Qaynar xətt:

(+99450) 247 90 86

"Cəza siyasətində mülayimlik güclənir"  -  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucdan AÇIQLAMA

news/2025_12_15/zahhh_1765817814.jpg

SİYASƏT

102

15.12.2025, 20:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Prezident tərəfindən Milli Məclisə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Oxu24.com xəbər verir  ki, Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü və Konstitusiyanın 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən Amnistiya aktının irəli sürülməsi alqışalayiq, cəmiyyətimizdə birliyi və həmrəyliyi gücləndirən mühüm hüquqi, siyasi və mənəvi addımdır:

"Qeyd etmək vacibdir ki, son 30 ildə əfv və amnistiya institutları humanist hüquq siyasətinin ayrılmaz tərkib hissəsi olub. Bu müddətdə 70-dən çox əfv xarakterli qərar, 10-dan artıq amnistiya aktı qəbul edilib. Amnistiya təşəbbüslərinin bir neçəsi hörmətli Mehriban xanım Əliyeva tərəfindən parlament üzvü olduğu dövrdə irəli sürülüb. Nəticə etibarilə, on minlərlə insan bu qərarlardan faydalanıb və bu, təkcə ailələrin sevinci deyil, bütövlükdə hüquq sisteminin humanistləşməsinə xidmət edib.

Gözlənilən amnistiya aktı miqyasına və əhatə dairəsinə görə əvvəlkilərdən fərqlənir. Təxminən 20 min insan bu qərardan bəhrələnəcək, onlardan 5 minə yaxını tam azadlığa buraxılacaq, 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması ilə bağlı cəzalarına xitam veriləcək, 3 mindən artıq məhkumun isə cəzasının qalan hissəsi azaldılacaq. Bu qərar minlərlə insan üçün yeni həyat mərhələsinin başlanğıcı deməkdir və onların mühüm hissəsinin Qarabağın bərpasına, yeni vətən quruculuğuna töhfə verəcəyinə inanırıq".

Komitə sədri vurğulayıb ki, Amnistiya aktının preambulasında Vətən müharibəsində iştirak edənlərə, Xankəndi zəfərinə qatılanlara, Ermənistanın təxribatları və raket hücumları nəticəsində zərər çəkmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqətin ayrılması bu qərarın sosial ədalət və mənəvi dəyər daşıdığını göstərir:

"Bu addım eyni zamanda insan haqları mövzusu üzərindən Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən dairələrin arqumentlərinə də ciddi təsir göstərəcək. Hüquq sistemi daha da humanistləşir, cəza siyasətində mülayimlik güclənir, cəzaçəkmə müəssisələrində sıxlığın azalmasına şərait yaranır.

Hesab edirik ki, bu amnistiya aktı ölkədə siyasi konsensusa, barış və dialoq mühitinin möhkəmlənməsinə xidmət edəcək. Siyasi partiyalar və ictimai-siyasi qüvvələr bu qərarı düzgün qiymətləndirəcək, parlament isə Zəfərimizin möhkəmlənməsinə və milli birliyə xidmət edən bu təşəbbüsə müsbət münasibətini ifadə edəcək.

Amnistiya ümumxalq alqışını qazanacaq, dövlət ətrafında birliyi daha da gücləndirəcək və Azərbaycanın humanist hüquq siyasətinin növbəti bariz nümunəsi kimi tarixə düşəcək. Bu məsələ ətrafında ayrı-ayrı xarici düşmən dairələrinin tezislərinə əsaslanaraq, ölkəmizə, hakimiyyətə hücum edənlər bu aministiya qərarı nəticəsində öz baxışlarında dəyişikliklər edəcək. Azərbaycanın çoxmilyonlu əhalisinin iradəsi ilə barışacaqlar. Onların da münasibətlərində bütün məsələlri qaralamaq deyil, onların baxıçşları tam eyni olmayan addımları da onlar yüksək qiymətləndirərlər".