Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Babək tanışı Valehə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində baş verib. Babək yeni tikilməkdə olan evin həyətində iş yoldaşı Valehlə mübahisə edib.
Sonda mübahisə dava ilə nəticələnib. Babək yumruqla Valehin baş nahiyyəsinə vurub. Valeh aldığı zərbədən xəsarət alıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, təxminən 5 ay müddətdir Valehi tanıyır: “Biz birgə Şüvalan qəsəbəsində yerləşən yeni tikili evdə fəhlə işləyirik.
Hadisə günü, saat təxminən 18 radələrində işlədiyim Şüvalan qəsəbəsində yerləşən yeni tikili evin həyətində iş yoldaşım Valeh ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Bundan əsəbləşdim. Aramızda baş vermiş mübahisə zəminində Valehi yumruqla sifət nahiyəsindən vuraraq ona xəsarət yetirdim”.
Cinayət işi üzrə zərərçəkmiş Valehin sözlərinə görə, hadisə zamanı Babək onunla zarafat etməyə başlayıb: “Bu zaman Babək ünvanıma nalayiq söyüşlər söyərək, məni təhqir etdi. Mən də ona cavab verdim. Buna görə aramızda mübahisə baş verdi. Yeni tikili evin həyətində yumruqla sifət nahiyəmə vurdu. Polis şöbəsinə gedətək Babəkdən şikayət etdim”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Babək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 4 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Oxu24.com
ŞƏRHLƏR