki nəfəsi gəlsin. Lakin Aprel döyüşlərindən 1 ay sonra, Nəcməddin Savalanov  rəhmətə getdi. Bu xəbəri mən qardaşıma verəndə hönkür-hönkür ağladı.

Qardaşım o qədər çevik və sərrast idi ki, özü deyirdi ki, əgər mən hər hansı bir  çətin vəziyyətə düşsəm, məndən nigaran olmayın, torpağın altından çıxıb, dağın başından tullanaram. Məni əcəl yalnız ayağım torpaqdan üzülsə girləyə bilər. Mən ondan qorxuram ki, ayağım yerdə olmaz, maşında şəhid olaram. Təsəvvür edirsinizmi, döyüşlər başlayanda qardaşım təkcə təminat-təchizatla məşğul olmayıb. Güllələrin od kimi saçıldığı ərazilərdən keçərək, həm lazımi nöqtələrə və mövqelərə ərzaq, silah-sursat çatırıb, həm də müharibənin elə ilk günlərindən Murov istiqamətində həmlə-hücum əməliyyatında iştirak edib. Bir döyüş komandirinin yaralanıb ərazidə qaldığını bilib. Və düşünmədən dağ yolları və yamacları ilə onu xilas etməyə gedib. Döyüşçü dostları onların gec qayıtdığını görəndə elə biliblər ki, artıq hər ikisi şəhiddir. Lakin bir də baxıblar ki, İlkin komandiri çiynində gətirir. Bundan bir gün sonra isə, növbəti dəfə  Ağçınqıl deyilən hərbi mövqeyə təcizat aparıb. Döyüş yoldaşı ona deyib ki, həmin ərazi müntəzəm olaraq atəşə tutulur. Zabit İlkin Əhədzadə isə deyib ki, təcili təchizat getməlidir. Lakin şəhid olaramsa nə mutlu mənə. Geri dönəndə , düşmən onun olduğu avtomobili top-mərmi atəşinə tutur. Qardaşım idarə etdiyi maşında həlak olur. Mən inanıram ki, ayağı torpaqda olsaydı, o zəfər günümüzü görəcəkdi.

Qələmşah kişi deyir ki, Vətən müharibəsi başlayanda, İlkin evə zəng vurub, sevinclə danışıb ki, şükür Allaha, qisasımızı alırıq. Soruşdum vəziyyət necədir? Dedi əladır. Dedim ki, özündən muğayat ol. Səni gözləyirik. İlkin 14 yaşından bizim deyildi ki, onu Vətənə əmanət etmişdik! Döyüş yoldaşları dedilər ki, Kəlbəcər ətrafında gedən döyüşlərdə də oğlum böyük çeviklik göstərib. Üçtəpə deyilən mövqedə təşkil etdiyi hücum əməliyyatı nəticəsində tabor xeyli irəli gedib. 

...Oktyabrın 1-də evin böyük oğlu Elvinə telefon zəngi gəldi. Dedilər ki, şəhidinizi qarşılamağa hazır olun. Gözləyin. Elvin və Emini indi yalnız bir məsələ düşündürürdü ki, bu xəbəri ailənin böyüklərinə necə çatdırsınlar? Azərbaycan elində belə bir adət var. Evinə yas düşən adamın darvazası açıq olur. Xəbəri eşidən yaxın-uzaq doğmalar Əhədzadələrin həyətinə axışırdılar. Anaya isə demişdilər ki, oğlun yaralıdır,sabaha Bakıya gətirəcəklər.  

Bir də qapımı açsan, yüz il qonaq saxlaram

Oktyabrın 1-i İlkin  səhər çağı Gülsümə telefon açmışdı. Axşam tərəfi isə ona daha zəng çatmadı. Gülsüm gah pəncərəyə baxır, gah eyvandan şəhərə boylanırdı. Bir yerdə qərar tuta bilmirdi. Bir tərəfdən də onu yuxu tutmuşdu. El arasında erkən yatan adamı belə görəndə deyirlər ki, “elə bil ki, qəm yuxusu tutub filankəsi”. İndi Gülsümü də qəm yuxusu tutmuşdu. Birdən nə baş verdisə, böyük otaq gözlərində qaraldı. Gözündən divara bir məchul işıq axdı. Telefonu bir kənara qoyub yuxuya getdi. Yuxusunda gördü ki, qonşular onu harasa yola salır. Ortada qatar yolu var. Qatar yolunun o biri üzündə İlkin dayanıb. Gülsüm neyləyirsə yolu keçə bilmir. Qeybdən gələn bir səs ona deyir ki, siz getməyin, onun yolu başqadır. Siz avtobusla gedin. Əlacsız qalan Gülsüm İlkinə qışqırır ki, məni hara qoyub gedirsən ki... İlkin çiyinlərini çəkib, məlul-müşkül ona baxır, başını aşağı salıb bircə bu sözü deyir: “Neyləyim?”. Gördüyü yuxunun təsirindən hövlanak yerindən oyandı. Bir də baxdı ki, artıq səhər açılır.  

Sonra qapı döyüldü. Yaxın qonşusu Həmayil xala keçib onunla üzbəüz oturdu. Müharibədən, gündəlik baş verən hadisələrdən danışırdı. Tez-tez də deyirdi ki, dur uşaqları yedizdir. Elə bu vaxt İlkinin dayısından telefon zəngi gəldi, Cəbrayıl dayı telefonun o başından əvvəlcə gəlindən hal-əhval soruşdu. Sonra isə birdən ona acıqlandı:

- Ay qız, ayıb deyilmi sənə. Oturmusan Gəncədə, burada qaynanan komaya düşüb, sən də öz fikir-xəyalındasan. Ayıbdır, dur geyin, uşaqlarını da götür gəl. İlkin sənə heç nə deyən deyil. Biz hər şeyi yoluna qoyarıq.

Gəncənin küçələrində isə səsgücləndiricilərlə insanlara təlimatlar verilir və Ordumuzun irəliləməsi barədə xəbərlər səsləndirilirdi. Onların evi hərbi hissənin yaxınlığında olduğundan Gülsüm bütün günü həyətdən keçən hərbi maşınların hərəkətini izləyirdi. Lakin içərisində bir narahatlıq var idi. Dönüb Həmayil xaladan heç nə soruşmağa cürət etmirdi. Digər qonşu gəlinlərin-qızların da ona tez-tez etdikləri telefon zəngindən şübhələnsə də, bu fikri özünə yaxın buraxmırdı... İlkinin dayısının zəngini eşidən Həmayil xalanın elə bil ki, əlinə fürsət düşdü. . Cəbrayıl dayının fikrini təsdiq edib, o da bir az danladı gəlini.  Çünki özü Gülsümə bu qara xəbəri deyə bilməyəcəkdi. Dedi ki, düz deyirlər də, qaynanan komadadır, sən burda oturmusan, adama nə deyərlər, qızım. Dur tez yığış, get.

Onun bu sözünə Gülsüm :

- Bəs İlkindən xəbərsiz necə gedim, deməzmi ki, niyə mənə xəbər etmədin? - deyə sual etdi.

Həmayil xala:

-Ay qız, İlkinin başı Orduda qarışıqdır. Başqa yerə getmirsən ki, heç İlkin də zəng etsə, ona heç nə demə, - deyib, Gülsümün fikrini yayındıra bildi. Qonşular beləcə Gülsümü uşaqları ilə birlikdə taksi ilə Bakıya yola saldılar.

Yol boyu Gülsüm dayanmadan İlkinə zəng vursa da, telefonu cavab vermədi. Axşam gəlib evə çatanda həyəti adamla dolu gördü. Fikirləşdi ki, qaynanasına nəsə olub. Evə keçəndə isə qaynanası Asəmən xalanı adamların içərisində gördü. Və yalnız indi anladı ki, bu toplaşmanın bir adı var. İlkin! Bütün ümidləri qırıldı.

Oktyabrın 3-ü isə İlkinin nəşini döyüş bölgəsindən çıxarıb, Bakıya göndərdilər. Elvin və Emin gedib qardaş tabutunu dağın başında yerləşən həyətlərinə gətirdilər. Tabut həyətə girəndə Qələmşah otağa girib Asəməni səslədi:

- Asəmən, dur qonağını qarşıla. 

Asəmən bir zabiti qarşılayırdı. Fikirləşdi ki, hay-küy salsa, qara-qışqırıq etsə, İlkinin xoşuna gəlməz. İlkini sözlə oxşadı , dedi ki:

- Gör necə qonağım gəlib. Sinəsi ulduzlu, canı yaralı. Əyni-başı qanlı gəlib, bayrağa bükülüb gəlib! Həyətdə qohumlardan kimsə belə bir bayatı çəkdi:

Məktubu ağ saxlaram,

Yazmaram ağ sağlaram.

Bir də qapımı açsan,

Yüz il qonaq saxlaram.

Asəmən həmin an balasının qoxusunu hiss elədi. Sonuncu dəfə görüşəndə burnunda qalan qoxusu yenə ananın ciyərlərinə yayıldı. Yalnız indi inandı ki, qapısına gələn oğludu. Döyüşdən gəlmişdi. Yorulub gəlmişdi. 

Gülsüm də inandı tabutda gələnin sevgilisi, uşaqlarının atası, həyatının yarısı olduğuna. Hər vəchlə ayaq üstə dayanmağa çalışdı. Başını göy səmaya çevirib ürəyində Tanrısı ilə danışdı:

-Ay Allah, mənim bu ağır saatlarda ağlımı əlimdən alma, qoy onu özünə layiq qarşılayıb, yola sala bilim.

Şəhid zabiti adına layiq qarşılayıb, II Fəxri Xiyabanda dəfn etməyə yola çıxdılar. Tabut İlkinin ata evindən çıxanda Gülsüm əl çaldı. Həyətə yığılan hər kəs Azərbaycan Ordusunun zabitini alqışladı.

İndi keçən günlərini, xoş xatirələrini göz yaşı ilə xatırlayır gəlin Gülsüm:

- O gələndə uşaqların bayramı olurdu. Qızlar blokda dayanıb onun yolunu gözləyirdilər. Uşaqlarına qarşı o qədər həssas, sevgili idi ki... 5 ay Daşkəsəndə dağda, Murov tərəfdə qarın-çovğunun içərisində qulluq etdi. Yollar açılıb, qarlar əriyəndən sonra, may ayının 14-ü gəlib bizi apardı Gəncəyə. Şəmkirdə, Qazaxda, Daşkəsəndə işləyirdi, regiona hər yerdən yaxın Gəncə olduğundan, evi burada tutmuşduq. Oturub tək qalırdım. Bir aydan bir, iki həftədən bir görürdük. İşi ilə əlaqədar ətraf rayonlara hərbi təchizat aparırdı. Vaxt tapanda hətta gecənin bir aləmində 2 saatlıq da olsa, gəlib uşaqlarla görüşürdü. Mən də paltarlarını yuyub-təmizləyib qurudurdum ki, əyin başı təmiz görsənsin. Mən onun hərbi formasına çox hörmət edirdim. O hərbi formada olanda mağaza və dükanda onu qabağa verib, özüm arxasınca gedirdim. Həm də boyuna baxıb, fəxr edirdim. Sentyabrın 13-ü qızımın ad günü idi. Gəlmək istəyirdi. Dedim hələ gəlmə, maaşını almamısan. Dedi mütləq gəlməliyəm, borc alıb gəldi, uşağı sevindirdi. O günü elə yorğun idi ki... Sonra isə sentyabrın 19-u gəldi. Gözümə fikirli görünürdü. Əlimi Allaha açıb yalvarırdım ki, ay Allah sən bütün insanları qoru, mənim həyat yoldaşımı da gözdən qoyma, ona dayaq ol! Sentyabrın 24-ü şəxsi heyəti ailələri ilə görüşməyə buraxıblarmış. Mən ona dedim ki, İlkin deyirlər ki, müharibə olacaq. Gülə-gülə məni yanıltdı. Dedi ki, ay qız müharibə nədir. Sən mənə inan, qadınlara yox. Həmin gün gözümə elə gözəl, elə işıqlı göründü ki... Sanki simasında bir işıq yanırdı. Mənə elə gəldi ki, İlkinin gözlərində həsrət yanğısı var. Bir də başımı qaldırıb ona baxanda, o gözlərini qaçırtdı. İlkin həmişə evdən çıxanda bizim alnımızdan öpərdi. Bu dəfə isə uşaqları və məni qucaqlayıb, bərk-bərk köksünə sıxdı. Mən heç vaxt pəncərədən onun arxasınca baxmamışdım. Bu dəfə qaçıb arxasınca baxdım. Dönüb geri baxdı. Ürkək-ürkək əl elədi mənə... Gözlərimə sonuncu dəfə belə həkk olundu. 

Döyüş tapşırığını yerinə yetirirdi. Vaxt tapanda hərdən bizə zəng vururdu. Vətən müharibəsi başlayan o ağır günlərdə bir dəfə dedi ki, bir yaxşı iş görmüşəm. 45 manat pulum var idi. Verdim əsgərə gedib çeçenka papaq aldı, payladım uşaqlara. Dedim ki, nə lazımdırsa, biz də alıb göndərək. Dedi lazım deyil. Sonra bir qəribə söhbət etdi mənimlə. Dedi ki, hə, Günka, təsəvvür elə ki, müharibə başlayıb. İndi mən sənə sual verirəm. Müharibədə camaatın yoldaşı gedir, illərlə qayıtmırdı. İllər keçib. Müharibə bitib. Mənim balam məktəbdə oxuyur, yəqin oğlum da 9-da oxuyur. Elə bil ki, biz görüşmürük... Sözünü yarımçıq kəsdim. Dedim nə qəribə xəyallar qurursan. Güldü. Söhbəti dəyişdi, sonra Uğurla danışdı. Bu bizim son danışığımız oldu. 2019-cu ildə uşaqları yığıb Xoşbulağa dağa apardı. İndi Uğur elə bilir ki, atası dağdadır. Deyir ki, qar yağıb, ata oradan düşə bilmir, qar qurtaran kimi atam gələcək. Uğur məndən nədən qara geyinməyimin səbəbini soruşur. Deyirəm ki, oğul bu rəng mənə yaraşır.

Biz İlkinlə belə arzular etməmişdik. Belə olmamalıydı, biz ayrılmamalıydıq. Mən elə bir dost, elə bir həyat yoldaşı, elə bir ata və elə bir oğul itirmişəm ki, ondan dünyaya tək-tək gələr. O əsgərlərinə də öz doğması kimi baxırdı. 2016-cı ilin aprelində evimizin yaxınlığındakı Gəncə hospitalından çıxmadı. Yaralı zabit dostlarına, əsgərlərə yardım etdi. Gedib qan verirdi, gəlirdi evə. Mən də ona şirin çay hazırlayırdım ki, bədəni bərkisin. Orada yatan yaralılara evdən yemək aparırdı. Bəzən də olurdu ki,  o da şəhid olan zabit və ya əsgərin tabutunu şəxsi heyətlə  qapısına aparırdı. Orada ağlaya bilmirdi. Gəlib evdə hönkür-hönkür ağlayırdı. Deyirdi ki, şəhidin övladı qaçıb ayaqlarımdan qucaqladı, və ya məni atası bilib qucağıma qaçdı... Belə hadisələr onun ürəyində silinməz acılı izlər açırdı.

Həyatın o qədər sərt qanunları var ki... İndi mən o qanunlara boyun əyərək yaşayacam ki, İlkinimin yadigarlarını böyüdüm. Mənim həyatım, gəncliyim məhv oldu. Mən İlkinli dünyamda qalan özüm üçün, həmin Gülsüm üçün darıxıram. Mən də onunla eyni gündə ölmüşəm.

Dəryada dəryalıqlar,

Bəzəyidir balıqlar.

Nə bu görüş olaydı, 

Nə də bu ayrılıqlar..

Vətən müharibəsi qəhrəmanları Vətənimizə şərəf, başucalığı gətirdilərsə də, onları sevən yaxınlarının doğmalarının həyatına silinməz ayrılıq həsrəti yazıb getdilər. Möhtəşəm tarix yazdılar. Lakin o tarixin içərisində həm də ayrılıqların acısı yaşayır. Azərbaycan Ordusunun mayoru, İlkin Qələmşah oğlu Əəhədzdə dəfələrlə xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdu. Vətən uğrunda döyüşlərdə şəhid oldu. Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “İgidliyə görə” medalları ilə təltif olunub. 

Vətən şəhidinin üç balası Vətənə əmanət qalıb, 12 yaşlı Fidan, 6 yaşlı Ləman və 5 yaşlı Uğur balamız. 

Öz peşəsinin vurğunu olan İlkin Qələmşah oğlu Əhədzadə döyüşün ilk günlərindən Ordumuzun qələbə qazanacağı haqqında doğmalarına və həyat yoldaşına demişdi. 8 noyabr Zəfərini görmədi. Özü 26 iyun 1985-ci ildə doğulmuşdu, Azərbaycanın Ordu günündə. Oğlu Uğur isə 8 noyabr 2016-cı ildə doğulub. Onların adları ilə, doğum tarixləri ilə ölkəmizin qürurverici tarixləri bağlıdır. 

Müəllif:Aida Eyvazlı

Xüsusi olaraq Oxu24.com saytı üçün