Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

CƏMİYYƏT

45

05.10.2026, 18:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli geosiyasi dəyişikliklər dövlətlərin xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirməsini tələb edir. Regional güc balansının qorunması və milli maraqların təmin edilməsi mövcud mürəkkəb şəraitdə hər bir ölkə üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında və digər mötəbər çıxışlarında vurğuladığı prinsipial möqeyə əsasən, ölkəmiz müstəqil və balansı qoruyan siyasət xəttinə sadiqdir.

Rəsmi Bakının Şimalla, Cənubla, Şərqlə və Qərblə eyni vaxtda maraqlarını uzlaşdırması Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Bu çoxvektorlu diplomatik strategiya ölkəmizin həm regional, həm də qlobal müstəvidə nüfuzunu artıraraq onu geosiyasi proseslərin fəal iştirakçısına çevirir. 

Bununla belə, qlobal güc mərkəzləri arasında dərinləşən ziddiyyətlər fonunda bu balansı saxlamaq müəyyən diplomatik və strateji çağırışları da ortaya çıxarır. Mövcud risklərdən sığortalanmaq və regional sabitliyə töhfə vermək üçün çoxşaxəli tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Azərbaycanın yürütdüyü bu uğurlu xarici siyasət kursu, onun qazandırdığı üstünlüklər və qarşıda duran əsas vəzifələr politoloqların da diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri ardıcıl və balanslaşdırılmış xarici siyasət yürüdür:

"Azərbaycan özünün milli maraqlarını qorumaqla yanaşı, digər dövlətlərin də maraqlarına hörmətlə yanaşır. Ölkəmiz başqalarının onun daxili işlərinə qarışmasına imkan vermədiyi kimi, özü də heç bir dövlətin daxili işlərinə müdaxilə etmir”.

Politoloq qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra regionda yeni geosiyasi reallıqlar və geniş imkanlar yaranıb. Məhz bu uğurların nəticəsidir ki, xarici mütəxəssislər və ekspertlər artıq Azərbaycanı "orta güc" kimi dəyərləndirirlər.

Oqtay Qasımov rəsmi Bakının qlobal və regional güclərlə münasibətləri tarazlı şəkildə inkişaf etdirdiyini diqqətə çatdırıb:

”Azərbaycan ABŞ və Çin kimi dünya siyasətinin aparıcı gücləri ilə strateji tərəfdaşlıq münasibətlərini uğurla qurur və dərinləşdirir. Regionun əsas aktorları olan Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətləri yüksək səviyyədə saxlanılır”.

Politoloq eyni zamanda vurğulayıb ki, İranla müəyyən dövrlərdə yaşanmış gərginliklərə baxmayaraq, münasibətlərin normallaşdırılması istiqamətində fəal proseslər davam edir:

“Ölkəmiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və xüsusilə son illərdə beynəlxalq nüfuzu kəskin artan Türk Dövlətləri Təşkilatında mühüm rol oynayır.

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə "C5" formatında tamhüquqlu tərəfdaş kimi qəbul olunub ki, bu da Xəzər regionu və Mərkəzi Asiyanın vahid geosiyasi məkan kimi strateji önəmini artırır”.

Yekunda Oqtay Qasımov əlavə edib ki, hazırda dünyada gedən mürəkkəb və gərgin proseslər fonunda Azərbaycanın yürütdüyü bu çoxvektorlu, balanslı siyasət ölkəni potensial risklərdən sığortalamağa, onun milli gücünü artırmağa və dövlət maraqlarını etibarlı şəkildə qorumağa xidmət edir.

Çimnaz Telmanqızı