Ermənistanın siyasi hərbi rəhbərliyinin hərbi və müharibə cinayətləri davam edir.
Oxu24.com -un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılmışdır.
H. Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub.
"Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılmışdır.
Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar vardır.
Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.
Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir.
Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombarduman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir.
Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombardman edilməsi bu planın əvvəlcədən hazırlandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir.
Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir.
Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur.
Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqi və Cenevrə Konvensiyalarını rəhbər tutaraq aidiyyəti beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya və raket atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar etmişdi. Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır.
Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirilir.
Azərbaycan Respublikası silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür.
Azərbaycan Respublikası dəfələrlə bəyan etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Ermənistanın siyasi-hərbi rəhbərliyi bütün region üçün təhlükədir.
Regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə çıxarılmalıdır”, - deyə H. Hacıyev vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR