Qaynar xətt:

(+99450) 247 90 86

Qurbanı bu formada kəsənlər savabdan çox günah qazanır — AÇIQLAMA

Qurbanı bu formada kəsənlər savabdan çox günah qazanır — AÇIQLAMA

CƏMİYYƏT

130

14.05.2026, 23:13

Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi təkcə dini ibadət deyil, həm də ciddi gigiyenik və ictimai məsuliyyət tələb edən bir prosesdir. Son illər bir çox ölkələrdə bu prosesin yalnız xüsusi satış və kəsim məntəqələrində həyata keçirilməsi məsələsi daha çox aktuallıq qazanır. Bu yanaşma həm dini qaydalara düzgün əməl olunması, həm də şəhər mühitində sanitar normaların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İslamda qurban kəsimi ilə bağlı müəyyən edilmiş əsas qaydalar isə həm heyvana münasibət, həm də təmizlik və ədəb prinsipləri üzərində qurulub.

 Oxu24.com  xəbər verir ki məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Demokrat.az-a bildirib ki, qurban kəsimi üçün bir çox müsəlman ölkələrində xüsusi kəsim yerləri mövcuddur:

"Bu ənənə qədim dövrlərdən də formalaşıb. Kiminsə harada gəldi, yol kənarında, həyətində və ya ictimai yerlərdə heyvan kəsməsi düzgün hesab olunmur. Hər yeri sallaqxanaya çevirmək dinə də uyğun deyil. Din təmizlik və ədəbə xüsusi önəm verir. Çox vaxt insanlar heyvanı kəsdikdən sonra dərisini və içalatını yol kənarına və ya zibil qutularına atırlar. Bu isə arzuolunan hal deyil. Belə qalıqlar küçə heyvanları tərəfindən dağıdılır və nəticədə antisanitariya yaranır. İslamda isə təmizlik imanın yarısı kimi qiymətləndirilir".

İlahiyyatçı deyib ki, qurban kəsib savab qazanmaq əvəzinə ətraf mühiti çirkləndirib başqalarına narahatlıq yaratmaq doğru deyil:

"Tullantıların atılması üçün xüsusi yerlər yoxdursa, onların torbalara yığılaraq müvafiq tullantı məntəqələrinə təhvil verilməsi daha məqsədəuyğundur. Bu problemlərin qarşısını almaq üçün hər qəsəbə və şəhərdə qurban kəsimi üçün xüsusi məkanların yaradılması vacibdir. Hazırda bir çox qəssabın da kütləvi kəsim üçün lazımi şəraiti yoxdur və buna görə insanlar məcburən evlərində və ya açıq məkanlarda kəsim həyata keçirirlər.

Qurbanlıq heyvanlar əsasən inək, camış, dəvə, keçi və qoyundur. Böyük buynuzlu heyvanlar isə bir neçə nəfərin birləşərək alıb kəsməsi və bölməsi ilə də qurban edilə bilər. Bunun üçün isə uyğun məkan və təşkilati şəraitin olması əsas şərtdir", - deyə o qeyd edib.