Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16945
az

Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar - FOTO

10:3420 Avqust, 2019
1119
SİYASƏT
  • A
 

Vergi əməkdaşlarını daş-qalaq etdiyinə görə övladı və qohum-qardaşı qandallanan İqbal Məmmədovun yalanının ömrü 3 saat çəkdi; "Relaks”da külli miqdarda vergidən yayınma üzə çıxdı.

Lerik rayonunda yerləşən "Relaks” istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb. İstirahət mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmayıb. Köməyə çağırılan polisləri də "Relax” istirahət mərkəzinə buraxmayıblar, vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq olunub.

Bu hadisə barədə iqtisadçı-ekspert Qulu İbrahimli özünün facebook hesabında "Relax” istirahət mərkəzinin deputat İqbal Məmmədova məxsus olduğunu, yoxlamaya gələn Vergilər Nazirliyinin əməkdaşlarını da onun döydürdüyünü yazıb.

Deputat İqbal Məmmədov məsələ ilə bağlı Unikal.org-a  açıqlama verib. O, "Relax” istirahət mərkəzində baş verən hadisəni təxribat adlandırıb:
"Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən ”Relax"da yoxlama aparırlar. Dava "Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib".


Avqustun 19-da səhər saatlarında məlumat yayıldı ki, hadisə ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər həbs edilib.

APA-nın məlumatına görə, "Relax”da dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb. Vergilər, Daxili İşlər nazirlikləri və prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla, 6 nəfər tutulub.

İqbal Məmmədov isə oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 qohumunun saxlanılmasını da təkzib etmişdi: "Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

Günün sonunda isə Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yaydı. Həmin məlumatda deyilir:

"Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir. Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən ”Relaks" istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb.


Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib.

Bundan başqa, "Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər. İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.

Bu səbəbdən, real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.
 
Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətinin həyata keçirilməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib.


Hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli nümayəndələri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib, bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının "Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, hadisələrin başvermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Mirhəmid İqbal oğlu Nərimanlı, Orxan Çingiz oğlu Nərimanlı,  Pərviz Əvəzoviç Əsgərov, Famil Kamran oğlu İmanov, Rahim Bəhlul oğlu Şahverdiyev və Amir Nağızadə oğlu Abbasov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda "Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır".

Göründüyü kimi, deputat İ.Məmmədovun yalan danışmaqla oğlunu hadisədən kənar qoymaq istəyi rəsmi məlumat yayılana qədər oldu. Üstəlik, deputatın obyektində vergilərin dövlət büdcəsindən yayındırılması da faktlarla ortaya qoyulub. Məsələnin daha ciddi şəkildə araşdırılması İ.Məmmədovun deputat mandatı ilə vaxtından əvvəl vidalaşması ilə nəticələnə biləcəyi ehtimalını da yaradır.

"Yeni Müsavat”a çatan xəbərə görə, iqtidar deputatı İ.Məmmədovun ailəsinin "dövlətə meydan oxumaq” kimi qavranılan davranışına hakimiyyət tərəfindən çox sərt reaksiya veriləcək.

Hakimiyyət mənsublarından biri "Yeni Müsavat”ın əməkdaşı ilə qeyri-rəsmi söhbəti zamanı deyib ki, İ.Məmmədov iqtidar deputatı olmasına rəğmən, iqtidarın mənafeyinə, cəmiyyətdəki nüfuzuna xələl gətirməklə məşğul olub. Sitat:

"Onun gözünü sanki pul örtmüşdü. Axır illərdə bir deputata yaraşmayacaq tərz nümayiş etdirirdi. İndiyədək adı bir sıra qalmaqallı olaylarda, borc davalarında, müxtəlif dövlət qurumlarının səlahiyyətli şəxslərinə hədə-qorxu gəlməkdə hallanıb və buna dair bir neçə faktlar da fiksə edilib. Özünü iqtidar deputatı kimi təqdim edən bu şəxsin davranışları cəmiyyətdə qıcıq yaradırdı.

Prezident İlham Əliyev son illərdə iqtisadi-sosial problemlərin həlli ilə bağlı köklü islahatlar aparır, sahibkarlığa dəstək verir, hər çıxışında məmurlara, iqtidar adamlarına səslənir ki, qanunsuz davranışlara yol verməsinlər, bunu edənlər sərt cəzalanacaq. İqbal Məmmədov faktiki olaraq dövlətin bu siyasətinin əleyhinə davranış sərgiləyib, əhalidə qıcıq yaradıb və nəhayət, onun adamları dövlətin məmurlarına əl qaldırıb”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO