Prezident FƏRMAN İMZALADI
12 İyun 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
210
13.06.2026, 00:39
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.
Layihəyə əsasən, qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin məcburi köçkün statusunu itirdikləri gündən üç il müddətində qüvvədə olacaq.
Qüvvədə olan qanuna görə, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Dəyişikliyə əsasən, həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülmə şərti aradan qaldırılır. Başqa sözlə, belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərə başqa yaşayış sahəsi təklif etməlidirlər.
Keçid müddəalarına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinin qüvvədə olma müddəti onların belə yaşayış sahələri ilə təmin edildiyi vaxtdan hesablanır.
Eyni zamanda bu qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.
Bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.
Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.
Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq.
Bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni maddələrdə əksini tapıb.
Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.
Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:
- şəxsin yaşının bəyan edilməsi;
- şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.
Bu Qanunda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir.
Qanunda nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir.
16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə edilir. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu Qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.
Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.
İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz:
- onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;
- onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.
Provayder bu Qanunda qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.
Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.
16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.
Bu Qanunun 4.2-ci maddəsi (Provayderlər bu Qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər) nəzərə alınmaqla, bu Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir.
Provayderlər bu Qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.
Provayderlər bu Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Provayderlərin Azərbaycan Respublikasında necə fəaliyyət göstərəcəyi müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.
Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.
Xarici hüquqi şəxs olan provayderin Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.
Xarici hüquqi şəxs olan provayder Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir.
Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları 5 (beş) iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.
Qanunda nəzərdə tutulmuş tələbi yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
- provayderə yazılı xəbərdarlıq edilir;
- xəbərdarlıqdan sonra 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 100 (yüz) min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
- Maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 300 (üç yüz) min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir;
- Əlavə maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir;
- Qadağanın tətbiq edildiyi tarixdən sonra 90 (doxsan) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 (iyirmi) faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;
- Müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 (altmış) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 (əlli) faiz azaldılması təmin edilir;
- Müvafiq tədbirin tətbiqindən sonra 60 (altmış) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 (doxsan) faiz azaldılması təmin edilir.
Tələblər yerinə yetirildiyi göstərilən maliyyə sanksiyaları 1/4 məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddə üç hissəsi geri qaytarılır) və məhdudiyyətlər 24 (iyirmi dörd) saat ərzində aradan qaldırılır.
Qanunda göstərilən müraciətə məhkəmə 5 (beş) gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Qanunda göstərilən maliyyə sanksiyalarının ödənilməsi üzrə qanunda qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra 6 (altı) ay ərzində icra edildikdə şamil olunur.
Qeyd edək ki, qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 388-4-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Həmçinin, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 (beş) iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına görə vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.
Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimə ediləcək.
Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
00:51 / 13 İyun 2026
1
00:31 / 13 İyun 2026
97
00:25 / 13 İyun 2026
32
00:18 / 13 İyun 2026
153
00:14 / 13 İyun 2026
86
00:00 / 13 İyun 2026
116
23:48 / 12 İyun 2026
79722
23:47 / 12 İyun 2026
469
23:28 / 12 İyun 2026
72
22:38 / 12 İyun 2026
88
22:20 / 12 İyun 2026
107
21:59 / 12 İyun 2026
689
21:52 / 12 İyun 2026
98
21:49 / 12 İyun 2026
100
21:37 / 12 İyun 2026
419
21:24 / 12 İyun 2026
108
21:19 / 12 İyun 2026
102
21:17 / 12 İyun 2026
91
17:40 / 12 İyun 2026
157
17:20 / 12 İyun 2026
136
17:05 / 12 İyun 2026
542
16:55 / 12 İyun 2026
124
16:40 / 12 İyun 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.