Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59128
az

Suqovuşan BELƏ AZAD OLUNDU: 25 min erməni... - Xüsusi təyinatlı kəşfiyyatçı DETALLARI AÇDI

22:0203 Oktyabr, 2021
966
ÖZƏL BÖLÜM
  • A

Bu gün Tərtər rayonunun Suqovuşan kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu kəndi erməni işğalçılarından təmizlədi. Həmin gün Suqovuşanda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırıldı. Şad xəbəri Azərbaycan xalqına Ali Baş Komandan İlham Əliyev paylaşdığı tvitlə verdi. Suqovuşan əks-hücum əməliyyatlarının başladığı vaxtdan azad olunan ən böyük ərazi idi, düşmən bundan çox sarsılmışdı.

Suqovuşanın necə azad edildiyi hər birimizə maraqlıdır. Elə isə, sözügedən ərazini azad edən qəhrəmanlarımızdan biri ilə tarixi torpağımızın hansı üsulla düşmən işğalından qurtarılmasına nəzər salaq.

Suqovuşanın azad olunması xüsusi təyinatlı kəşfiyyatçı, kiçik gizir Təbriz Zöhrablının dili ilə

Publika.az-a danışan xüsusi təyinatlımız N saylı hərbi hissənin xüsusi təyinatlı bölüyündə 3 il kəşfiyyatçı, sonra isə kəşfiyyatçı-istehkamçı olaraq xidmət edib. O, Vətən müharibəsi zamanı da kəşfiyyatçı kimi düşmənə ağır zərbələr endirib.

Müharibənin ilk günlərində Murovdağ silsiləsində qayaların üstündə yatan igidlərimizin fotosu yayılmışdı. Yəqin ki, hər biriniz xatırlayırsınız. Bax o igidlərdən biri də Təbrizdir. Əslən Ağdamdan olan kəşfiyyatçımızın döyüş yolu da elə həmin yüksəklikdən başlayır.

 

Murovdağdan Suqovuşana uzanan qələbə yolu

Təbriz Zöhrablı döyüşlərə sentyabrın 27-dən başlayır. İlk döyüşü Murovdağ silsiləsində olur. Onlar müharibənin ilk günündən qarşılarına qoyulan çətin tapşırığı uğurla yerinə yetirirlər - Murovdağ silsiləsi düşməndən azad olunur. Orada bir nəfər şəhid verirlər, bir nəfər isə yaralanır. Verdiyev Natiq həmin döyüşdə şəhid olur: “Ordan düşdük, gəldik bir gün dincəldik, sabahısı gün isə Suqovuşan və Talış istiqamətində tapşırığa yollandıq. Suqovuşanda çox güclü döyüşlər gedib. Biz ilk dəfə Murovdağ istiqamətində əməliyyata başladıq. Düşmən isə ehtimal edirdi ki, biz Suqovuşan, Ağdərə istiqamətində əks-hücuma keçəcəyik. Ancaq əmr fərqli istiqamətdə verildi, düşmən isə bütün qüvvəsini o istiqamətdə toplamışdı. Onları bu istiqamətdə çaşdırdıq, sonra aldadıcı manevr edib Füzuli istiqamətindən ordumuzun digər qüvvələri hücuma keçdilər”.

Suqovuşan necə azad olunmalı idi?

T.Zöhrablı Suqovuşanın azad olunması planının məxfi olmayan hissəsindən danışır: “Biz Murovdağdan pikaplarla Naftalana gəldik, oradan geyimimizi, yeməyimizi, silah-sursatımızı götürüb irəlilədik. Ancaq gecə getmək mümkün idi. Meşələr də daxil olmaqla bütün ərazi minalanmışdı. Gecə saat 3-4 radələri olardı ki, Talış hissədən Suqovuşan istiqamətində irəlilədik. Döyüşlər gedirdi, amma qəsəbənin içərisinə heç kəs girməmişdi. Bizə əvvəlcədən uşaqlara, yaşlılara, yəni mülki insanlara toxunmamağı tapşırmışdılar. Biz ora daxil olanda onlar artıq qaçmışdılar. Hər şey olduğu kimi qalmışdı, hərbi texnikalarını, silah-sursat anbarlarını, bazaları dolu şəkildə qoyub 530, 851, 951 və digər yüksəkliklərə çəkilmişdilər. Onlar həmin yüksəkliklərdən bizi hədəf alaraq qəsəbəyə girişimizi əngəlləyirdilər. Nə onlar gələ bilirdi, nə də biz. Biz gecə meşələrin içi ilə səssiz şəkildə tam məxfi sızmışdıq. Həmin vaxt 34 kəşfiyyatçı ilə hərəkətə keçdik”.

 

Azərbaycan əsgərinin ayağı Suqovuşanda

Müsahibim bildirir ki, kəndə səhərə yaxın girmək mümkün olub. Ancaq Suqovuşana daxil olsalar da, yüksəkliklərə çəkilən ermənilər onları atəşə tutur. Kəşfiyyat bölüyünün qarşısında isə daha bir tapşırıq qoyulur: Yüksəkliklərdəki erməniləri məhv etmək: “Kəndə girən kimi axtarış etdik. Gördük ki, hər şeyi qoyub gediblər. Rabitə əlaqəsinə çıxdıq, komanda idarəetmə məntəqələrinə ərazinin boş olması ilə bağlı xəbər verdik. Bundan sonra bizə başqa istiqamətdə hərəkətə keçməyimiz tapşırıldı. Yüksəkliklər azad olunmalı, düşmən tam şəkildə çıxarılmalı idi ki, orada hərbi texnikamız, piyada qüvvələrimiz rahatlıqla irəliləyə bilsin. Bu isə bizim üzərimizə düşmüşdü.

Bizim hərbi hissənin kəşfiyyat bölüyü ilə xüsusi təyinatlı bölük düşmənlə çox yaxın təmasda olurdu. Suqovuşanda 6-7 metr ermənilərlə üz-üzə gəlirdik. 951 yüksəkliyi istiqamətində düşmən bizə pusqu qurmuşdu, biz isə onların gözlədiyi yerdən yox, arxadan hücuma keçdik. Bölük komandirimiz Vətən müharibəsi qəhrəmanı Fərid Əliyevin planı əsasında onların özünü qurduqları pusquya saldıq. Orada döyüşənlər çox yaxşı bilir, Suqovuşanın azad olunması çox çətin oldu. Ancaq ən çətin məqamımız yaralılarımızın, şəhidlərimizin olması idi. Yaralı olanda onu yüksəklikdən geri qaytarmaq, təxliyə etmək, ilkin tibbi yardım göstərmək çox çətin olurdu. Yanımızda döyüşçü yoldaşlarımız, can dostlarımız şəhid olurdu, bu isə bizə pis edirdi”.

 

Yüksəkliklər uğrunda mübarizə

Xüsusi təyinatlımız bildirir ki, Suqovuşanı tam şəkildə azad etmək üçün ermənilərin yerləşdiyi, onları hədəf seçdiyi yüksəkliklər istiqamətində hərəkətə keçmək, düşməni məhv etmək lazım idi: “951 istiqamətində hərəkətə keçdik. Hava əlverişsiz idi, şiddətli yağış yağırdı. 2-3 saat gecələdik. Sonra getdik, düşmənin mövqeyinə çatdıq, amma bilmirdik ki, orada ermənilərin minomyot mövqeyi var. Həmin zaman rabitə əlaqəsinə çıxdıq, vəziyyəti başa saldıq. Düşmənlə 6 metr təmasda idik, amma onlar bizi görmürdü. Bizə dedilər ki, onları keçib getməlisiniz. Orada dərə boşluğu var idi, ora düşdük, 951 istiqamətində irəliləməyə davam etdik. Hava əlverişsiz olduğu üçün biz yenə gözləməli olduq. Sonra səhər saat 5-6 radələrində bizə tapşırığı icra etməyimizlə bağlı əmr gəldi. 951 yüksəkliyinə çıxdıq, orada düşmənin rabitə xətti var idi, həmçinin Kəlbəcərdən Ağdərəyə gələn yol oradan keçirdi. O yolu bağladıq”.

Təbriz və silahdaşları Suqovuşandan 951 yüksəkliyi istiqamətində gedəndə kənddə düşmənin bir BMP, bir də tankını məhv ediblər. Daha sonra isə orada düşmənin bir bölüyü ilə qarşılaşırlar, aralarında bir neçə metr məsafə olur. Ancaq buna baxmayaraq, özlərindən sayca üstün olan düşmənin canlı qüvvəsini məhv edirlər: “Həmin zaman 3 yaralı verdik. Düşmən qüvvəsi bizdən sayca çox olsa da, bölüyü tam məhv etmişdik, onlar 40-50 nəfər idilər. Biz səhər 10-11 radələrində yüksəkliyi götürmüşdük, daha sonra düşmən əks-hücuma keçdi. Biz orada 6 şəhid verdik, 3-4 nəfər də bizə köməyə gələn kəşfiyyat bölüyündən şəhid olmuşdu. Mən də həmin vaxt yaralandım, gecə saat 3-də Naftalana təxliyə olundum. Ayın 6-sı xəstəxanaya gəlib çıxdım, amma 2 günə yaxın Suqovuşanda qaldım. Döyüş yoldaşımız Məmmədov Turanı leytenant Vəlizadə İbrahimlə birgə ərazidən çıxaranda ikisini də vurdular, birinci leytenantımız vuruldu, sonra Turan, hər ikisi şəhid oldu. Mənim isə qolumdan və dirsəyimdən snayperlə vurdular. İndi də sol qolum hərəkətsizdir, işləmir. Döyüş yoldaşım Muradov Bəhruzu da həmin vaxt vurmuşdular, o da yaralandı. Orada bizim qrupdan Abbasov Hüseyn, İlqaroğlu İxtiyar, Pirseyidov Elnur, Teymurov Fərid şəhid oldu. Sonra bizim qrup başqa tapşırıqları yerinə yetirdi, 951, 530, 851 yüksəklikləri uğrunda və digər istiqamətlərdə hərəkətə keçdilər”.

 

Kəşfiyyatçılarımız 25 minlik erməni qoşununa qarşı

T.Zöhrablının sözlərinə görə, 951 yüksəkliyi düşmənin dayandığı strateji yüksəklik idi, hansı istiqamətdən getmələrindən asılı olmayaraq onları həmin yerdən müşahidə edib vururmuşlar: “Onlar üçün əlverişli, bizə görə isə əksinə idi. Amma bunun bizim üçün heç bir fərqi yox idi, tapşırıq verilibsə, həmin yer mütləq düşməndən azad olunmalı idi. Orada döyüşlər çox çətin gedirdi. Həmin hissədə Qlobus deyilən ərazi var, Ağdərə istiqamətindədir. Ermənilər oradan yerin altından qatar relsi ilə çıxıb top atırdılar, sonra isə dərhal bunkerə girirdilər. Həm də düşmən ən çox qüvvəsini həmin istiqamətdə cəmləmişdi, orada ermənilərin 25 minlik qoşunu dayanmışdı. Düşmənin 7-ci dağatıcı alayını tamamilə məhv etdik, amma o istiqamətdə iki dağatıcı alayları mübarizə aparırdı. Suqovuşan oktyabrın 3-ü azad olunsa da, yüksəkliklər uğrunda döyüşlər davam edirdi. 951 yüksəkliyi uğrunda gedən döyüşlər hətta 10 noyabra qədər davam etmişdi”.

Təbriz Zöhrablı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu