Tələbə VƏFAT ETDİ -FOTO
17 Noyabr 2026, 19:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
17.11.2026, 19:40
İnsan bəzən sağlığında edə bilmədiyi ən böyük yaxşılığı ölümündən sonra edə bilər. Bir insanın dünyasını dəyişməsi başqa bir insanın həyatının xilas edilməsi ilə nəticələnə bilər. Söhbət orqan donorluğundan gedir. Dünyanın bir çox ölkəsində minlərlə insan donor orqanı sayəsində həyata yenidən bağlanır. Son dövrlər Azərbaycanda da bu sahəyə marağın artması diqqət çəkir.
Məlumata görə, Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün müvafiq reyestrdə qeydiyyatdan keçib. Bu isə həmin şəxslərin ölümündən sonra donor orqanlarının transplantasiya məqsədilə istifadəsinə əvvəlcədən razılıq verdikləri deməkdir. Hazırda 1500-dən çox vətəndaşın isə orqan transplantasiyası üçün növbə gözlədiyi bildirilir. Bu rəqəmlər orqan donorluğunun nə qədər vacib olduğunu bir daha göstərir. Çünki transplantasiya gözləyən hər bir insan üçün uyğun donorun tapılması sadəcə tibbi prosedur deyil, həyata qayıtmaq ümidi deməkdir.
Mövzu ilə bağlı danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov Oxu24.com-a bildirib ki, şəxs sağlığında donor olmaqla bağlı rəsmi qaydada yazılı razılığını təqdim edibsə, onun ölümündən sonra ailənin razılığına ehtiyac yoxdur. Onun sözlərinə görə, bu yazılı razılıq hüquqi qüvvəyə malik sənəd sayılır və vəfat etmiş şəxsin iradəsini ifadə edir:
“Lakin şəxs sağlığında heç bir ərizə verməyibsə və donor olmaqla bağlı iradəsini sənədlə bildirməyibsə, bu halda ailənin yaxın üzvlərindən birinin yazılı razılığı tələb olunur.
Ölümdən sonra donor olmaq üçün iki əsas üsul var: ərizə ilə müraciət və onlayn qeydiyyat. Ərizə ilə donor olmaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə yaxınlaşaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş ərizə formasını doldurmalıdırlar.
Transplantasiya yalnız beyin ölümü diaqnozu təsdiq edilmiş hallarda icra olunur. Beyin ölümü insanın bütün beyin funksiyalarının, o cümlədən beyin kötüyünün tam şəkildə dayanmasıdır. Bu vəziyyət tibbi və hüquqi baxımdan bioloji ölüm deməkdir. Həkimlər donorun orqanlarını tibbi baxımdan qiymətləndirir və yalnız uyğun hesab olunan orqanlar istifadə olunur”.
Meyit donorun orqanları necə seçilir və kimə verilir sualını hüquqşünas belə cavablandırıb:
“Seçim prosesi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vahid informasiya sistemi vasitəsilə aparılır. Bu sistem orqan üçün ən uyğun resipienti tibbi göstəricilər əsasında avtomatik şəkildə müəyyən edir.
Bu göstəricilərə resipientin orqan ehtiyacı, uyğunluq dərəcəsi (qan qrupu, toxuma uyğunluğu və s.), tibbi vəziyyəti və gözləmə siyahısındakı yeri daxildir. Sistem subyektiv müdaxiləni tamamilə istisna edir, seçim tamamilə obyektiv meyarlara əsaslanır. Beləliklə, donor orqanları ən ədalətli və effektiv şəkildə istifadə olunur və daha çox insanın həyatını xilas etməyə imkan yaradır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsində deyilir ki,
- insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi;
- şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə;
- İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi”.
Fariz Əkbərov onu da əlavə edib ki,həmin əməllərə görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməklə, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduğu halda isə yuxarı həddi yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit edilmişdir:
“Qeyd olunan cinayətlər törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulan əməllərin dairəsinə əlavə edilmişdir.
Həmçinin İnzibati Xətalar Məcəlləsinə yeni 162-1-ci (İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması) maddə əlavə edilməklə, aşağıdakı əməllərə görə inzibati məsuliyyət müəyyən edilmişdir:
-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı;
- orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmaması;
- canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmaması;
-canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsi;
- şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılması”.
Oxu24.com- a danışan tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, vəfat etmiş şəxslərin transplantasiya üçün yararlı orqanlarından istifadə edilməsi həm xəstələrin həyatının xilas olunmasına, həm də ölkədə transplantologiyanın inkişafına mühüm töhfə verə bilər.
Onun sözlərinə görə, bəzi hallarda vəfat edən şəxslərin sağlam və funksional orqanları transplantasiya üçün istifadə edilmədən itirilir. Halbuki həmin orqanlar vaxtında götürüldüyü və müvafiq şəraitdə qorunduğu təqdirdə ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində mühüm rol oynaya bilər.
Ekspert qeyd edib ki, transplantasiya üçün orqanların götürülməsində zaman amili xüsusi əhəmiyyət daşıyır. Belə ki, ölüm baş verdikdən sonra qan dövranının dayanması nəticəsində orqan və toxumalarda funksional dəyişikliklər, eləcə də zədələnmə prosesləri başlayır. Buna görə də transplantasiya üçün yararlı orqanlar tibbi və hüquqi prosedurlara uyğun olaraq qısa müddətdə götürülməli, xüsusi konservasiya şəraitində saxlanılmalıdır.
R.Bağırov vurğulayıb ki, hər vəfat etmiş şəxsin orqanı transplantasiya üçün yararlı hesab edilmir. Orqanların istifadəsi donorun sağlamlıq vəziyyətindən, ölüm səbəbindən, infeksion xəstəliklərin mövcudluğundan və digər tibbi göstəricilərdən asılıdır. Məsələn, bəzi infeksion xəstəliklər zamanı orqanların transplantasiyası məhdudlaşdırıla və ya mümkün olmaya bilər.
Ekspert patoloji-anatomik müayinələrin əhəmiyyətinə də diqqət çəkib. Onun fikrincə, ölüm səbəblərinin dəqiq müəyyənləşdirilməsi səhiyyə sisteminin inkişafı, xəstəliklərin öyrənilməsi və tibbi diaqnostikanın təkmilləşdirilməsi baxımından vacibdir.
O bildirib ki, patoloji-anatomik müayinələrin kifayət qədər aparılmaması bir sıra xəstəliklərin və ölüm səbəblərinin araşdırılmasını çətinləşdirir. Bu sahənin inkişafı tibbi elmin məlumat bazasının genişlənməsinə və gələcəkdə müalicə üsullarının təkmilləşdirilməsinə şərait yarada bilər.
R.Bağırov əlavə edib ki, Azərbaycanda hazırda böyrək və qaraciyər transplantasiyası həyata keçirilir:
“Bu istiqamətlərdə meyit donorlarından istifadənin genişləndirilməsi transplantasiya gözləyən xəstələrin imkanlarını artıra bilər. Çünki xaricdən donor orqanlarının əldə edilməsi və transplantasiya əməliyyatlarının təşkili bir çox xəstə üçün ciddi maliyyə çətinlikləri yaradır. Meyit donorluğu sisteminin inkişafı üçün cəmiyyətin məlumatlandırılması, əhalinin maarifləndirilməsi və orqan donorluğuna münasibətin dəyişməsi vacibdir. İnsanlara bu prosesin tibbi əhəmiyyəti, hüquqi çərçivəsi və donor orqanlarının digər insanların həyatını xilas etmək imkanları düzgün izah edilməlidir”.
İlahiyyatçı Əkrəm Həsənov Oxu24.com-a bildirib ki, orqan nəqli və insanın ölümündən sonra orqanlarının bağışlanması İslam hüququnda müasir tibbin inkişafı ilə aktuallaşan, həm dini, həm də mənəvi və etik baxımdan həssas məsələlərdəndir:
“Mən bu məsələyə bir qədər ehtiyatla yanaşıram. Çünki insan bədəni adi bir əşya deyil. Allah insanı müəyyən bir bədən quruluşunda yaradıb və bu bədən insana verilmiş bir əmanətdir. İnsan da həmin əmanəti bacardığı qədər qorumalıdır.
Qurani-Kərimdə buyurulur: «Biz Adəm övladlarını şərəfli və hörmətli etdik» (əl-İsra, 17:70). Bu ayə insanın yaradılışına, şəxsiyyətinə və bədəninə verilən dəyəri göstərir. İnsan öz bədəninə istədiyi kimi müdaxilə edə bilən mütləq mülkiyyət sahibi kimi deyil, Allah qarşısında məsuliyyət daşıyan bir varlıq kimi yanaşmalıdır.
Digər tərəfdən, İslam insan həyatının qorunmasına da xüsusi əhəmiyyət verir. Quranda belə buyurulur: «Kim bir insanı yaşadarsa, sanki bütün insanları yaşatmış olar» (əl-Maidə, 5:32). Həmçinin, «Öz əllərinizlə özünüzü təhlükəyə atmayın» (əl-Bəqərə, 2:195) buyurulur. Deməli, burada iki mühüm prinsip qarşılaşır: insan bədəninin toxunulmazlığı və insan həyatının qorunması. Məsələyə yalnız bu prinsiplərdən birini əsas götürərək yanaşmaq düzgün olmaz.
Peyğəmbərimizin (s.ə.s) Aişədən (r.a) rəvayət edilən səhih hədisində belə buyurulur: «Meyitin sümüyünü sındırmaq onu sağ ikən sındırmaq kimidir» (Əbu Davud, 3207). Bu hədis insanın ölümündən sonra da onun bədəninə hörmətlə yanaşılmasının vacibliyini göstərir. Yəni insan öldükdən sonra onun bədəni dəyərsizləşmir və meyitə qarşı istənilən müdaxilə məqbul sayıla bilməz.
Lakin müasir İslam alimləri bu hədisi orqan nəqlinin bütün formalarını qadağan edən mütləq hökm kimi qəbul etmirlər. Onların bir qismi hesab edir ki, əgər insanın ölümü qəti şəkildə təsdiqlənibsə, əvvəlcədən razılığı varsa, başqa bir insanın həyatını xilas etmək üçün zəruri tibbi ehtiyac mövcuddursa və meyitin hörməti qorunursa, müəyyən orqanların nəqlinə icazə verilə bilər”.
İlahiyyatçının sözlərinə görə, bu məsələdə beynəlxalq İslam fiqh qurumlarının da qərarları mövcuddur:
“İslam Əməkdaşlıq Təşkilatının nəzdində fəaliyyət göstərən Beynəlxalq İslam Fiqh Akademiyası 1988-ci ildə Ciddədə keçirilən iclasında orqan nəqli məsələsini müzakirə edərək müəyyən şərtlərlə ölüdən diri insana orqan köçürülməsini mümkün hesab etmişdir. Akademiyanın mövqeyinə görə, nəql edilən orqan insanın həyatını xilas etmək və ya onun əsas funksiyalarından birini bərpa etmək üçün zəruri olmalıdır. Bunun üçün insanın sağlığında razılığı və ya ölümündən sonra varislərinin icazəsi kimi şərtlər də nəzərə alınmalıdır.
Misir Dar əl-İfta qurumunun 2025-ci ildə verdiyi fətvada da ölümündən sonra orqan bağışlanması müəyyən şərtlərlə icazəli hesab edilmişdir. Burada insanın ölümünün qəti təsdiqlənməsi, əvvəlcədən könüllü razılıq, meyitin ləyaqətinin qorunması, tibbi zərurət və orqanların alınıb-satılmaması əsas şərtlər kimi göstərilir.
Mən də İstanbulda iştirak etdiyim İslam Tibb Konfransında bu məsələ ilə bağlı bəzi İslam alimlərinin müzakirələrini dinləmişəm. Həmin alimlərdən bəziləri bir insanın həyatının xilas edilməsi üçün orqan nəqlinin müəyyən şərtlərlə icazəli olduğunu əsaslandırırdılar. Bu müzakirələr göstərirdi ki, müasir İslam alimləri tibbin inkişafı ilə ortaya çıxan məsələlərə yalnız zahiri yanaşma ilə deyil, həm də şəriətin məqsədləri, insan həyatının qorunması və tibbi zərurət baxımından yanaşırlar”.
İlahiyyatçı orqan nəqli məsələsində alimlər arasında tam yekdil mövqe olmadığını vurğulayıb:
“İcazə verənlər də, insan bədəninin toxunulmazlığını əsas götürərək buna qarşı çıxanlar da var. Xüsusilə beyin ölümü məsələsində ciddi fiqhi və tibbi mübahisələr mövcuddur. Beynəlxalq İslam Fiqh Akademiyasının qərarlarında beyin və tənəffüs funksiyalarının geri dönməz dayanması ilə ürək və tənəffüs fəaliyyətinin tam dayanması ayrı ölüm halları kimi nəzərdən keçirilir. Bəzi müasir fiqh qurumları isə yalnız ürək və tənəffüs fəaliyyətinin geri dönməz dayanmasını ölümün təsdiqi üçün əsas qəbul edirlər. Buna görə də bu məsələdə tələskən qərar vermək olmaz”.
Əkrəm Həsənov şəxsi mövqeyindən çıxış edərək, insanın Allahın ona bəxş etdiyi bədəninin ölümündən sonra da qorunmasını istəməsini daha doğru yanaşma hesab edir:
“Düşünürəm ki, insan necə yaradılıbsa, bədəninə də o şəkildə hörmətlə yanaşılmalıdır. Ancaq bu, orqan nəqlini müəyyən şərtlərlə icazəli hesab edən alimlərin fikirlərini əsassız saydığım və ya onları yanlış mövqedə ittiham etdiyim anlamına gəlmir. Onların da Qurana, sünnəyə və İslam hüququnun ümumi prinsiplərinə əsaslanan ciddi elmi dəlilləri var. Bu məsələdə öz şəxsi ehtiyatımı hamı üçün məcburi dini hökm kimi təqdim etməyi doğru hesab etmirəm.
Müsəlman insan ölümündən sonra orqanlarını yalnız başqa bir müsəlmana bağışlamalıdırmı sualına gəldikdə isə, mən burada dini və milli mənsubiyyəti insan həyatının dəyərindən üstün tutmağın doğru olmadığını düşünürəm.
Qurani-Kərimdə Allah-Təala buyurur: «Allah din uğrunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq və ədalət göstərməyinizi sizə qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli olanları sevir» (əl-Mümtəhinə, 60:8).
Bu ayə göstərir ki, İslam insanlarla münasibətdə yalnız dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi qəbul etmir. Əgər bir insanın həyatını xilas etmək mümkündürsə, onun müsəlman, xristian, yəhudi və ya başqa bir dinə mənsub olması insan həyatının dəyərini dəyişdirmir. Müasir İslam fiqh qurumlarının bir çoxu da müsəlmanın orqanının qeyri-müsəlmana, qeyri-müsəlmanın orqanının isə müsəlmana köçürülməsini müəyyən şərtlərlə icazəli hesab edir”.
İlahiyyatçı sonda əlavə edib ki, orqam nəqli heç bir halda ticarətə çevrilməməli, insan bədəni maddi qazanc vasitəsi kimi istifadə olunmamalıdır:
“Orqanların satılması, ehtiyacı olan insanların istismar edilməsi, insanın razılığı olmadan onun bədəninə müdaxilə edilməsi qəbuledilməzdir. Həmçinin, ölümün təsdiqi müstəqil və ixtisaslı həkimlər tərəfindən aparılmalı, orqan götürülməsi prosesi meyitin ləyaqətinə uyğun həyata keçirilməlidir.
Düşünürəm ki, bu məsələdə insan bədəninin Allah tərəfindən verilmiş əmanət olması prinsipini əsas kimi götürmək lazımdır. Orqan bağışlamağa razı olmayan insanın seçiminə də hörmətlə yanaşılmalıdır. Eyni zamanda, bunu insan həyatını xilas etmək məqsədilə müəyyən şərtlərlə icazəli hesab edən alimlərin ictihadını da nəzərə almaq lazımdır. Dini məsələlərdə fərqli elmi mövqelərin mövcudluğunu qəbul etmək, bir-birimizi ittiham etmədən dəlilləri müzakirə etmək daha doğru yanaşmadır. İslamın məqsədi insanın həm həyatını, həm də ləyaqətini qorumaqdır”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.
19:51 / 17 Noyabr 2026
16
19:39 / 17 Noyabr 2026
53
19:28 / 17 Noyabr 2026
202
19:21 / 17 Noyabr 2026
63
19:14 / 17 Noyabr 2026
75
19:09 / 17 Noyabr 2026
75
19:06 / 17 Noyabr 2026
179
18:57 / 17 Noyabr 2026
93
18:55 / 17 Noyabr 2026
92
18:50 / 17 Noyabr 2026
97
18:40 / 17 Noyabr 2026
388
18:38 / 17 Noyabr 2026
92
18:28 / 17 Noyabr 2026
98
18:21 / 17 Noyabr 2026
106
17:59 / 17 Noyabr 2026
104
17:49 / 17 Noyabr 2026
96
16:51 / 17 Noyabr 2026
117
16:34 / 17 Noyabr 2026
129
16:29 / 17 Noyabr 2026
120
16:21 / 17 Noyabr 2026
144
16:12 / 17 Noyabr 2026
128
15:57 / 17 Noyabr 2026
160
15:43 / 17 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.