{banner_reklam1}
Bakıda arvadını döyməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Zaur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Zaur Hüseynov 4 avqust 2018-ci il tarixdə, saat 18.30-da sərxoş vəziyyətdə Xətai rayonu Oksigen küçəsində yaşadığı 16 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib.
O, həmin ərazidə keçmiş arvadı Hafizə Cabbarovanın bədəninin müxtəlif yerlərinə təpik və yumruqları vurub. Sonra özündə olan bıçaqla arvadının bel nahiyəsinə xəsarət yetirib.
Daha sonra Zaur Hüseynov Rəsul Fərzəliyevə məxsus olan “Mercedes Benz 250 D” minik markalı avtomobilin arxa şüşəsinə daş parçası ilə vurub. Bu hərəkətləri ilə Rəsul Fərzəliyevə 220 manat maddi ziyan vurub. Məlum olub ki, Zaur Hüseynov həmin gün keçmiş arvadı ilə barışmaq istəyib. Amma qadın sərxoş vəziyyətdə olan əri ilə barışmaqdan imtina edib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb.
Avtomobil sahibinə dəymiş ziyan isə hadisə zamanı təsadüfən baş verib. Sərxoş olan Zaur Hüseynov yerdən götürdüyü daşı oradan dayanan avtomobilin şüşəsinə çırpıb.
İstintaq orqanı tərəfindən Zaur Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Xətai rayon Məhkəməsinin hökmü ilə Zaur Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Zaur Hüseynov apelyasiya şikayəti verib. O barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Bu qərardan narazı qalan Zaur Hüseynov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti araşdırılıb, sonda qərar elan edilib.
Zaur Hüseynovun şikayəti təmin olunmayıb.
Oxu24.com
ŞƏRHLƏR