Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov: Ağdam Qarabağın mühüm mərkəzinə çevriləcək

Zaur Şükürov: Ağdam Qarabağın mühüm mərkəzinə çevriləcək

SİYASƏT

57

20.11.2026, 10:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi hər il Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ağdamın tarixi Zəfərimizin təcəssümü, xalqımızın milli iradəsinin və dövlətimizin qətiyyətinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.XVIII əsrin birinci yarısında Pənahəli xan Ağdam şəhərində özünə ağ daşdan imarət tikdirməyi əmr etmişdir. Həmin dövrdən etibarən “Ağdam” - yəni “işıqlı ev”, “günəşlə nurlanmış məkan” adı bu torpağa yaraşmış və xalq arasında xüsusi simvolik məna kəsb etmişdir. 1930-cu ildə inzibati rayon kimi yaradılan Ağdam, 1094 kvadratkilometr ərazisi ilə Azərbaycanın qədim yaşayış məskənlərindən biri hesab olunur. 

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib.

Millət vəkili xatırladıb ki, 1993-cü ilin iyulunda Ağdam uğrunda 42 gün davam edən döyüşlər nəticəsində rayon ərazisinin 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Nəticədə 128 min sakin öz doğma yurd-yuvasından didərgin düşdü, 6 mindən çox insan şəhidlik zirvəsinə ucaldı. Ermənistanın törətdiyi dağıntılar nəticəsində 74 məktəb, 271 mədəniyyət evi, 67 idarə və nadir mədəniyyət nümunəsi olan Çörək muzeyi məhv edildi. Ağdamın işğalı beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının diqqət mərkəzində olsa da, Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü ildə yekdilliklə qəbul etdiyi 853 saylı qətnamənin tələblərinə məhəl qoymadı və işğal siyasətini davam etdirdi.İşğal dövründə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Ağdam rayonunun tarixi və dini abidələrini dağıtdı, məscidləri təhqir etdi, əsrlər boyu formalaşmış coğrafi adları dəyişdirməyə, xalqımızın tarixi yaddaşını silməyə çalışdı. Lakin Azərbaycan xalqı bu ədalətsizliyi unutmadı, öz tarixi torpaqlarına qayıdacağına və ərazi bütövlüyünün bərpa olunacağına inamını itirmədi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik və uzaqgörən siyasətə, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinə güvənən xalqımız illər boyu səbirlə və əzmlə tarixi ədalətin bərpasını gözlədi. 2020-ci ilin payızında Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin, igid əsgər və zabitlərimizin misilsiz şücaəti, eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası nəticəsində Ağdam rayonu həmin il noyabrın 20-də Ermənistanın işğalından azad edildi. 

Zaur Şükürovun sözlərinə görə, Bir zamanlar dağıntılarının miqyasına görə XX əsrin ən dəhşətli faciələri ilə müqayisə edilən Ağdam bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin bərpası, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və iqtisadi potensialının bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 2022-ci ildə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək Baş planı” bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas strateji sənədidir. Baş planın əsas məqsədi Ağdamı işğaldan azad edilmiş ərazilərin mühüm iqtisadi, sənaye, mədəniyyət və xidmət mərkəzlərindən birinə çevirmək, burada müasir infrastruktura, əlverişli yaşayış mühitinə və yüksək həyat keyfiyyətinə malik şəhər formalaşdırmaqdır. Layihəyə əsasən, perspektivdə Ağdam şəhərinin 100 min nəfər əhalisi olan müasir yaşayış məkanına çevrilməsi nəzərdə tutulur.Tikinti-quruculuq işləri “Böyük Qayıdış” proqramı çərçivəsində geniş vüsət alıb. Şəhərdə yeni avtomobil yolları, yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, istehsal obyektləri, ictimai məkanlar və yaşıllıq zolaqları yaradılır. Bununla yanaşı, bərpa prosesinin ən mürəkkəb mərhələlərindən biri olan mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Bu işlər həm insanların təhlükəsizliyinin təmin edilməsi, həm də yenidənqurma layihələrinin maneəsiz həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ərazilərin minalardan təmizlənməsi böyük maliyyə vəsaiti, xüsusi texniki imkanlar və peşəkarlıq tələb etsə də, Azərbaycan dövləti bütün çətinlikləri mərhələli şəkildə aradan qaldıraraq Ağdamın gələcəyini qurmaq əzmindədir.

Deputat vurğulayıb ki, Ağdamın dirçəlişinin ən mühüm göstəricilərindən biri isə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. Uzun illər həsrətlə gözlənilən bu proses artıq real nəticələrini verməkdədir. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 2146 ailə, 8300 nəfər sakin Ağdamın şəhər və kəndlərində yenidən doğma yurduna qovuşaraq məskunlaşıb. Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil, illərlə davam edən ayrılığın sona çatmasının, ailələrin öz evlərinə, ata-baba ocaqlarına qayıtmasının və həyatın yenidən canlanmasının real ifadəsidir. Hər yeni ailənin Ağdama köçməsi şəhərin sosial həyatının bərpasına, iqtisadi fəallığın artmasına və tarixi yaşayış mühitinin yenidən formalaşmasına mühüm töhfə verir.Ağdamın gələcək inkişafında turizm sektorunun formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Rayonun zəngin tarixi-mədəni irsi, coğrafi mövqeyi, Qarabağın turizm marşrutları sistemində tutduğu yer və yenidən qurulan müasir infrastrukturu bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialın reallaşdırılması məqsədilə bölgədə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi, xidmət sektorunun inkişafı və turistlərin rahatlığını təmin edən infrastrukturun yaradılması istiqamətində işlər görülür.

Zaur Şükürov sonda qeyd edib ki, bu gün Ağdamda həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın öz gücünə, iqtisadi imkanlarına və gələcəyə hesablanmış inkişaf strategiyasına əsaslanan milli dirçəliş modelinin bariz nümunəsidir. Bir vaxtlar xarabalığa çevrilmiş, işğal nəticəsində öz tarixi görkəmini itirmiş şəhər indi müasir şəhərsalma, sənaye, turizm və sosial infrastrukturun vəhdətində yenidən qurulur. Ağdamın simasında biz yalnız dağıdılmış şəhərin bərpasını deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin, tarixi yaddaşına sədaqətinin və qurub-yaratmaq əzminin təcəssümünü görürük. Bu torpaqlarda yenidən azan səsinin ucalması, məktəblərdə uşaqların gülüşünün eşidilməsi, yeni yaşayış məhəllələrinin salınması və ailələrin doğma ocaqlarına qayıtması Böyük Qayıdışın ən böyük mənəvi nəticəsidir.