Türkiyədən Azərbaycana gələn məşhur general KİMDİR?
11 Mart 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
916
11.03.2026, 19:15
İran İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei hazırda dünyada ən çox müzakirə olunun siyasi fiqurlardan biridir. Təbii ki, İranda ali dini lider postunda baş verən dəyişiklik region üçün yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qum dini məktəbində təhsil almış, İran–İraq müharibəsi dövründə Bəsic qüvvələrinin tərkibində iştirak etmiş və xüsusilə İran İnqilab Keşikçiləri Korpusu ilə yaxın münasibətləri ilə tanınan Müctəba Xameneinin ali dini lider seçilməsi Tehranın gələcək siyasi kursu ilə bağlı müxtəlif suallar doğurur.
Ekspertlər hesab edir ki, yeni liderin qarşısında həm daxili siyasi sabitliyin qorunması, həm də regionda artan geosiyasi gərginlik fonunda İranın xarici siyasət kursunu balanslaşdırmaq kimi mürəkkəb vəzifələr dayanır. Bu proses fonunda diqqət çəkən əsas məsələlərdən biri də İranın region ölkələri, xüsusilə Azərbaycanla münasibətlərinin gələcək istiqamətidir. Zaman-zaman gərginliklə müşayiət olunan Bakı–Tehran münasibətlərinin yeni mərhələdə daha konstruktiv əməkdaşlıq müstəvisinə keçəcəyi, yoxsa mövcud siyasi ziddiyyətlərin davam edəcəyi sualı aktuallığını qoruyur.
Bu barədə Oxu24.com-a danışan İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani deyib ki, İran prezidenti Məsud Pezeşkianın Müctəba Xameneiyə ünvanladığı təbrik məktubu kifayət qədər geniş olsa da, orada xüsusilə diqqət çəkən bir sıra mühüm məqamlar var.
“Pezeşkianın məktubunda vurğulanan əsas mövzular digər təbrik mesajlarında demək olar ki, yer almayıb. Pezeşkian məktubunda İranın yeni rəhbərliyi dövründə kollektiv müdriklik, iman və davamlı səylərə əsaslanan idarəçilik modelinin formalaşacağına ümid etdiyini ifadə edib. Prezident bildirib ki, müxtəlif baxışlara malik bütün elita nümayəndələrinin, ölkənin qeyrətli gənclərinin və məsuliyyətli idarəçilərinin potensialından istifadə etməklə İran xalqının etimadı, empatiyası, iştirakı və birliyi üzərində qurulan bir mühit yaradılacaq. Məktubda həmçinin vurğulanır ki, bu yanaşma sayəsində inkişaf etmiş və müstəqil İran qurmaq, İran millətinin ləyaqət və nüfuzunun yeni mərhələsini başlatmaq mümkün olacaq. Pezeşkian qeyd edib ki, belə bir yol ölkənin gələcəyi üçün möhkəm təməl yaradacaq, davamlı müstəqilliyə, elmi-texnoloji tərəqqiyə və hərtərəfli inkişafın parlaq üfüqlərinə çıxış təmin edəcək. Prezidentin fikrincə, tərəqqi, sosial ədalət və qlobal ləyaqət kimi dəyərlərin bəhrəsini verəcək bu vizyon məhz milli birlik və müdrik liderlik sayəsində reallaşa bilər. Pezeşkian ölkənin və cəmiyyətin gözləntilərini yaxşı anlayır və bu məsələlərə çox incə şəkildə işarə edir. Prezident xüsusilə gənclərin rolundan danışır, müxtəlif fikir və baxışlara malik insanların potensialından istifadə olunmasının vacibliyini qeyd edir. Məktubda vurğulanır ki, ölkənin inkişafı üçün yalnız birtərəfli yanaşma kifayət deyil. Cəmiyyətdə mövcud olan bütün düşüncələrə və imkanlara meydan açılmalıdır”,- deyə Əşfar Süleymani qeyd edib.
Pezeşkian bununla demək istəyir ki, ölkədə birlik yaradılmalı, hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilməli və dövlət idarəçiliyində müxtəlif təbəqələrin iştirakı təmin olunmalıdır:
“Məktubda həmçinin elmə, ağıla və müdrik idarəçiliyə söykənən inkişaf modelinə işarə edilir. Bu yanaşma həyata keçirilərsə, ölkədə mövcud problemlərin həlli üçün yeni imkanlar yarana bilər və İran cəmiyyətində gələcəyə dair daha güclü ümid formalaşar.
Hazırda İranda ən ciddi problemlərdən biri iqtisadi vəziyyətdir. Ölkə iqtisadiyyatında geniş problemlər mövcuddur və bu vəziyyətdən çıxmaq üçün yeni yanaşmalara ehtiyac var. Hazırda regionda müharibə şəraiti hökm sürür və onun necə və nə vaxt başa çatacağı hələ də tam aydın deyil. Buna baxmayaraq, bir məsələ məlumdur ki, İranın iqtisadi durumu yaxşı deyil. Bu vəziyyətdən çıxmaq üçün cəmiyyətin müxtəlif təbəqələrini proseslərə cəlb etmək, insanlara meydan vermək və yeni yanaşmalar tətbiq etmək lazımdır”.
Süleymaninin fikrincə, bunun üçün həm xarici siyasətin düzgün tənzimlənməsi, həm də ölkə daxilində müdrik və balanslı idarəçilik vacibdir:
“İranda mövcud problemlərin həlli üçün normal və rasional idarəetmə modeli formalaşmalıdır. Hazırda müharibə şəraiti olduğuna görə cəmiyyətin bir hissəsi açıq etiraz etmir. Narazı olan insanların sayı da az deyil və xüsusilə iqtisadi çətinliklər ciddi problemlər yaradır. Əsas məsələ müharibədən sonrakı dövrdə atılacaq addımlardır. Əgər həmin mərhələdə düzgün istiqamət seçilərsə və problemlərin həlli üçün real addımlar atılarsa, vəziyyət müəyyən qədər ümidverici ola bilər. Əks halda problemlər həll olunmayacaq, gərginlik daha da arta və yeni çətinliklər ortaya çıxa bilər”.
Britaniyalı politoloq Neil Watson Oxu24.com-a deyib ki, Ayətullah Seyid Müctəba Xameneinin İrana yeni Ali Rəhbər olaraq seçilməsi ölkənin siyasi kursunda böyük dəyişikliklərə səbəb ola bilər və bu mərhələdə ölkədə yenidən ifrat mühafizəkarlığın güclənməsi mümkündür:
Həmçinin oxuyun
“Bu təyinat İranın mövcud hakimiyyət xəttinin davamını göstərir və islahatlara geniş yer verilməyəcəyi ehtimal olunur. Eyni zamanda ölkə üzərində nəzarəti saxlamaq üçün İslam ideologiyasından daha çox istifadə olunacaq. ABŞ prezidenti onu ali dini lider üçün ən pis seçimlərdən biri hesab edir. Müctəba Xamenei qisas düşüncəsi ilə hərəkət edən bir şəxsdir, çünki bir neçə gün əvvəl hava zərbəsi nəticəsində atasının, anasının, bacısının, həyat yoldaşının və uşaqlarından birinin öldürüldüyünü görüb. O, heç bir xarici qüvvənin ölkəsini destabilizasiya etməsinə və bu vəziyyətdən öz məqsədləri üçün istifadə etməsinə imkan vermək istəmir. O, dərin dini inanclara malikdir və öz ideologiyasına qəti şəkildə inanır. Bir çox baxımdan İran geri addım ata bilər. Son dövrlərdə ölkədə müəyyən dəyişikliklərin ola biləcəyi, müxtəlif etnik qrupların respublika daxilində müəyyən azadlıqlar və ya daha geniş muxtariyyət əldə edə biləcəyi ehtimalı müzakirə olunurdu, lakin bu baş verməyəcək. O, çox ağıllı insandır və Bahani mənşəyinə malikdir. Ölkə üzərində nəzarəti qorumaq lazımdır, əks halda həm daxili, həm də xarici destabilizasiya riski yaranacaq. Hər fürsətdən istifadə edərək prosesdə iştirak edən şəxslərin cəzalandırılmasını təmin edəcək və xarici qüvvələrin ölkəsini destabilizasiya etməsinə imkan verməyəcək”.
Britaniyalı ekspertin fikrincə, ABŞ prezidenti Donald Trampın müharibənin demək olar ki, bitdiyini deməsinin səbəbi budur:
“Çünki ölkənin rəhbərliyində Xamenei olduğu müddətdə ciddi dəyişikliklər baş verməyəcək. Tramp uduzulmuş bir mübarizə ilə üzləşə bilər və qarşısında daha sərt mövqe tutan və lazım gələrsə kəskin addımlar atmağa hazır olan bir İran görə bilər. Aydındır ki, bu ölkə gələcəkdə ABŞ ilə əməkdaşlıq edən və enerji axınları baxımından faydalı tərəfdaş olan bir dövlət olmayacaq. İran bundan sonra mümkün qədər özünü təmin edən bir ölkəyə çevrilməyə çalışacaq və ölkədə fars xalqının aparıcı etnik qrup kimi mövqeyi gücləndiriləcək.”
Oxu24.com-a danışan politoloq Azad Məsiyev isə bildirib ki, İran Azərbaycanın əzəli və əbədi qonşusudur və iki ölkə arasındakı münasibətlərin yaxşı olması həm İranın, həm də Azərbaycanın dövlət və milli maraqlarına uyğundur:
“Zaman-zaman bəzi üçüncü qüvvələr İran–Azərbaycan münasibətlərini pozmağa cəhd göstərsə də, buna baxmayaraq Azərbaycan hər zaman qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiq qalıb və münasibətlərin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsində maraqlı olub. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkə ərazisinin üçüncü dövlət tərəfindən İran əleyhinə istifadə olunmasına heç vaxt icazə verməyəcək. Xatırlayaq ki, İranın ali dini liderinin vəfatı ilə əlaqədar Azərbaycan Prezidenti İran səfirliyində açılan xatirə kitabına başsağlığı qeyd edib və İran xalqına dəstəyini ifadə edib. Bundan başqa, İran prezidenti ilə Azərbaycan prezidenti arasında qarşılıqlı hörmət və dostluq münasibətləri mövcuddur. Bu yaxınlarda İran prezidenti Naxçıvanda baş verən xoşagəlməz hadisə ilə bağlı Azərbaycan Prezidentinə zəng edərək üzrxahlığını bildirib. Həmçinin Azərbaycan tərəfi İrana humanitar yardım da göndərib”.
Ekspertin fikrincə, uzun müddətdir ki, ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir:
“Müxtəlif dövrlərdə fərqli bəhanələrlə baş verən təxribatlar da bu planların tərkib hissəsi kimi qiymətləndirilə bilər. İranda baş verən proseslər ABŞ-ın daha geniş geosiyasi strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər. Bu strategiya üç əsas istiqaməti əhatə edir. Birincisi, İran üzərində nəzarət əldə etməklə Çinə təzyiq imkanlarını artırmaqdır. Məlum olduğu kimi, İran neftinin böyük hissəsi – təxminən 70–80 faizi – Çinə ixrac olunur və bu enerji mənbələrinin kəsilməsi Pekin üçün ciddi problem yarada bilər. İkincisi, Rusiyanın geosiyasi mövqelərini zəiflətmək və xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizinin tam fəaliyyət göstərməsinin qarşısını almaqdır. Üçüncü istiqamət isə Türkiyə ilə bağlıdır. Türkiyə regional gücdən qlobal gücə çevrilmək mərhələsindədir və türk dövlətlərinin əməkdaşlığı fonunda mümkün Turan İttifaqının yaranması bəzi qüvvələr üçün ciddi geosiyasi çağırış hesab olunur. Bu baxımdan, İranda hakimiyyətin dəyişdirilməsi və ölkə üzərində nəzarətin gücləndirilməsi həmin planların həyata keçirilməsi üçün vacib hesab edilir. ABŞ tərəfindən həyata keçirilən hava zərbələri və strateji obyektlərin hədəfə alınması İranın hərbi və iqtisadi potensialını zəiflətməyə hesablanıb. Quru əməliyyatları həyata keçirilmədən İranda hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil. Dini liderin qətlə yetirilməsi və ya bu istiqamətdə atılan addımlar daha çox ölkə daxilində qorxu və təzyiq mühiti yaratmağa hesablanmış addımlar kimi qiymətləndirilə bilər. Bununla belə, İranda yeni ali dini liderin seçilməsi və bu prosesdən dərhal sonra Azərbaycan Prezidentinin onu təbrik etməsi və uğurlar arzulaması Azərbaycan–İran münasibətlərinin gələcəkdə yaxşı olmasına dəlalət edir”.
Məsiyev qeyd edib ki, yeni ali dini lider artıq atasının siyasi kursunu davam etdirəcəyini açıqlayıb:
“Bu gün İranda mövcud olan idarəetmə sistemi ABŞ və İsrailin maraqlarına uyğun gəlmir. Buna baxmayaraq, İran cəmiyyəti öz seçiminə hörmətlə yanaşır və mövcud siyasi kursu dəstəkləyir. Hazırda regionda baş verən proseslər həm regional, həm də qlobal geosiyasi balans baxımından ciddi təsirə malikdir. ABŞ çalışır ki, region ölkələri də bu münaqişəyə cəlb olunsun. Xüsusilə bəzi ərəb dövlətlərinin – Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrin prosesə qoşulması istiqamətində addımların atıldığı müşahidə olunur. Belə bir ssenari reallaşarsa, bu, regionda daha geniş qarşıdurmalara səbəb ola və qlobal təhlükəsizlik üçün ciddi risklər yarada bilər. Quru əməliyyatlarının başlanması üçün bəzi qüvvələr ərəb dünyasını İranla qarşıdurmaya cəlb etməyə çalışır və bu proseslərdə xarici təsirlərin rolu aydın şəkildə görünür. Belə addımlar regionda daha böyük fəsadlara və gərginliyin artmasına səbəb ola bilər. Hazırda regionda hərbi əməliyyatların davam etməsi ilə əlaqədar Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına ciddi təsir göstərən amillərdən biridir. Bu strateji keçidin fəaliyyətinin məhdudlaşması qlobal iqtisadi sistemdə ciddi gərginlik yaradır və enerji bazarlarına birbaşa təsir edir. Bu cür vəziyyət davam edərsə, dünya iqtisadiyyatında böyük xaos yarana və qlobal bazarlarda qeyri-müəyyənliyi daha da artıra bilər. Ümumiyyətlə, siyasət və iqtisadiyyat bir-biri ilə sıx bağlı olan iki sahədir və bu sahələr arasında balans qorunmalıdır. Bu gün İranda baş verən siyasi qarşıdurmalar qlobal iqtisadi proseslərə mənfi təsir göstərir. Dünya iqtisadi sistemində sabitliyin təmin olunması üçün ilk növbədə siyasi gərginliyin aradan qaldırılması vacibdir. İranda baş verən hadisələr təkcə regional deyil, həm də geosiyasi baxımdan geniş nəticələr doğura bilər.
Eyni zamanda, İranda baş verən proseslər bu və ya digər formada Azərbaycana da təsir göstərir. İranda fəaliyyət göstərən bəzi təxribatçı qüvvələr Azərbaycanı da bu qarşıdurmaya cəlb etməyə çalışırlar. Naxçıvanda baş verən son hadisələr də belə təxribatların elementlərindən biri kimi qiymətləndirilə bilər. Mövcud gərginlik qısa müddətdə aradan qaldırılmasa, bu proseslər həm region, həm də qlobal geosiyasi balans üçün daha ciddi fəsadlar yarada bilər”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq " Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.
21:04 / 11 Mart 2026
7
20:50 / 11 Mart 2026
66
20:44 / 11 Mart 2026
18
20:43 / 11 Mart 2026
996
20:39 / 11 Mart 2026
42
20:34 / 11 Mart 2026
93
20:29 / 11 Mart 2026
115
20:25 / 11 Mart 2026
53
20:15 / 11 Mart 2026
48
20:12 / 11 Mart 2026
52
20:07 / 11 Mart 2026
39
19:57 / 11 Mart 2026
48
19:43 / 11 Mart 2026
75
19:12 / 11 Mart 2026
71
19:12 / 11 Mart 2026
67
19:03 / 11 Mart 2026
820
18:59 / 11 Mart 2026
71
18:52 / 11 Mart 2026
279
18:45 / 11 Mart 2026
241
18:29 / 11 Mart 2026
261
18:13 / 11 Mart 2026
187
18:04 / 11 Mart 2026
156
17:50 / 11 Mart 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.