Qaynar xətt:

(+99450) 247 90 86

Trigliserid yüksək çıxıbsa, bu nə deməkdir? – Kardioloqdan açıqlama  

Trigliserid yüksək çıxıbsa, bu nə deməkdir? – Kardioloqdan açıqlama  

TİBB

57

02.09.2026, 11:52

Qan analizlərinin nəticələrində tez-tez rast gəlinən göstəricilərdən biri də trigliseridlərdir. Bir çox insan analiz cavabında trigliserid səviyyəsinin yüksək olduğunu gördükdə bunun nə demək olduğunu, xolesterinlə eyni olub-olmadığını və orqanizm üçün hansı təhlükələri yarada biləcəyini tam anlamır. Halbuki trigliseridlər insan orqanizmində mühüm funksiyalara malik olan yağ molekullarıdır və onların normal səviyyədə olması enerji mübadiləsi üçün vacibdir. Lakin bu göstəricinin normadan yüksək olması müəyyən sağlamlıq problemlərinin və metabolik pozuntuların xəbərçisi ola bilər.

Kardioloq Aytən Yunusovanın Oxu24.com-a açıqlamasına görə, trigliseridlər ilk növbədə orqanizmin enerji ehtiyatının formalaşmasında mühüm rol oynayan lipidlərdir.Trigleseridlər sadə dillə desək, orqanizmin istifadə etmədiyi enerjinin müəyyən hissəsini ehtiyat şəklində saxlayan yağ molekullarıdır. İnsan qida qəbul etdikdə orqanizm həmin qidalardan enerji əldə edir. Əgər qəbul edilən enerjinin hamısına həmin anda ehtiyac yoxdursa, onun müəyyən hissəsi gələcəkdə istifadə olunmaq üçün müxtəlif formada ehtiyat kimi toplanır. Trigliseridlər də məhz bu enerji ehtiyatının əsas formalarından biridir.Orqanizm trigliseridləri həm qida vasitəsilə qəbul edə, həm də artıq enerji və digər qida maddələrindən müəyyən metabolik proseslər nəticəsində yarada bilər. Qəbul etdiyimiz qidaların tərkibində olan yağlar, həmçinin artıq miqdarda qəbul edilən bəzi digər enerji mənbələri orqanizmdə trigliseridlərin yaranmasına və toplanmasına təsir göstərə bilər.

Kardioloqun sözlərinə görə, trigliseridlərin əsas funksiyalarından biri enerji ehtiyatını yaratmaqdır. İnsan yeməklər arasında uzun fasilə verdikdə, fiziki aktivlik zamanı enerji sərf etdikdə və ya orqanizmin əlavə enerji ehtiyacı yarandıqda bu enerji ehtiyatlarından istifadə edilir. Yağ toxumasında toplanan trigliseridlər müxtəlif metabolik proseslər nəticəsində parçalanaraq orqanizmin enerji ehtiyacının ödənilməsində iştirak edə bilər.Bu baxımdan trigliseridlərə tamamilə zərərli maddə kimi yanaşmaq düzgün deyil. Əksinə, onlar normal enerji mübadiləsinin mühüm hissəsidir. İnsan orqanizmi müəyyən enerji ehtiyatına malik olmalıdır. Problem trigliseridlərin mövcudluğu deyil, onların qanda normadan artıq miqdarda olmasıdır.Bəzən insanlar trigliseridlə xolesterini eyni anlayış hesab edirlər. Halbuki hər iki maddə lipidlər, yəni yağlarla əlaqəli maddələr qrupuna daxil olsa da, onların orqanizmdə gördüyü işlər tamamilə fərqlidir.

Kardioloq Aytən Yunusovanın açıqlamasında da qeyd olunduğu kimi, trigliseridlər daha çox enerji ehtiyatı və enerji mənbəyi rolunu oynayır. Xolesterinin funksiyası isə fərqlidir. Xolesterin hüceyrələrin quruluşunda mühüm rol oynayan maddələrdən biridir. Hüceyrə membranlarının formalaşmasında iştirak edir və orqanizmdə bir sıra vacib maddələrin sintezi üçün xammal rolunu oynayır.Məsələn, bəzi hormonların yaranmasında xolesterinin mühüm rolu vardır. Bundan başqa, xolesterin orqanizmdə müəyyən bioloji proseslərin normal şəkildə davam etməsi üçün də lazımdır. Buna görə də xolesterin də, trigliseridlər kimi, orqanizm üçün tamamilə lazımsız və ya yalnız zərərli maddə hesab edilə bilməz.

Əsas məsələ bu maddələrin orqanizmdə düzgün balansda olmasıdır.

Analizdə trigliseridlərin yüksək çıxması müxtəlif səbəblərlə əlaqəli ola bilər. Qidalanma vərdişləri, artıq bədən çəkisi, fiziki aktivliyin azlığı, metabolik pozuntular və bəzi xəstəliklər trigliserid səviyyəsinə təsir göstərə bilər. Xüsusilə insanın uzun müddət normadan artıq enerji qəbul etməsi, lakin bu enerjini fiziki fəaliyyət vasitəsilə sərf etməməsi nəticəsində orqanizmdə enerji ehtiyatlarının artması mümkündür.Bu baxımdan yüksək trigliserid göstəricisi yalnız bir laborator rəqəmi kimi qiymətləndirilməməlidir. Həkim analiz nəticəsini digər göstəricilərlə birlikdə dəyərləndirməlidir. Xolesterin fraksiyaları, qanda şəkər göstəriciləri, qaraciyər və digər metabolik parametrlər, insanın bədən çəkisi, qidalanma tərzi və həyat fəaliyyəti birlikdə nəzərə alınmalıdır.

Mütəxəssislərin fikrincə, trigliserid səviyyəsinin yüksəlməsi zamanı ilk növbədə həyat tərzinə diqqət yetirmək vacibdir. Düzgün qidalanma, fiziki aktivliyin artırılması və bədən çəkisinin normal həddə saxlanılması lipid mübadiləsinə müsbət təsir göstərə bilər. Lakin hər bir yüksək analiz nəticəsi fərdi şəkildə qiymətləndirilməlidir və yalnız bir göstəriciyə əsasən özbaşına nəticə çıxarmaq düzgün deyil.Trigleseridlərin yüksək olması xüsusilə digər ürək-damar risk faktorları ilə birlikdə olduqda daha ciddi diqqət tələb edə bilər. Arterial təzyiqin yüksək olması, şəkərli diabet və ya insulin müqaviməti, artıq çəki, qarında piylənmə və digər metabolik problemlər mövcuddursa, lipid göstəricilərinin daha ətraflı araşdırılması vacibdir.

Burada vacib məqamlardan biri də odur ki, trigliseridlər orqanizmin enerji ehtiyatı olsa da, onların qanda uzun müddət yüksək səviyyədə qalması normal hal hesab edilmir. Yüksək göstəricinin səbəbi araşdırılmalı və həkimin tövsiyəsinə uyğun olaraq müvafiq tədbirlər görülməlidir.

Kardioloq Aytən Yunusovanın açıqlamasından çıxan əsas nəticə budur ki, trigliserid və xolesterin eyni maddə deyil. Hər ikisi lipid mübadiləsi ilə əlaqəli olsa da, insan orqanizmində fərqli funksiyalar yerinə yetirir. Trigliseridlər əsasən enerji ehtiyatının formalaşmasında iştirak etdiyi halda, xolesterin hüceyrələrin strukturunda və müxtəlif bioloji maddələrin sintezində mühüm rol oynayır.Bu səbəbdən analiz nəticəsində trigliseridlərin yüksək olduğunu görən şəxslərin panikaya düşməsi deyil, nəticəni düzgün qiymətləndirmək üçün həkimə müraciət etməsi daha məqsədəuyğundur. Bəzən sadə həyat tərzi dəyişiklikləri göstəricilərin yaxşılaşmasına kömək edə bilər, bəzi hallarda isə yüksək trigliserid səviyyəsinin arxasında araşdırılması vacib olan metabolik və ya digər tibbi səbəblər dayana bilər.

Sağlam ürək və damar sistemi üçün yalnız bir göstəriciyə deyil, ümumi sağlamlıq vəziyyətinə diqqət yetirmək lazımdır. Qidalanma, hərəkət, normal bədən çəkisi, yuxu rejimi və mütəmadi tibbi nəzarət lipid mübadiləsinin sağlam şəkildə qorunmasında mühüm rol oynayır.

Hazırladı: Turan