"Ermənilərin qəfil təxribat törətməsi nəticəsində şəhid olan hərbçilərimizə Uca Yaradandan rəhmət diləyir, yaxınlarına baş sağlığı verirəm. Şəhidlər ölməz. Məhz onların qanı bahasına bu gün müstəqil Azərbaycan dövləti yaşayır".
Oxu24.com bildirir ki, azsabah.com-a bu sözləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan əsgərinin şücaəti bir daha bizə Qarabağ, Xankədi zəfərinin uzaqda olmadığını göstərdi:
"İlahi təslimiyyətimlə deyirəm ki, on minləri özündə toplayan Qarabağ Seyid Ocaqlarının təmsilçiləri əldə silah şəhid olmağa hazırdır, təki bu Vətən yaşasın, bir qarış torpağımız belə düşmən tapdağında qalmasın, təki məkrli qüvvələrə fürsət verilməsin.
Hesab edirəm ki, ordumuzun Tovuzdakı şücaəti, erməni təxribatçılarına ağır zərbə vuraraq onları geri oturtması Aprel savaşından başlanan və Qarabağın azadlığına açılan cığırın davamı idi. Eyni zamanda ordumuz erməni təxribatını pozmaqla, xaricdə və daxildə dövlətimizə qarşı cəbhələnmiş qüvvələrə sarsıdıcı zərbə endirdi, onların arzusunu ürəyində qoydu.
Düşmən oyununu pozan əsgərlərimiz hər birimizin baş tacıdır, biz dualarımızla daim onların yanındayıq. Uca Yaradanın izni ilə gec-tez bu qüdrətli Azərbaycan Ordusu Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda zəfər yürüşü keçirəcək. İnanclı kəsim olaraq buna inancımız tamdır. İnşallah bu zəfəri tezliklə yaşamaq bizlərə nəsib olar".
Oxu24.com
ŞƏRHLƏR