İyunun 22-də Daxili İşlər Nazirliyində nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəislərinin iştirakı ilə Naziryanı əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov respublikanın daxili işlər orqanlarına 25 ildən artıq bir müddətdə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi yüksək dövlət vəzifəsinə təyin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarına böyük etimadının daha bir əyani ifadəsi olduğunu vurğulayıb. Nazir V.Eyvazov Prezident İlham Əliyevin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.
Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan daxili işlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.
Həmçinin, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayişin və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin, bu mühüm istiqamətlərdə fəaliyyətin təşkilinə Nazirliyin aparatının struktur qurumlarının, ərazi orqanlarının və nizami polis hissələrinin rəhbərliyinin böyük məsuliyyət hissi ilə yanaşmasının, cinayətlərin qarşısının vaxtında alınması, açılması funksiyalarının ciddi nəzarətdə saxlanılmasının və layiqincə həyata keçirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, qeyd edilib ki, şəxsi heyətin Heydər Əliyev ideallarına sədaqət ruhunda tərbiyə olunması işi davamlı aparılmalı, vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir.
Müşavirənin yekununda nazir Vilayət Eyvazov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir.
Oxu24.com
ŞƏRHLƏR