Qaynar xətt:

(+99450) 247 90 86

16 yaşdan icazə veriləcək – Amma bir şərtlə: AÇIQLAMA 

16 yaşdan icazə veriləcək – Amma bir şərtlə: AÇIQLAMA 

CƏMİYYƏT

189

03.03.2026, 18:18

“Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərə əsasən, martın 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq. Yeni qayda yol hərəkəti təhlükəsizliyinin artırılması və xüsusilə son dövrlərdə mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi daşıyır.

Hazırda ölkədə minlərlə vətəndaş moped və kiçik mühərrikli nəqliyyat vasitələrindən istifadə edir. Lakin onların əhəmiyyətli hissəsinin sürücülük vəsiqəsi və ya müvafiq qeydiyyat sənədi yoxdur. Dəyişikliklərə əsasən, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması da nəzərdə tutulur.

Yeni qaydalar cəmiyyətdə bir sıra suallar da doğurur. “A1” kateqoriyası üzrə minimum yaş həddi nə qədərdir? Artıq “B” kateqoriyalı sürücülük vəsiqəsi olan şəxslər əlavə imtahan vermədən moped idarə edə bilərlər, yoxsa ayrıca “A1” kateqoriyası almalıdırlar?

 Oxu24.com xəbər verir ki mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu dəyişikliklər hələ ötən ilin dekabr ayında qəbul olunub və sürücülərə uyğunlaşmaq üçün müəyyən keçid müddəti verilib:

"Martın 26-dan sonra qaydalar rəsmi şəkildə tətbiq ediləcək, lakin bu, o demək deyil ki, vətəndaşlar son günü gözləməlidirlər. Hazırda moped idarə etmək istəyən və ya artıq idarə edən şəxslər indidən müvafiq kateqoriya üzrə sürücülük vəsiqəsi ala bilərlər. Bunun üçün ümumi qaydada imtahan verilməsi kifayətdir. Moped sürmək üçün tələb olunan əsas kateqoriya “A1” alt kateqoriyasıdır və bu vəsiqəni almaq üçün minimum yaş həddi 16-dır".

Onun sözlərinə görə, “A1” alt kateqoriyası məhz kiçik mühərrik həcminə malik nəqliyyat vasitələrini, o cümlədən mopedləri əhatə edir və moped idarə etmək üçün tam yetərlidir.

Ekspert əlavə edib ki, “A” kateqoriyası isə daha geniş səlahiyyət verir və bütün növ motosikletləri idarə etməyə imkan yaradır:

"Lakin “A” kateqoriyasını almaq üçün minimum yaş həddi 18-dir. 18 yaşı tamam olan şəxs birbaşa “A” kateqoriyası ala bilər və bu halda həm moped, həm də istənilən motosikleti idarə etmək hüququ qazanır. “B” və ya digər kateqoriyalı sürücülük vəsiqəsinin olması moped idarə etmək üçün kifayət etmir. Yəni avtomobil idarə etmək hüququ verən “B” kateqoriyası moped sürmək üçün əsas sayılmır və ayrıca olaraq “A1” və ya “A” kateqoriyası alınmalıdır".

Hüseynov bildirib ki, 16 yaşı tamam olan şəxslər yalnız moped sürmək istəyirlərsə, “A1” alt kateqoriyası ala bilərlər. Əgər şəxsin 18 yaşı varsa və daha geniş səlahiyyət əldə etmək niyyətindədirsə, o zaman birbaşa “A” kateqoriyası almaqla həm moped, həm də motosiklet idarə edə bilər.