“Telekanal rəhbərliyi o binaya gəldiyimiz ilk andan bizə problem yaratmağa çalışır”.
Oxu24.com xəbər verir ki, dünən AĞ Partiya sədri Tural Abbaslı ilə “Lider” TV-nin prezidenti Ədalət Əliyevin köməkçisi arasında insident yaşanıb.
Olay zamanı Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də orada olub. İnsidentin yaranmasına səbəb isə “Lider” TV prezidentinin köməkçisinin Tural Abbaslını “söhbət”ə çağırması səbəb olub.
AĞ Partiyanın sədri Tural Abbaslı xəbəri təsdiq edib. O, bildirib ki, “Lider” TV-nin rəhbərliyi özünü AĞ Partiya və digər təşkilatların da yerləşdiyi çoxmərtəbəli binanın sahibi kimi aparır:
“Həmin bina Dövlət Əmlak Komitəsinin balansındadır. Yəni orada yerləşən AĞ Partiya ilə “Lider” TV eyni hüquqlara malikdir. “Lider” TV rəhbərliyi o binaya gəldiyimiz ilk andan bizə problem yaratamağa çalışır.
İstər elektirik, istərsə də istilik təchizatı ilə bağlı istədiklərini edirlər. Bir neçə dəfə qərargahın işığını kəsərək, isitmə sistemini pozublar. Binaya daxil olan partiya üzvlərinin qeydiyyatını aparmaq istəyirlər. Onlara iradımızı bildirdik ki, ancaq öz əməkdaşlarının qeydiyyatını apara bilərlər. Hadisənin baş verməsi isə avtomobilin park edilməsi ilə əlaqədar olub. Bizim saxladığımız avtomobili ərazidən çıxarmaq istədilər. Dedilər ki, “Lider” TV-nin prezidenti burada maşın saxlamağa icazə vermir. Biz də bildirdik ki, o sizin rəhbər ola bilər, bizim “Lider” TV ilə heç bir bağlılığımız yoxdur. Bu iradımız onların xoşuna gəlməyib, Ədalət Əliyevin köməkçisi gəlib dedi ki, gəl “söhbət” edək. Bu zaman aramızda insident yaşandı”.
AĞ Partiyanın üzləşdiyi problem yeganə hal deyil. Qeyd olunur ki, “Lider” TV-nin rəhbərliyi prezident İlham Əliyevin adından istifadə edərək, həmin binada qərargahla təmin olunmuş partiyaların fəaliyyətinə mane olmağa çalışır.
Məsələni dəqiqləşdirmək üçün “Lider” TV rəhbərliyi ilə əlaqə yaratmağa çalışsaq da, davamlı telefon zənglərimiz cavabsız qaldı.
Yenicag
Oxu24.com
ŞƏRHLƏR