Ermənistan bizə uyğun olmayan addımlar atıb - Şoyqu
20 May 2026, 20:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2449
21.11.2025, 11:02
Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları,
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.
Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.
Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.
Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.
Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.
Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.
Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.
D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm".
22:19 / 20 May 2026
1
22:14 / 20 May 2026
11
22:10 / 20 May 2026
57
22:08 / 20 May 2026
70
22:05 / 20 May 2026
18
22:03 / 20 May 2026
25
22:02 / 20 May 2026
28
22:00 / 20 May 2026
27
21:57 / 20 May 2026
29
21:53 / 20 May 2026
31
21:52 / 20 May 2026
58
21:42 / 20 May 2026
140
21:39 / 20 May 2026
30
21:39 / 20 May 2026
44
21:35 / 20 May 2026
36
21:33 / 20 May 2026
34
21:27 / 20 May 2026
272
21:23 / 20 May 2026
65
21:15 / 20 May 2026
43
21:04 / 20 May 2026
265
20:31 / 20 May 2026
55
20:19 / 20 May 2026
78
20:17 / 20 May 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.