Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin FƏRMAN VƏ SƏRƏNCAMLARI: Nələr dəyişdi? - DETALLI 

news/2025_12_30/preza_1752226703_2_1767038937.jpg

SİYASƏT

286

30.12.2025, 00:05

Prezident İlham Əliyev bu gün mühüm sərəncam və fərmanlar imzalayıb.

Həmin sərəncam və fərmanları təqdim edirik:

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli;

Milli Fəaliyyət Planının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

“Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Qanun imzalayıb.

***

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Hazırda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.

Dəyişikliyə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddəti 10 il olacaq.

Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin “v” bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulur.

Dəyişikliyə görə, “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəzlənib.

Bundan başqa, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilib. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədləri ayrıca sətirdə müəyyən edilib, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddi 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olacaq.

Adıçəkilən qanunların müvafiq olaraq, 175-ci və 45.2-ci maddələrində ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri nəzərdə tutulur.

Dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılacaq.

“Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.

 Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

***

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Qanun imzalayıb.

***

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunda əksini tapıb.

Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılıb.

***

Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi 13,0 faiz, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi isə 30,0 faiz müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qeyd edək ki, bundan öncə dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faiz olub.

***

İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri 2 621 460 000,00 manat məbləğində təsdiq edilib.

Bu, Prezident İlham Əliyevin “İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:

- icbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 1 976 000 000,00 manat;

- icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitindən (qalığından) 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 645 460 000,00 manat.

***

“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.