Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Oruc: Ordumuz tariximizi yenidən yazdı

Zahid Oruc: Ordumuz tariximizi yenidən yazdı

SİYASƏT

79

26.06.2026, 10:14

İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…

26 İyun Azərbaycan dövlətinin özünü qorumaq, torpağına sahib çıxmaq və təhlükəsiz gələcəyini qurmaq iradəsinin bayramıdır. Ordu yalnız silah, tank, raket və hərbi forma ilə yaradılmır, sərhəddə və səngərdə keşik çəkən əsgərin arxasında bir xalqın evi, ailəsi, dili, bayrağı və gələcəyi dayanır. Onu “varlıq hadisəsi və mövcudluq səbəbi” də adlandıra bilərsiniz, çünki “yoxluğa qarşı antitel”dir. Bir qədər elmi-tibbi fikrin sadə mənası budur: ordusu olmayan xalqın taleyini başqaları, güclü olan dövlət isə tarixini özü yazır.

Azərbaycan xalqının keçmişi və ağır taleyi sərt həqiqəti dəfələrlə sübut edib. Biz torpaqlarımızı yalnız silahın zəifliyi nəticəsində itirməmişik. Bəzən siyasi parçalanma, daxili çəkişmə, vahid rəhbərliyin yoxluğu və zəif dövlətçilik də məğlubiyyətə yol açıb.

Ona görə 26 İyun həm də tarixdən çıxardığımız ən böyük dərsin günüdür: Qüdrətli dövlətin arxasında güclü Ordu, yenilməz Silahlı Qüvvələrin təməlində isə vahid xalq və qətiyyətli Ali Baş Komandan dayanır.

Şərqdə ordu qurmaq sadəcə hərbi hissələr yaratmaqla bitmir. Çünki əsrlər boyu böyük imperiyaların, müharibələrin, sərhəd dəyişikliklərinin və güc savaşlarının meydanı olan ölkələr, ordusuz xalqlar ya başqa dövlətlərin sərhədləri daxilində əriyiblər, ya da torpaqları yad hökmdarların masalarında bölünüb.

Azərbaycan da əsrlər boyu üç böyük gücün – Rusiya, İran və Osmanlı imperiyalarının arasında yaşayıb. Mürəkkəb coğrafiyada yalnız yaxşı niyyətə, müqaviləyə və xarici təminata arxalanmaq kifayət etmir. Kürəkçaydan Gülüstan və Türkmənçaya, Moskva və Qars müqavilələrinə qədər torpaqlarımızın və sərhədlərimizin taleyi xarici paytaxtlarda həll olunub. Lakin əsas problem başqa idi: həmin masaların arxasında müstəqil dövlətin qalib Ordusu və suveren hərbi-siyasi iradəsi dayanmırdı.

Başqaları döyüşür, sonra Azərbaycan torpaqları haqqında qərar verir, xəritə çəkir və xalqımızı həmin şərtlər, cızılan sərhədlər, təyin olunan rəhbərlərin hakimiyyəti altında yaşamağa məcbur edirdilər. Bağlanan sülh müqavilələrinin mənfəətini imperiyalar görürdü, bölünən torpaqlar və sümürülən iqtisadi sərvətlər isə bizim üçün çıxarılan hökmlərə çevrilirdi.

2020-ci ildən sonra tarixdə ilk dəfə millətimizin tərsinə gedən taleyi dəyişdi. Sonuncu sözləri İnönü döyüşündə Qazi Mustafa Kamal Atatürkə demişdilər.

21-ci əsrdə Ordumuz döyüş meydanında ilk dəfə tam və qəti Qələbə qazandı. Azərbaycan Prezidenti sülhün şərtlərini qalib dövlətin başçısı kimi müəyyənləşdirdi. Dövlətimizin iradəsi danışıqlar masasının mərkəzində dayandı. Ona görə Vətən müharibəsində qazanılan Zəfər yalnız yeddi rayonun, Şuşanın və digər torpaqların azad edilməsi ilə ölçülə bilməz. Əldə olunan tarixi nəticələr iki yüz il ərzində başqalarının xalqımıza yazdığı taleyə qarşı çıxmaq hadisəsidir. Nəhayət, İlham Əliyev xalqımızın iradəsi ilə “artıq bizim haqqımızda qərar verə bilməzsiniz” dedi və etdi.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərar qəbul etdi. Gənc dövlət yaxşı anlayırdı ki, müstəqillik yalnız bəyannamə ilə qorunmur. Müstəqilliyin sərhədi, əsgəri və silahlı müdafiəçisi olmalıdır. Cümhuriyyət rəhbərləri 25 min nəfərlik nizami ordu yaratmaq istəyirdilər. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və Cəmşid Naxçıvanski kimi görkəmli hərbçilər milli ordunun qurulmasına xidmət etdilər.

Qafqaz İslam Ordusu ilə Azərbaycan hərbi hissələrinin birgə mübarizəsi nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı azad edildi. Lakin dövlətin vaxtı az, ətrafındakı düşmənləri çox və rəhbərləri təcrübəsiz olduğu üçün Ordusu tam formalaşmadan Cümhuriyyət süqut etdi. Milli hərbi quruculuq yarımçıq qaldı.

Birinci Qarabağ müharibəsindən sonra cəmiyyətimizdə kimlərsə uzun illər ağır bir ifadə işlədilirdi: “Biz məğlub olmuşuq”. Lakin daxilən xalqın və ordunun iradəsi fərqli idi, fərdi insanların ev itkisi, məcburi köçkünlüyü, şəhid ağrısı və işğalın yaratdığı mənəvi sarsıntı belə millətimizə sona qədər işğalla barışmağa məhkumluq yarada bilmədi. Azərbaycan əsgəri və zabiti iki əsrlik hökmü heç vaxt öz taleyi kimi qəbul etmədi.

Bəli, biz döyüşlərdə ərazi itirmişdik, dövlətimiz zəif, ordumuz parçalanmışdı, ayrı-ayrı silahlı dəstələr vahid komandanlığa tabe olmurdu.

Lakin xalqın döyüş ruhu məğlub olmamışdı. O dövrün əsgəri də müqəddəs savaşdakı oğullar qədər Vətənini sevirdi. Onlar da qəhrəman idi, canını torpağa verirdilər. Problem əsgərin cəsarətində deyil, dövlətin, Ali Komandanın olmamasında və ordunun vahid mərkəzdən idarə edilməsində idi.

Siyasi hakimiyyət daxildə savaşırdı və müxtəlif qruplara tabe idi. Dövlət çevrilişləri, qiyamlar və şəxsi hakimiyyət mübarizəsi ordunu zəiflədirdi. Belə şəraitdə ən cəsur əsgər belə strateji qələbə qazana bilməzdi. Məğlub olan Azərbaycan xalqının ruhu deyildi, pərakəndəlik, hakimiyyətsizlik və komandanlıqsızlıq idi.

Məhz buna görə Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilk növbədə dövlətin və Ordunun xilas edilməsi oldu.

Heydər Əliyev ordu quruculuğuna yalnız 1993-cü ildə başlamamışdı. Hələ sovet dövründə, 1971-ci ildə onun təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. O dövrdə sovet ordusunda azərbaycanlı zabitlərin sayı kifayət qədər deyildi. Heydər Əliyev bilirdi ki, gələcəkdə Azərbaycanın milli hərbçi kadrlarına ehtiyacı olacaq. Həmin məktəbdə yetişən minlərlə gənc sonradan müstəqil Azərbaycanın ordusunda xidmət etdi. Onların arasında generallar, zabitlər, qəhrəman döyüşçülər yetişdi.

1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda ölkədə nizami ordu demək olar ki, dağılmış vəziyyətdə idi. Ayrı-ayrı silahlı qüvvələr siyasi qrupların əlində idi. Hərbi intizam zəifləmişdi. Döyüş meydanındakı məğlubiyyət daxili hakimiyyət savaşına qarışmışdı.

Heydər Əliyev əvvəlcə vahid komandanlığı bərpa etdi, silahlı dəstələri dövlətin nəzarətinə qaytardı, ordunu siyasi qrupların əlindən aldı. Peşəkar zabitləri xidmətə qaytardı. İntizamı və idarəetməni bərpa etdi.

1994-cü ilin əvvəlində keçirilən Horadiz əməliyyatı bu yeni mərhələnin ilk hərbi nəticəsi oldu. Horadiz və iyirmidən çox yaşayış məntəqəsi azad edildi.

Xalq ilk dəfə gördü ki, nizama salınan Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edə bilər. Horadiz əməliyyatı böyük Zəfərin ilk xəbəri idi.

Heydər Əliyev daha sonra atəşkəsə getdi. Bəziləri həmin qərarı yalnız döyüşlərin dayanması kimi qiymətləndirirdi. Əslində isə Azərbaycan vaxt qazanırdı.

Dövlət qurulmalı, iqtisadiyyat yaranmalı, neft savaşı udulmalı, yeni milli zabit korpusu yaradılmalı və ordu müasir texnologiya ilə silahlandırılmalı idi.

Azərbaycan diplomatik təcriddən çıxmalı idi. 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə 26 İyun Silahlı Qüvvələr Günü elan edildi. Beləliklə, müasir Azərbaycan Ordusu öz tarixini 1918-ci il Cümhuriyyət Ordusu ilə birləşdirdi.

Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə torpaqlarımızın azad olunmasını dövlət siyasətinin əsas məqsədi kimi müəyyənləşdirdi.

Qardaş Türkiyə dövləti, ordusu və digər tərəfdaşlarla birgə təlimlər genişləndirildi. Hərbi təhsil, kəşfiyyat, xüsusi təyinatlı qüvvələr, hava hücumundan müdafiə, pilotsuz uçuş sistemləri və rabitə imkanları inkişaf etdirildi.

Lakin ən mühüm dəyişiklik insan amilində baş verdi. Yeni nəsil Azərbaycan gənci məğlubiyyət psixologiyası ilə deyil, torpaqlarını azad etmək məqsədi ilə yetişdirildi.

Prezident İlham Əliyev son çıxışlarında qürurla bildirir ki, torpaqları azad edən gənclik onun prezidentliyi dövründə yetişən vətənpərvər nəsildir. 2016-cı ilin Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu artıq əvvəlki Ordu deyil. Lələtəpənin və digər strateji mövqelərin azad edilməsi xalqın öz gücünə inamını artırdı. 2018-ci ildə Naxçıvanda keçirilən Günnüt əməliyyatı Ordunun yüksək hazırlığını bir daha göstərdi.

Prezident hər il 26 iyun çıxışlarında Qurtuluş gününün gələcəyini, Azərbaycan bayrağının işğal altındakı torpaqlarda qaldırılacağını deyirdi. Dövlət həmin günə sistemli şəkildə hazırlaşırdı.

44 gün – əsrlərin cavabı

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu düşmənin növbəti hərbi təxribatına cavab olaraq əks-hücuma başladı. Həmin gündən etibarən Azərbaycan xalqının siyasi, iqtisadi, diplomatik və hərbi gücü vahid amala doğru hərəkət etdi. Ordu bir bədən kimi döyüşürdü. Xalq bir yumruq kimi Silahlı Qüvvələrin arxasında dayanmışdı. Ali Baş Komandan hər gün xalqa müraciət edir, azad olunan şəhər və kəndlərin adlarını açıqlayırdı.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və yüzlərlə yaşayış məntəqəsi azad edildi. Nəhayət, Şuşa əməliyyatı dünya hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi.

Azərbaycan əsgəri sıldırım qayalardan keçərək, ağır texnikanın hərəkət edə bilmədiyi yollarla irəlilədi və Şuşanı yaxın döyüşlərdə azad etdi.

Müqəddəs şəhərin azad olunması düşmənin hərbi iradəsini sındırdı.

44 günlük müharibə təkcə Ermənistan ordusunun məğlubiyyəti sayılmamalıdır, həm də “Azərbaycan öz torpaqlarını heç vaxt azad edə bilməz” deyən bütün qüvvələrin təslimiyyətidir.

1918-ci ildə yaradılan Ordunun böyük tarixi məqsədi 2020-ci ildə tam həyata keçdi: Azərbaycan dövləti öz torpaqlarını, paytaxtını, sərhədlərini və milli ləyaqətini qorumağa qadir olduğunu sübut etdi.

Ali Baş Komandanlıq yalnız vəzifə deyil

Konstitusiyaya görə dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Lakin xalqın yaddaşında hərbi sərkərdəlik yalnız hüquqi vəzifə ilə məhdudlaşmır. Hərbi titul döyüş meydanında qazanılan siyasi və mənəvi statusdur.

İlham Əliyev 44 günlük Vətən müharibəsində Ordunun fəaliyyətinə rəhbərlik etməklə, hərbi əməliyyatlarla diplomatik mübarizəni vahid mərkəzdən idarə etməklə konstitusion statusu xalqın şüurunda yeni mərtəbəyə qaldırdı.

2023-cü ilin sentyabrında bir gündən də az davam edən lokal antiterror tədbirləri nəticəsində separatçı rejim tərksilah edildi, ölkənin bütün ərazisində suverenlik və Konstitusiya quruluşu bərpa olundu. Xankəndidə keçirilən hərbi parad Zəfərin son möhürü oldu.

Beləliklə, Ali Baş Komandan Zəfər Ordusunun hərbi iradəsinin siyasi ifadəçisidir. Dövlət başçısının siyasi iradəsi hərbi diplomatiyaya çevrilib, 8 avqust Vaşinqton Zirvəsində Ordunun Zəfərini davamlı sülhə çevirir.

Qalib Ordu indi nə edir?

Müharibədən sonra Ordunun vəzifəsi bitməyib. Əksinə, yeni mərhələ başlayıb. Qalib Ordumuz indi azad olunmuş torpaqları, dövlət sərhədlərini və quruculuq prosesini qoruyur.

Keçmiş məcburi köçkünlər Laçına, Kəlbəcərə, Füzuliyə, Zəngilana, Şuşaya, Xocalıya və digər şəhər və kəndlərə qayıdırlar. Onların təhlükəsiz qayıdışının arxasında Azərbaycan əsgəri dayanır.

Yeni yolların, tunellərin, elektrik stansiyalarının, məktəblərin və yaşayış komplekslərinin təhlükəsizliyini də həm də Ordumuz təmin edir.

Sərhəddə dayanan əsgər təkcə torpaq xəttini qorumur, qurulan evlər, məktəbə gedən uşaqları, bir sözlə, Böyük Qayıdışı qoruyur.

Ordumuz danışıqlar masasında Ali Baş Komandanla iştirak edir.

Beynəlxalq hüququn pozulduğu, böyük dövlətlər arasında qarşıdurmanın artdığı, müharibələrin genişləndiyi bir dövrdə yaşayırıq. 2025-ci ildə dünya ölkələrinin hərbi xərcləri təxminən 2,9 trilyon dollara çatıb.

Dövlətlər silahlanır, yeni hərbi ittifaqlar qurulur. Pilotsuz sistemlər, süni intellekt, kosmik texnologiyalar, uzaqmənzilli raketlər və kiberhücum imkanları sürətlə inkişaf edir. Bir vaxtlar dövlətləri qorumaq üçün yaradılan beynəlxalq institutlar çox vaxt müharibələri dayandıra bilmir.

Şərq ölkələrinin tarixində ordular bəzən hakimiyyət çevrilişlərinin, daxili siyasi mübarizələrin və dövlət idarəçiliyinə müdaxilənin alətinə çevrilib.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də silahı siyasi qrupların əlindən alıb dövlətin vahid komandanlığına qaytarması idi.

İlham Əliyevin ən böyük uğurlarından biri həmin Ordunu xalqla, dövlətlə və Ali Baş Komandanla vahid gücə çevirməsi oldu.

Vətən müharibəsində müxtəlif millətlərə, bölgələrə və dini icmalara mənsub Azərbaycan övladları çiyin-çiyinə döyüşdülər. Ordu xalqımızın birliyinin ən parlaq nümunəsinə çevrildi.

Vətən müharibəsində, Birinci Qarabağ savaşında və dövlət sərhədlərinin müdafiəsində həyatını itirən bütün qəhrəmanlarımız Azərbaycan Ordusunun əbədi sırasındadırlar.

26 İyun 1918-ci ildə Ordumuzun doğulduğu gündür. Lakin 8 Noyabrdan sonra yeni qalib Yüz il başlanır.

Əvvəllər “gün gələcək torpaqlarımız azad olunacaq” deyirdik. İndi azad torpaqlarda Azərbaycan bayrağı dalğalanır.

Əvvəllər Şuşaya qayıdacağımıza söz verirdik. İndi Cıdır düzündə hərbi mərasimlər keçiririk.

Əvvəllər Xankəndidə separatçı rejim hökm sürürdü. İndi orada Azərbaycan Ordusunun Zəfər paradı keçirilir.

Əvvəllər məcburi köçkünlər evlərinin açarlarını xatirə kimi saxlayırdılar. İndi yeni evlərinin açarlarını doğma yurdlarında alırlar.

Canını və qanını torpağa verənlər Azərbaycanı Gülüstana çevirdilər.

Lakin indiki Gülüstan yad imperiyaların Azərbaycanı bölüşdürdüyü kənd yox, azad edilmiş torpaqlarda qurulan həyatın, şəhərlərin, kəndlərin və çiçəklənən Vətənin adıdır.

Azərbaycan Ordusu “biz məğlub olmuşuq” hökmünü heç vaxt qəbul etmədi. Əsgər səngərdə həmin qərarı geri oxutdu. Zabit hərbi məktəbdə, şəhid ölümə gedərkən, məcburi köçkün evinin açarını otuz il qoruyarkən “ermənilərə yenildik” fikrini heç vaxt qəbul etmədi.

Heydər Əliyev nizami Ordu qurarkən qəbul etmədi.

İlham Əliyev hər gün Zəfəri yaxınlaşdırarkən qəbul etmədi.

2020-ci ildə İlham Əliyevin qalibiyyət raportu general, Ali Baş Komadan Heydər Əliyevə verilirdi.

Ulu Öndər Zəfərin müəllifi və əbədi sərkərdəsi kimi raportu qəbul etdi.

Ordu və Qələbəmiz mübarək olsun!

Zahid Oruc 

Millət vəkili

Ətir hara vurulmalıdır? 

23:30 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ətir hara vurulmalıdır? 

335

0
Xərçəngin heç kimin bilmədiyi məqsədi: O, sizi öldürmək istəmir  

23:20 / 25 İyun 2026

TİBB TİBB

Xərçəngin heç kimin bilmədiyi məqsədi: O, sizi öldürmək istəmir  

294

0
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub

23:11 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub

287

0
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib 

22:54 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib 

270

0
Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatdı

22:37 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatdı

144

0
Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

22:29 / 25 İyun 2026

SİYASƏT SİYASƏT

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

131

0
TƏCİLİ! Moskva sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ - Bombardman..

21:58 / 25 İyun 2026

DÜNYA DÜNYA

TƏCİLİ! Moskva sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ - Bombardman..

128

0
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub 

21:30 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub 

116

0
İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

21:15 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

156

0
Dövlət sifarişi ilə oxuyacaq tələbələrin SAYI AÇIQLANDI

21:05 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dövlət sifarişi ilə oxuyacaq tələbələrin SAYI AÇIQLANDI

295

0
Riyaziyyat nəticələri beynəlxalq meyarlarla müqayisə olunacaq: Məleykə Abbaszadənin açıqlaması nə vəd edir? — EKSPERT AÇIQLADI

20:41 / 25 İyun 2026

CƏMİYYƏT CƏMİYYƏT

Riyaziyyat nəticələri beynəlxalq meyarlarla müqayisə olunacaq: Məleykə Abbaszadənin açıqlaması nə vəd edir? — EKSPERT AÇIQLADI

139

0
Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb 

20:29 / 25 İyun 2026

SİYASƏT SİYASƏT

Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb 

106

0