Təbiət bizə dünyanı dərk etməyə imkan verən beş mühüm element - duyğu qabiliyyəti ilə mükafatlandırıb. Ətrafımızda bir çox qoxu var və bunların hamısı fərqlidir. Təəssüf ki, səs-küylü sivilizasiyanın içində yaşayan şəhər sakinləri təbiət qoxusundan məhrumdur. Vəhşi təbiətdə yaşayan afrikalı isə bir neçə saat əvvəl meşədə gəzən dostunu qoxunun "izi" ilə tapmağa qadirdir.
Fenomenal qoxu yaddaşı bütün insanlarda və istənilən şəraitdə inkişaf edir. Məsələn, sevgilinizlə ayrıla və bir müddət sonra onu tamamilə unuda bilərsiniz. Amma ətrinin qoxusu gözlənilmədən sizi yaxalaya və keçmiş xatirələri yenidən canlandıra bilər. Azərbaycanlı əttar Murad Məsud Publika.az-a verdiyi müsahibəsində bildirib ki, qoxu yaddaşı çox güclüdür:
"Qoxunun qulaq və göz yaddaşından güclü olması məsələsi həqiqətdir. O, unudulmuş anları və yaşadığımız nostalji hissləri xatırladan sehrli qüvvədir. Ətir keçmişdə baş verən hadisələri və detalları deyil, həmin an keçirdiyimiz hisslərin təfərrüatlarını xatırladır və onları bizə yenidən yaşadır. Qoxunun analiz prosesi insan beynində limbik sistemdə amiqdala içərisində gedir. Kədər, nifrət, sevgi, ehtiras, üzüntü və s. kimi digər hisslərimiz orada emal olunur. Bu da o deməkdir ki, qoxu bu hissləri oyada bilir. Çünki hamısı eyni mərkəzdən idarə olunur".
Publika.az bu yazıda oxucuları qadın və kişini bir-birinə cəlb edən bədən qoxusu haqqında maraqlı faktlarla tanış edib.
Ulu babalarımız kimi biz də sevdiyimiz insanları bədən qoxusuna əsasən seçirik. Məsələn, yaxşı insana qoxusundan dolayı səbəbsiz qərəz və nifrət hiss edə bilərik. Bizi onun şəxsiyyəti deyil, bədən qoxusu qıcıqlandıra bilər. Qədim rəvayətlərdə də deyilir ki, qadınla kişini bir-birinə cəbz edən və ya bağlayan qüvvələrdən biri bədənin öz qoxusudur. Bədən qoxusunu bir növ qarşısıalınmaz enerji də adlandırmaq olar. Əslində, bu hissə tam olaraq qoxu deyə bilmərik.
Hələ qədimlərdə filosoflar qoxu haqqında müxtəlif fərziyyələr irəli sürüb. Bunlar insanın bəlli emanasiyaları (Emanasiya - dünyanın əbədiliyi prinsipi, heç nədən yaranmanın qeyri mümkünlüyü ideyası, öz varlığı daxilində azalmadan və dəyişmədən qalır), insan ruhunun individual “aromasıdır”. Biz o hissləri başqa sözlə ifadə edə bilmədiyimiz üçün adını "qoxu" qoyuruq.
XVI əsrin əvvəllərində alim Aqrıppa Nettesheim yazırdı: “Müşk və ənbər qoxusu ətrafa yayıldığı kimi, qəddar insandan şər, xeyirxah insandan xeyir nə isə ötürülür. Ötürülən enerjinin xeyir və şər olması əhəmiyyət kəsb etmir, onu “doğma” və “yad” kimi də təyin etmək olar”.
Ümumiyyətlə, qoxu üzərində eksperimentlər illərdir aparılır. Həqiqətən də elə qoxular var ki, onlar bizi özünə çəkir, elə qoxular da var ki, bizdə itələyici təəssüratlar oyadır. Bu faktoru insan qoxusuna da aid etmək olar. Amma yenə təkrar edirəm, söhbət hər hansı qoxudan deyil, qarşı tərəfin bütün enerji və xüsusiyyətlərini özündə əks etdirən daha mürəkkəb hissdən gedir. Hətta burnumuz tutulsa da, biz bu qoxunu ilk görüşdən duyuruq. Çünki bu, iybilmə reseptorlarımızla deyil, belə demək olarsa, bütün ruhumuzla hiss edilən qeyri-adi və "energetik bir qoxudur".
Özünəməxsus "intim qoxunu" əlbəttə ki, hər kəs hiss etməyə bilər, ancaq yüksək həssaslığı və empatiya hissi olanlarda, xüsusilə uşaqlarda daha güclüdür. Aydın məsələdir ki, hansı duyğular yaşadığını izah etmək uşaqlar üçün daha çətindir. Hərçənd ki, insanları qoxusuna əsasən yad və doğma olaraq təyin etmək böyüklər üçün elə də asan deyil.
“Xəsislik siçovul, nifrət isə leş qoxuyur", - 20 əsrin başlanğıcda tanınmış həkim Strinberq insan xarekterinin mənfi xüsusiyyətlərini belə təsvir edirdi. Həkimin siçovulları xüsusi olaraq iylədiyini və bu qoxunu pis niyyətli insanla müqayisə etdiyini təsəvvür etmək çətindir. Əlbəttə ki o, öz hisslərini beyində və şüuraltında canlandırdığı obrazlarla təsvir edirdi.
İlk görüşdən bizdə istənilən şəxs haqqında müəyyən obrazlar və assosiasiyalar yaranır. Hadisələrin gedişatından asılı olaraq onlar dəyişə bilər. Məsələn, xəyanət edən ərin bədən qoxusu dəyişə bilər. Bəzən bizə aid olan doğma qoxu yox olur və ya itələyici təsir oyadır.
Və demək lazımdır ki, bu adi inanc deyil, elmi cəhətdən təsdiq edilib. Tədqiqatlara əsasən DNT-si çox fərqli olan qadın və kişiləri bədən qoxuları bir-birinə daha çox cəlb edir.
Alimlərin sözlərinə görə, bizə həsəd aparan və pislik etmək istəyən insanın qoxusu dəyişir. Yaxud qəzəbli bir insan bərk qızdırılmış metal qoxa bilər. Ən maraqlısı odur ki, ölümlə üz-üzə qalan insan bədəninin qoxusu sürətlə dəyişməyə başlayır.
İlk görüşdə qarşı tərəfin ətrini iyləyin. Fikrinizi qoxuya yönəldin. Psixoloqlar təsdiq edir ki, fikrinizi sözün əsl mənasında qoxuya yox, onun sizdə yaratdığı obrazlara yönəltməkdə fayda var. Onların sözlərinə görə, vacib məlumatı və vacib insanı qaçırtmamaq, yaxud təhlükəli insanı təyin etmək üçün "qoxunu" dərk etmək və ona xüsusi diqqət vermək lazımdır.
Bütün bunlar çox şəxsi assosiasiyalar və hisslərdir. Bədənin öz qoxusu çox intimdir, bəziləri cəhd etməyə çalışsa da, onu heç bir ətirlə boğmaq mümkün deyil. Bu zaman sual yaran bilər ki, onlar nəyi gizlətməyə çalışır? Niyə belə maskalanırlar? Bu faydasız maskalanmadır. Çünki bədən qoxusu insan energetikasının görünməz simvoludur. Odur ki, biz qoxunun yad və ya doğma, yaxşı və ya pis olduğunu dərhal hiss edirik.
Oxu24.com
ŞƏRHLƏR