Qaynar xətt:

(+99450) 247 90 86

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi 

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi 

DÜNYA

160

25.03.2026, 23:06

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Etiraf edək ki, İranın dünyanın ən böyük gücü ABŞ-a və İsrailə qarşı bu cür müqavimət göstərə biləcəyini kimsə ağlından belə keçirmirdi.

Maduronu bir-iki saat ərzində iqamətgahından oğurlamağı bacaran ABŞ-ın (Trampın) analoji yanaşmanı İrana tətbiq etməkdə öz həqiqəti vardı: Hər iki ölkə illərdir sanksiya altındadır; hər iki ölkədə iqtisadiyyat bərbad vəziyyətdədir, inflyasiya pik səviyyəyə qalxıb; hər ikisi neftini sata bilməyən neft ölkəsidir; hər iki ölkədə diktatura və s. paralellər, oxşarlıqlar...

ABŞ/Trampın Maduronu “götürəndən” sonra Venesuelanı ram etdiyi kimi, Xameneinin ölümündən sonra İranın müqavimətinin qırılacağını düşünməkdə heç də səhv etmirdi. Ona görə də 26 fevralda danışıqlar keçirib, 28 fevralda ali rəhbər Əli Xameneinin iqamətgahında baş tutan tədbirə zərbə endirmək, ali liderlə birlikdə 40-dək hərbi-siyasi rəhbəri bir zərbə ilə aradan götürmək mükəmməl hazırlanmış məkrli gediş idi.

Ancaq bu zərbədən sonra məlum oldu ki:

- Əli Xameneinin varlığının İranın müqavimətinə heç bir təsiri yoxmuş;

- SEPAH-da kimlərin rəhbər olması cavab tədbirlərinə az təsir edirmiş;

- İran müharibə başlamazdan öncə elan etdiyi planı üzrə hərəkətinə davam edir;

- Körfəz ölkələrinə hücum, infrastrukturun vurulma ardıcıllığı - hamısı sistemləşdirilib;

- Parçalanma, qiyam, silahlı üsyan - olmadı; İraqdan kürd silahlıların mümkün idxalına qarşı anında tədbir görüldü, dərhal “xəbərdarlıq zərbələri” endirildi.

Məlum oldu ki, Şərq və Qərb baxışı tamamilə fərqlidir!

İsraildən yayılan görüntülər sübut edir ki, İran bu ölkəyə gözləniləndən daha ağır zərbələr endirməyi bacarır; İsrailin müdafiə imkanları İranın bütün zərbələrini neytrallaşdırmaq gücündə deyil.

İran sübut etdi ki, Körfəz ölkələri ABŞ-ın “qanadları altında” təhlükəsizlikdə deyillər, onlara istənilən an ən ağır zərbələr endirə bilir;

İran sübut etdi ki, Hörmüzü bağlamaq gücündədir və ABŞ-a boğazı zorla açmaq çox baha başa gələr...

İranda sistem sanki bitib-tükənməyən təlimat və sadiqliklə idarə olunur: öldürülən komandanları dərhal yenisi əvəzləyir və anında da “canişini” (onu da əvəzləyəcək şəxs) təyin olunur; yerli komandirlər, çavuşlara və bölük rəhbərlərinə, hətta əsgərlərə qədər, nə edəcəklərini təlimatla bilirlər; müharibənin 1-ci, 2-ci, 3-cü... 90-cı günü strukturlar necə addım atacaq, hansı bölük atəş açacaq, neçə raket buraxacaq, hansı müdafiə və hücum sistemləri işə düşəcək - öncədən yazılıb!

İranın raket potensialının tam məhv edildiyi iddiaları da özünü doğrultmur - 1,7 milyon kv.km əraziyə malik ölkənin hər kv.metrinə raket gizlədilib sanki. Hər kv.m vurulacaqmı? Bəs, torpaq altındakılar?

Dünyada heç bir müharibəni hava zərbələri ilə udmaq mümkün deyil, mütləq piyada öz sözünü deməlidir.

ABŞ-ın xüsusi təyinatlılarını bölgəyə göndərdiyi barədə iddialar səsləndirilir. Ən güclü birliklər - dəniz pişikləri, “Delta”, “Yaşıl beretlilər”, “Gecə ovçuları”nın Yaxın Şərqə yola salındığı ehtimal edilir.

90 milyon əhalisi olan İran bir neçə günə 3 milyon, bir aya isə 12 milyon əsgər çıxarmaq gücünə malikdir. İranla yerüstü canlı savaş aparmaq hava zərbələri ilə müqayisə oluna bilməz, bu, həddən artıq böyük resurs, əsgər, vaxt tələb edər. Əfqanıstan və İraq təcrübələrindən sonra ABŞ-ın analoji addım atacağı az ehtimaldır, xüsusilə İranın Əfqanıstan və İraq olmadığı bir daha üzə çıxandan sonra.

Müharibənin 25 günü geridə qaldı

Hazırkı mənzərəyə baxaq: İran atəşkəs üçün yalvarmır, sülh xahişi də etmir, əksinə, şərtləri diktə edən tərəf iddiasını ortaya qoyur. Maraqlıdır, “dünən” İran heç də bu cəsarətdə deyildi, niyə məhz bu gün bu iradəni göstərir?

Sanki bu da təlimatdır: müharibənin ilk 3 həftəsində dözmək və bütün itkilərə rəğmən, müqaviməti davam etdirmək, vaxt qazanmaq, sonra...

Vaxt İranın xeyrinə işləyir, müharibənin uzanması ABŞ-ın maraqlarına qətiyyən cavab vermir. Ona görə də ABŞ müharibəni “qələbə ilə” başa çatdırmağa tələsir.

ABŞ yetkililəri müharibənin “4 həftə də çəkməyəcəyini” deyirdi. Artıq deyilən müddət başa çatmaqdadır. İndi ehtimal olunan “6 həftə” gündəmə gətiriləcək?

Bəs, 6 həftədən sonra nə olacaq?

Tramp daha “qeyd-şərtsiz kapitulyasiya” sözünü işlətmir və İranın şərtlərini eşitməyə hazır görünür. Bu isə İran rejimi üçün ciddi vəddir.

İran böyük itkilər verib, verir və hər keçən gün bu itkilər əvəzolunmaz səviyyədə artmaqdadır. Ancaq Qərb strateqləri təkcə “Şahid”lər və hipersəs raketlərin hücumuna qarşı müharibədən öncə tədbirlər görməməkdə deyil, həm də İranın ideoloji sistemi ilə bağlı yanlışlığa yol verdiklərini yəqin ki, anlamaqdadırlar.

Bu sistem düşünüldüyü qədər çürük deyil və ilk toqquşmada da ovulub tökülmədi.

Yeri gəlmişkən: İranın hər keçən gün zərbələrini qat-qat azaltdığını statistika ilə ortaya qoyanlar sübut edir ki, bu, Tehranın raket-buraxılış qurğularının əhəmiyyətli hissəsinin məhv edilməsi ilə bağlıdır.

Eyni statistika ABŞ-İsrail qüvvələrinə də aiddir: 28 fevraldan bəri ABŞ və İsrailin zərbələrinin günlük həcmi bir neçə dəfə azalıb...

Axar.az