Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan - Ermənistan əlaqələrinin inkişafı hansı müsbət nəticələr verir?   — Ölkəmizin qazancı AÇIQLANDI

Azərbaycan - Ermənistan əlaqələrinin inkişafı hansı müsbət nəticələr verir?   — Ölkəmizin qazancı AÇIQLANDI

CƏMİYYƏT

88

15.04.2026, 20:37

Azərbaycan Ermənistana Yanacaq İxracını Artırır

Regionda davamlı sülhün iqtisadi təməlləri möhkəmlənir. Azərbaycanın Ermənistana birbaşa yanacaq ixracı və tranzit imkanlarının genişlənməsi Cənubi Qafqazın iqtisadi xəritəsini yenidən formalaşdırır.

Son dövrlərdə Azərbaycan və Ermənistan arasında iqtisadi yaxınlaşmanın ən bariz nümunəsi enerji sahəsində müşahidə olunur. Əldə olunan məlumata görə, dünən Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac edilib. Paralel olaraq, Rusiyadan Ermənistana gedən 4 vaqon gübrə Azərbaycan ərazisindən tranzitlə ötürülüb. Xatırladaq ki, bu prosesin əsası 18 dekabr 2025-ci ildə qoyulub və sonuncu böyük tədarük (887 ton dizel) aprelin 11-də reallaşıb.

İqtisadçı Eyyub Kərimli məsələ ilə bağlı Oxu24.com-a  bildirib ki, bu əlaqələr təkcə iki ölkə üçün deyil, bütün region üçün strateji əhəmiyyət kəsb edir.

Ekspertin fikrincə, yanacaq tədarükünün artması aşağıdakı müsbət tendensiyalara yol açır. Azərbaycan neft məhsullarının Ermənistana ixracı bu ölkənin digər bazarlardan (xüsusilə Rusiyadan) birtərəfli asılılığını azaldır və onlara daha ucuz yanacaq əldə etmək imkanı verir. Rusiyadan gələn yüklərin Azərbaycan vasitəsilə Ermənistana daşınması ölkəmizin tranzit potensialını gücləndirir və əlavə gəlir mənbəyi yaradır.

Azərbaycan öz məhsulları üçün yeni bir satış bazarı qazanır ki, bu da qeyri-neft sektorunun və ümumi ixracatın dinamikasına müsbət təsir edir.

İqtisadi inteqrasiya tərəflər arasında etimad mühitinin yaranmasında həlledici rol oynayır. Bazar münasibətlərinin qurulması gələcəkdə Zəngəzur dəhlizinin açılması üçün də real zəmin hazırlayır.

"İqtisadi əlaqələr iki ölkənin sülh şəraitində yaşamasına, biznesin inkişafına və iqtisadi inteqrasiyaya ciddi təsir göstərir. Azərbaycanın Ermənistan iqtisadiyyatına yönləndirdiyi yanacaq bu ölkəni iqtisadi baxımdan regionun əsas oyunçusuna bağlayır ki, bu da sülhün qarantıdır”,– deyə Eyyub Kərimli vurğulayıb.

Azərbaycan və Ermənistan arasında iqtisadi tellərin bərpası regionda siyasi gərginliyin azalmasına və "iqtisadi sülh" modelinin tətbiqinə imkan verir. Yanacaq tədarükünün davamlı xarakter alması Cənubi Qafqazın qlobal logistik layihələrdəki cəlbediciliyini daha da artıracaqdır.

Çimnaz Telmanqızı