Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir?  

news/2025_03_10/lavrov_1741601176.jpg

SİYASƏT

114

31.12.2025, 12:28

Son bir həftədə Mustafayevi Rusiya XİN-də nazir müavinləri qəbul edir - Moskvadakı qapalı danışıqlarda kritik dövr

Dekabrın 25-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevlə görüşü bəzi suallara yol açıb. Görüş AZAL təyyarəsinin Qroznı üzərində vurulmasının ildönümü günü baş tutub. Ryabkovun XİN-də kurasiya etdiyi sahə fərqlidir. Nazir müavini ABŞ və Latın Amerikası ölkələri ilə münasibətləri, silahlara nəzarət, İranın nüvə proqramı və Rusiyanın BRİKS-lə əlaqələrini koordinasiya edir. Amma onun Cənubi Qafqaz ölkəsinin elçisi ilə görüşməsi maraq doğurur. Halbuki MDB ölkələri ilə əlaqələrə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin cavabdehdir. 

Doğrudur, dekabrın 29-da Qaluzin də Mustafayevlə danışıqlar aparıb. Görüşdə nazir müavini təyyarə mövzusunu müzakirə etməklə yanaşı, 11 Rusiya vətəndaşının azadlığa buraxılmasının vacibliyini vurğulayıb. Görünür ki, Rusiya təyyarə ilə bağlı tələblərimizin yerinə yetirilməsində 11 rusun azad olunmasını şərt kimi irəli sürür. Lakin o da maraqlıdır ki, son bir həftədə səfirimiz iki dəfə rus diplomatlarla görüşüb. Görünür ki, Bakı-Moskva münasibətlərində həllini gözləyən məsələlərin daha intensiv şəkildə müzakirəsinə zərurət yaranıb.

Sadəcə, bu təmaslar səfirlə nazir müavinləri səviyyəsində baş tutur. Yəni Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rəhman Mustafayevi qəbul etmir. Halbuki baş diplomat ilk növbədə səfirlə görüşməli və problemləri müzakirə etməliydi. Üstəlik, Lavrov aktiv fəaliyyətini davam etdirir. Elə son olaraq da Putinin Novqorodda yerləşən iqamətgahına hücumla bağlı məlumatı XİN rəhbəri açıqlamışdı. Bu ayrı məsələdir ki, Rusiya Müdafiə Nazirliyi Lavrovu təkzib edib. Hər halda, bu faktın özü XİN başçısının öz işinin başında olduğunu göstərir. Yəni nazir üçün səfiri qəbul etmək problem olmamalıdır. 

Bəs niyə Lavrovun müavinləri Mustafayevlə görüşürlər? Burada hansı siyasi çalar var? Ola bilərmi ki, diplomatik protokola və yaxud subardinasiyaya bu eşelonda görüş uyğun gəlir? 

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a qeyd etdi ki, Lavrovun Mustafayevi qəbul etməməsinin səbəbləri var. Onun fikrincə, nazir səfirlə ona görə görüşmür ki, qapalı müzakirələr gedir: “Hazırda detallı danışıqlar davam etməkdədir. Bu detalları isə Qaluzin səfirlə danışır. Məsələn, 11 rusun azad olunmasını istəyib. Bu məsələni Lavrov səfirlə görüşdə qaldıra bilməz. Çünki onun istəyinə riayət etməsək, münasibətlərdə gərginliyi artırar və Lavrovun da sözü yerə düşmüş olar”. 

Ekspert Bakı-Moskva münasibətlərinin irəliyə doğru gedəcəyini gözləmir: “Rusiya bu il də üzərinə düşənləri yerinə yetirmədi. Putinin Düşənbədə verdiyi vədləri yerinə yetirilmədi və tam əksini gördük, yəni cinayət işinə xitam verildi. Çox müəmmalıdır ki, Putinin dediyi nə idi, İstintaq Komitəsinin rəyi nə?! Əgər bu problemlər həllini tapsaydı, o halda münasibətlərin gələn ili  haqda müsbət fikir bildirmək olardı. Ona görə prezident MDB sammitinə getmədi, daha əvvəl də 9 May tədbirində iştirak etməmişdi. Çünki münasibətlərdə həllini gözləyən problemlər qalır və o baxımdan dövlət başçısı düzgün qərarlar qəbul edib”. 

Bununla yanaşı. E.Şahinoğlu Azərbaycanla Rusiya arasında iqtisad əməkdaşlığın davam edəcəyini proqnozlaşdırır: “Təbii ki, yükdaşımalar olacaq, ticarət dövriyyəsini artırmağa çalışacaqlar, müxtəlif səviyyələrdə görüşlər, tədbirlər keçiriləcək, amma siyasi münasibətlərdə müsbət dəyişiklik gözləmirəm. Çünki Azərbaycan da addımlar atıb - "Rus evi" bağlanıb, “Sputnik Azərbaycan” qapadılıb, 11 Rusiya vətəndaşı həbsdədir... Həmçinin də Rusiya azərbaycanlılara qarşı addımlarını dayandırmır. Elə son olaraq Səfərovların kafesi nümayişkaranə şəkildə söküldü. Cinayəti törədənləri tutmaq əvəzinə gəlib obyekti dağıtdılar. Eyni zamanda azərbaycanlıları işğalçı orduda iştiraka cəlb edirlər. Bir var Rusiya vətəndaşı olan azərbaycanlı, hərçənd bu da arzuolunmaz haldır, bir də bizim pasportu daşıyan azərbaycanlı Rusiyaya işləməyə gedir, orada müqavilə bağlayıb işğalda iştirak edir. Nə yaxşı ki, Baş Prokurorluq xəbərdarlıq etdi. Yəni bu məsələlər də həllini tapmalıdır. Rusiya Azərbaycan vətəndaşı olan şəxsləri öz silahlı qüvvələrinin tərkibində müharibəyə cəlb edə bilməz".

Qeyd edək ki, Lavrov azərbaycanlı səfiri ötən ilin oktyabrında qəbul edib. Ondan sonra hər hansı ünsiyyət olmayıb. (Yeni Müsavat)