Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102727
az

Ermənistanın məqsədyönlü təxribatı - sərhəddə baş verənlərin pərdəarxası 

13:0413 Fevral, 2024
416
ÖZƏL BÖLÜM
  • A

Ermənistan növbəti dəfə təxribatçı hərəkətləri ilə gündəmi dəyişməyə cəhd göstərib. Fevralın 12-də bu ölkənin Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Görünən də odur ki, qarşı tərəfi 2023-cü ilin sentyabr ayından bəri yaşanan sabitlik qane etmir.

Bir müddət əvvəl Prezident İlham Əliyev də yerli mediaya müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. İrəvan da Prezidentin bu fikirlərini özünəməxsus şəkildə başa düşüb. Şübhəsiz ki, İrəvanın bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı (Aİ) missiyasının müşahidə həyata keçirdiyi ərazidə baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır.

Maraqlıdır ki, hadisədən bir gün əvvəl bu ölkənin baş naziri Nikol Paşinyan "The Telegraph" qəzetinə müsahibəsində sülh təşəbbüsündən çox Azərbaycana qarşı təxribat və böhtan xarakterli əsassız iddialar səsləndirib. Müsahibədən sonra Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan əsgəri xain hücuma məruz qalır. Nikol Paşinyanın müsahibədə aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur.


Yeri gəlmişkən, təxribatdan dərhal sonra erməni tərəfinin hərəkətləri də gülüş və təəccüb doğurdu. Birincisi, öz yaydığı məlumatı dərhal təkzib etməyə çalışdı. Lakin Azərbaycan tərəfi videogörüntülər təqdim etdikdən sonra Ermənistan hərbi polisi təxribatla bağlı araşdırmalar aparılacağını, hətta insidenti törədənlərin cəzalandırılacağını açıqladı.

İkincisi, sərhədçimizin snayper tüfəngi ilə vurulması ondan xəbər verir ki, qarşı tərəf təxribatlar törətmək siyasətindən əl çəkməyib, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatlarından dərs çıxarmaq istəmir.

Üçüncüsü, bu insidentin arxasında beynəlxalq qüvvələrin durması ehtimalıdır. Ermənistanı silahlandıran, onu revanşizmə sürükləyən qüvvələr hər vəchlə bu ölkəni yeni hərbi əməliyyatlara təhrik edirlər. Onu silahlandıran, sülh sazişinin imzalanmasına qarşı çıxan dövlətlər sırasında ilk yerdə Fransa dayanır. Təsadüfi deyil ki, bu yaxınlarda Parisi təmsil edən fransız general bu ölkəyə səfər edib, ölkənin hərbi komandanlığı ilə görüş keçirib. Hətta onun sərhəd xəttinə gəldiyi də bildirilir.

Dördüncüsü, baş verənlərə Avropa İttifaqının Ermənistandakı missiyasının susqunluğu, təxribatda maraqlı olduğunu deməyə əsas verir. Bəlli olur ki, Aİ missiyasının genişləndirilməsinin arxasında məhz bu və digər təxribatlar gizlənir.


Beləliklə, erməni tərəfinin təxribatı onu deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Baş verənlər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir. Görünür, Ermənistan nə 2020-ci ildəki 44 günlük müharibədən, nə də 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatlarından dərs çıxarmaq istəmir. Başqa sözlə, Ermənistandakı revanşist qüvvələrin başı “dəmir yumruq” üçün darıxıb...

Rəsmi İrəvan bir məsələni də unudur ki, Azərbaycan bir əsgərinin belə burnunun qanamasını cavabsız qoymur. Bu dəfə də belə oldu. Belə ki, hərbçimizin yaralanmasından sonra, daha dəqiq desək, fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

Bir daha bəyan edilib ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü