Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65416
az

Generaldan ŞOK İTTİHAM: Nəcməddin Sadıkov azad edilmiş bu əraziləri ermənilərə qaytarıb

00:5016 Fevral, 2022
1307
  • A

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, ehtiyatda olan general-mayor Altay Mehdiyev 2000-ci illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Yuxarı Buzqov yaşayış məntəqəsi yaxınlığndakı Buzqov yüksəkliyi də daxil olmaqla geniş ərazinin işğaldan azad edilməsi əməliyyatı barədə açıqlama verib.

Oxu24.com  xəbər verir ki, Altay Mehdiyev bu açıqlamasında müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıqovla bağlı sensasion iddialar irəli sürüb.

Altay Mehdiyev sosail şəbəkədəki qeydlərində Nəcməddin Sadıkovu ittiham edərək yazıb ki, onun rəhbərliyi altında keçirilən uğurlu əməliyyatdan xəbər tutan Baş Qərargahın keçmiş rəisi dərhal geri çəkilməyi əmr edib:

“Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzluqlara baxmayaraq, rəhbərliyim altında çoxlu sayda uğurlu əməliyyatlar keçirməyə nail olmuşuq. Çox uğurlu əməliyyat o deməkdir ki, həmin vaxt bir nəfər də olsun itki verilmir.

Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə mənim rəhbərliyimlə düşmənin nəzarəti altında olan Buzqov dağı-Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdu.

Qəbul etdiyimiz əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlasığmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxflik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi qələbə qazanan düşmənin durumu- bizə bu əməliyyatı çox uğurlu keçirməyimizə əsas verirdi.

Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik!

Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş Qərargah rəisi vəzifəsində olan general Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə dedi:

- Siz haradasınıız? Nə ilə məşğulsunuz?

- Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə məşğuluq!

- Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş Qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib onların "torpaqlarını" zəbt etmisiniz. Yerevanda Prezident Aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm: təcili olaraq əvvəlki mövqelərimizə qayıdın!

- Oldu! - sözünü, 1974-cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər belə ürəkdən, böyük bir sevinc hissi, yüksək templə deməmişdim. Lakin onun "əmrinə" məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.

 

Ən maraqlısı odur ki, general Sadıkov çox gözəl bilirdi ki, Naxçıvan Muxtar Respublikası istiqamətində keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, onun qarşımıza qoyduğu "Əgər torpaqlar bizimdirsə, oralara biz nəzarət etməliyik!” tələbi altında həyata keçirilirdi.

Bütün bunlara baxmayaraq, Nəcməddin Sadıkov digər istiqamətlərdə olduğu kimi, Naxçıvanda da istədiyini həyata keçirməyə çalışırdı.

Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə hələ 1994-cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaqdı.

Belə ki, 1993-ün dekabr – 1994-ün yanvar aylarında Tərtər istiqamətində Briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir neçə kəndi azad etmişdim. Buna görə general Sadıkov yanvar ayının 27-də (onun uğursuz qış əməliyyatından sonra) general Vasyak və iki polkovnikə Tərtərə gələrək, məni Briqada komandiri vəzifəsindən uzaqlaşdırıb, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdi. Narazılığımı bildirdiyimə görə, general Sadıkovun təklifi, müdafiə naziri Məmmədrəfi Məmmədovun əmri ilə məni tutduğum vəzifədən azad edərək, başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər.

 


Onu da deyim ki, general Məmmədrəfi Məmmədovun səbəbini mənə söyləməyinə söz verməsinə baxmayaraq, vədini yerinə yetirmədi.

"Köməklik göstərmək" məqsədi ilə mənə, Briqada komandiri vəzifəsində xidmət edən polkovnikə, M.V. Frunza adına Akademiyanı bitirmiş zabitə müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağı da təklif etdilər. Hələ bu azmış kimi, tərxis olunmaqda mənə kömək göstərəcəklərinə "kişi kimi" söz də verdilər.

Əlbəttə ki, mənim cavabım çox qısa oldu: “Məni Vətənimi qorumağa siz gətirməmisiz, siz də mənə getməyə kömək göstərəsiz!”.

Bu və bunun kimi yüzlərlə faktlara görə general Sadıkov məni xidmət etdiyim bütün müddət ərzində heç cür qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahətləri kifayət etmirdi.

Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahiyyətləri həndəsi silsilə ilə artmağa başlamışdı.

Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən İkinci Qarabağ Müharibəsində döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, ön  və arxa cəbhə təminatında yol verilən uğursuzluqlar nəzərə alınaraq, bir neçə yüksək vəzifəli şəxslə birlikdə Sadıkov da  tutduğu vəzifədən azad edildi.

Lakin çox əfsuslar olsun ki, general Sadıkov vəzifədən uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, vətənpərvər zabitlərimizi müxtəlif yollarla Ordumuzdan uzaqlaşdırdı, Ordu quruculuğuna, Ordumuzun inkişafına nə qədər ziyan vurdu!

Hər bir komandir tabeliyindəki hərbçilər qarşısında yüksək nüfuza malik olmalıdır. Bunu isə ancaq və ancaq yüksək peşəkar hazırlığı və idarəetmə keyfiyyətləri, öz peşəsinə və tutduğu vəzifəyə məhəbbəti, təşkilatçılıq bacarığı, yüksək tələbkarlığı, tabeliyində olanların hər birinin şəxsi ləyaqətinə hörmətlə yanaşmağı ilə qazanmaq olar.

Çox təəssüflər olsun ki, general Sadıkov kimi bəzi yüksək vəzifəli zabitlər qeyd etdiyim bütün bu tələblərdən uzaq olduqlarından, nizamnamə və sağlam düşüncə tələblərinin əksinə olaraq, vəzifə səlahətlərini aşmaqla, tabeliyində olanları daim gərginlikdə saxlamaqla, onlara qarşı cinayət tərkibli hərəkətlərə yol verməklə bir çoxunda qorxaqlıq, hərəkətlərində qeyri-müəyyənlik və qarşılıqlı hörmətsizlik hisslərinin formalaşmasına təkan verirdilər”.

Qeyd edək ki, general-mayor Altay Mehdiyev Birinci Qarabağ Müharibəsi zamanı – 1992-ci ildə Ağdam-Ağcəbədi istiqamətində N saylı hərbi hissənin Qərargah rəisi, 1993-94-cü illərdə Tərtər-Bərdə istiqamətində hərbi hissə komandiri, 1994-97-ci illərdə Tərtər-Fizuli istiqamətlərində hərbi hissə komandiri vəzifələrində xidmət edib.

1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına rəhbərlik edib. 1998-2009-cu illərdə Naxçıvan MR-də Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət keçib. 2009-2013-cü illərdə Hərbi Hava Qüvvələrinin komandanı - müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu