Prezident İlham Əliyev N.M.Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Bəs yeni icra başçısı kimdir?
Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb.
1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Niyazi Bayramov Yeni Azərbaycan Partiyasının üzvüdür, Qarabağ müharibə iştirakçısıdır, polkovnikdir.
Ailəlidir, 2 övladı var.
Oxu24.com
ŞƏRHLƏR