Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101545
az

Anasının ad günündə şəhid olan əsgər: Bu gün onun doğum günüdür

13:3923 Yanvar, 2024
607
ÖZƏL BÖLÜM
  • A

Bu gün şəhid Orxan İsmayılovun doğum günüdür. Yaşasaydı 34 yaşı olacaqdı.

Vətəni canından əziz bilən, onu ürəklə sevən, yolunda tərəddüd etmədən həyatından keçən Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Orxan İsmayılovdur. Orxan Zöhrab oğlu İsmayılov 23 yanvar 1990-cı ildə Ucar rayonun Məlikbalı kəndində anadan olub.

Anası Həcər xanım o günləri belə xatırlayır: "Qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş həmvətənlərimizin dəfn günü idi. Bakıda kirayədə yaşayırdıq. Orxanımın dünyaya gələcəyini bildiyim üçün kəndə gəlmişdim. Ürəyimiz qan ağlayırdı. Heç ilk övladımızın dünyaya gəlməyinin sevincini də düz-əməlli yaşaya bilmədik. Bütün Azərbaycan şəhid olmuş övladlarını dəfn edən zaman Tanrı taleyinə şəhid ömrü yazılmış, Vətənin bütövlüyü uğrunda canını fəda edəcək Orxanıma həyat verdi".

Gözünü açandan qulağı Vətən kəlməsini, Qarabağ nidasını eşidən Orxan ürəyində böyük bir vətən sevgisi ilə böyüyürdü. Xətai rayon şəhid Tahir Bağırov adına 59 saylı məktəbin birinci sinfinə gedən Orxan İsmayılov 10-cu və 11-ci sinifləri doğulduğu Məlikbalı kəndində oxumalı olub. 2008-ci ildə orta məktəbi bitirib elə həmin il də hərbi xidmətə yola düşüb. Orxan İsmayılov hərbi xidmətinin ilk 6 ayını Pirəkəşkül qəsəbəsində, bir ilini isə Bərdənin Xanağalı kəndində keçib. 2010-cu ilin yanvar ayında ordu sıralarından tərxis olan Orxan 2011-ci ildə ailə həyatı qurub. Əsgərlikdən gəldikdən sonra avtomobil təmirçisi kimi işləməyə başlayıb.

2020-ci ilin yayında Səbail rayon Hərbi Səfərbərlik Üzrə Dövlət Xidmətinə ön cəbhədə xidmət etmək üçün ərizə ilə müraciət edib. 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə cəlb edilən Orxan İsmayılov oktyabrın 1-də Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Vətənə əmanət Zöhrab və Ayxan adlı iki oğul qoyub.

 

Söhbətə Zöhrabla başlayırıq:

- Mən canını Vətən yolunda qurban vermiş, şəhid Orxan İsmayılovun oğlu olduğum üçün çox qürurluyam. Atamla fəxr edirəm. O, mənə babamın adını qoyduğu üçün "ata" deyə müraciət edərdi. Nənəm deyir ki, sənin bütün hərəkətlərin atana oxşayır. Atan kimi danışır, xarici görünüşcə də atana bənzəyir, onun uşaqlıqda etdiyi hərəkətləri edirsən. İstəyirəm ki, böyüyəndə də atam kimi bir insan olam. Atam bizim yanımızda deyil. Amma anam deyir ki, atam hər zaman bizimlədir. Onun ruhu bizi qoruyur.

Bu yerdə söhbətə şəhidin həyat yoldaşı Fərqanə xanım qoşulur:

- Orxanla ilk tanışlığımız 2011-ci ildə olub. İlk baxışdan bir-birimizi sevmişik. Sözün əsl mənasında, aramızda bizi xoşbəxt edəcək bir sevgi yarandı. Elə həmin il nişanımız, sonra da toyumuz oldu. 2012-ci ildə ilk övladımız dünyaya göz açdı. Orxan övladımıza atası Zöhrabın adını qoydu. Zöhrab gəlişi ilə sevgi dünyamıza nur çilədi. Həyatımızı işıqlandırdı. 2014-cü ildə ikinci övladımız oldu. Biz 8 il 10 ay ailəli olduq. Bu mənim üçün bir ömrə bərabər, xoşbəxt bir həyat deməkdir. Onun mənə verdiyi sevgi ömrümün sonunadək bəsimdir.

Orxanın döyüş yoldaşı baş gizir Mustafayev Fəzailin xatirələri: "Orxan İsmayılovla 2020-ci ilin 21 sentyabrında Pirkəşküldə Təlim Mərkəzində tanış olmuşduq. Orxan hərbi hissəyə gələn gündən uca boyu, şux qaməti, xoş xasiyyəti ilə hamının diqqətini cəlb etməyi bacardı. Qısa bir zamanda hərəkətləri, zarafatları, eyni zamanda Vətənə olan sevgisi ilə döyüş yoldaşlarının sevimlisi oldu. Oktyabrın 1-də gecə ikən döyüş mövqelərinə çıxmaq əmrini alıb yola düşdük. Lələtəpə ərazisindən keçərək Cəbrayılın Nüzgar kəndinə doğru hərəkətə başladıq. Getdiyimiz yol dağlıq, dərəlik ərazilər idi. Düşmən bu ərazilərdə öz mövqeyini illərdir ki, mökəmləndirərək istehkamlar qurmuşdu. İriçaplı silahlar, ağır artilleriya ara vermirdi. Oktyabrın 1-də gündüz saat 13-də qeyri-bərabər döyüşə girdik. Düşmən gözümüzü açmağa aman vermirdi. Döyüş yoldaşlarımızdan yaralananlar, şəhid olanlar vardı. Qrupumuzun döyüşçüləri qarşıya qoyulan tapşırığı canları bahasına olsa da, yerinə yetirməyə çalışırdı. Əmrə əsasən, qarşıdakı düşmən postunu götürmək və işğalda olan əraziləri azad edərək irəliləməli idik. İnsanların fərdi xüsusiyyətləri, cəsarəti, qəhrəmanlığı döyüş zaman üzə çıxır. Orxan da qəhrəman kimi döyüşürdü. Əmr gözləmədən, həyatını təhlükəyə ataraq, təkbaşına yaralı döyüş yoldaşlarımızı döyüş yerindən çıxarıb təhlükəsiz yerə, sanitar maşınlarının gələ biləcəyi əraziyə təxliyə edirdi. Saat 14:30 radələri idi. Düşmən postunun beş addımlığındaydıq. Orxan məndən sağda 20 metr məsafədə olardı. Qəflətən onun yerə çırpıldığını gördüm. Yavaş-yavaş Orxana sarı hərəkət etməyə çalışdım. Mən Orxanın yanına çatanda artıq o, şəhid olmuşdu. Biz düşmənin müqavimətini qırdıq, torpaqları azad edərək irəlilədik. Mənə belə gəlirdi ki, biz irəli getdikcə Orxan da bizimlə birlikdə hərəkət edir".

 


Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayılov Orxan Zöhrab oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur Döyüşçü” , "Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İdarəetmədən çıxan "Mercedes" maneyə, ardınca başqa    maşına       çırpıldı