Makron İlham Əliyevə zəng vurub
21 May 2026, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
668
12.11.2025, 12:32
Prezident İlham Əliyev “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
Düz 30 il əvvəl bu gün – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.
Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.
Əsas Qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.
Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir.
Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.
Bir daha Sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".
15:24 / 21 May 2026
1
15:02 / 21 May 2026
60
15:01 / 21 May 2026
154
14:59 / 21 May 2026
30
14:53 / 21 May 2026
33
14:49 / 21 May 2026
32
14:47 / 21 May 2026
44
14:34 / 21 May 2026
105
14:02 / 21 May 2026
67
14:01 / 21 May 2026
146
13:57 / 21 May 2026
52
13:44 / 21 May 2026
72
13:35 / 21 May 2026
202
13:31 / 21 May 2026
151
13:27 / 21 May 2026
70
13:26 / 21 May 2026
60
13:08 / 21 May 2026
59
13:05 / 21 May 2026
61
13:01 / 21 May 2026
57
12:53 / 21 May 2026
227
12:50 / 21 May 2026
307
12:47 / 21 May 2026
117
12:39 / 21 May 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.