"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirərkən dost adlandırdığı dövlətlərin təzyiqi ilə üzləşib".
Bunu OXU24.COM-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, müharibənin ssenarisi pozulduğu anda və uğursuzluqlar fonunda Rusiyanın silahları özünə tərəf yönələ bilər:
"Putin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirib. Onunla görüşən Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Çin lideri Si Sinpin və Hindistanın baş naziri Nerandra Modi təxminən eyni cümlələri işlədiblər: "Müharibəni bitirməyə ehtiyac var". Putin vəziyyətin Rusiya üçün xoşagəlməz istiqamətdə gedişatını anlasa da, dayana bilmir.
Putinin davam etdirdiyi müharibəyə ölkə içində də narazılığın artdığı hiss olunur. "Müharibə nə zaman bitəcək" sualını verən Rusiya vətəndaşlarının sayının artmasına dair xəbərlər var. Həmin vətəndaşlar Rusiya Müdafiə Nazirliyinin müharibədə uğursuz nəticələr əldə etdiyi qənaətindədirlər, hər gün yüzlərlə hərbçi ölür. Rusiyanın itkiləri artır. Kreml sahibi bu itkilərin yerini doldurmaqda çətinlik çəkir. Putin artıq qismən səfərbərlik elan etdi, çünki ölənlərin yerini doldurmaq lazımdır.
İş o yerə çatıb ki, Rusiya həbsxanalarında cəzasını çəkənlərin müharibəyə cəlb olunduğuna dair internetdə görüntülər yayılıb. Putinin yaxın dostu və aşbazı Priqojin şəxsən həbsxanalara gedərək dustaqları müharibəyə sövq edir, əvəzində onlara amnistiya təklif edir. Əslində isə Proqjin onları ölümə göndərir.
Könüllülərin və məhkumların silahlandırılaraq müharibəyə göndərilməsinin Kreml üçün böyük riskləri var. Əllərdə xeyli silah var. Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya, Kadırovun döyüşçüləri, Putinin dostu Priqojinin silahllandırdığı məhkumlar və Vaqner - bunların hamısı müharibədə iştirak edir. Müharibənin ssenarisi pozulduğu anda və uğursuzluqlar fonunda bu silahlar onları döyüşə göndərənlərə tərəf yönələ bilər.
Rusiya çarı İkinci Nikolay ölkəsinin Birinci Dünya müharibəsində iştirakına razılaşanda uğur qazanacağını düşünürdü. Müharibənin yönü dəyişdikcə Rusiya ordusunda narazılıqlar artdı, qopmalar meydana gəldi, bolşeviklər fürsətdən istifadə edərək Nikolayı taxtdan endirdilər. Nəticə Rusiya üçün ağır oldu, imperiya dağıldı, imperator ailəsi ilə birgə qətlə yetirildi, vətəndaş müharibəsi alovlandı, aclıq, səfalət və milyonlarla insan ölümü qeydə alındı.
Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə əksər liderlərin görüşü Vaşinqtonda xüsusilə diqqətlə izlənilib. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çin və Hindistanın Ukraynada müharibə barədə qorxusu müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirib. O deyib, "Bu, sadəcə faktın təzahürüdür ki, həmin təcavüz planetin bütün insanlarının maraqlarına qarşı yönəlmiş təcavüzdür".
Çin və Hindistan Rusiya-Ukrayna müharibəsinin ona görə dayandırılmasının tərəfdarıdırlar ki, Asiya bölgəsində oxşar gərginliklər yaşanmasın. Vaşinqton da Rusiya-Ukrayna müharibəsinin oxşarının Asiya bölgəsinə sıçramasını istəmir. Ancaq Tayvan adası ətrafında baş verənlər bu bölgədə müharibə ehtimalını artırıb.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri bu ökə ilə Çin arasında münasibətləri daha da gərginləşdirib. Pelosidən sonra ABŞ-dan Tayvana daha 3 nümayəndə heyəti səfər edib".
Oxu24.com
ŞƏRHLƏR