Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8296
az

«Qurani-Kərim»də adı çəkilən məkan: Azərbaycanda yerləşən sirli mağarada nələr baş verib? +VİDEO

14:2926 Dekabr, 2018
1860
OXU24 TV
  • A
Azərbaycanda inanclı insanların pənah apardığı məşhur ziyarətgahlar çoxdur. Onlardan biri də Naxçıvanda yerləşən «Əshabi-Kəhf» mağarasıdır. «Əhabi-Kəhf» təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı «Qurani-Kərim»də də «Əshabi-Kəhf»in adı çəkilir. 

Rəvayət
 

«Əsahabi-Kəhf» mağarasının müqəddəsliyi xalq arasında yayılmış və bir sira qaynaqlarda əksini tapmıış rəvayətlə bağlıdır. Həmin rəvayətdə deyilir:
Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq istəyi ilə şəhərdən qaçır. Yolda onlara zülmdən cana doyan və ümidini bir olan Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanırlar. İti heç bir vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağı sındırır. Bu zaman insan kimi dil açan it də zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda «Qitmir» adlanan yerdə basdırır və çomağını taxır üstünə. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Orada onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. Vəzir Təmirxan şəhərdə pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Vəzir şəhərdəkiləri inandırmağa çalışır ki, pullar onun özünündür. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir.
Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri şəhərdəkilərə danışır. İnsanların maraq üçün mağaraya doğru axışdığını görən vəzir yoldaşlarını üç yüz ildən çox yatdıqları barədə xəbərdar etmək üçün hamıdan əvvəl içəri girir. Baş vermiş möcüzədən xəbərdar olan mağaradakılar dərhal Alaha əl açıb ondan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir və hamısı qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir.
Xalq arasında yayılan digər rəvayət sonralar mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, həzrəti Əli «Əshabi-Kəhf» mağarasını ziyarət edərkən orada namaz qılıb və onun atı Düldülün ayaq izi mağaradakı qayalıqda qalıb.

Yaşayış məskəni 

«Əshabi-Kəhf» mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş. Mağarada bir neçə kitabə də var.

Ziyarətgah 

«Əshabi-Kəhf» neçə yüzilliklərdir müqəddəs ocaq sayılır. Hətta Sovet hökumətinin qadağaları da insanları ona pənah aparmaqdan çəkindirməyib. El arasında deyirlər ki, «Əshabi-Kəhf»i 7 il dalbadal ziyarət etmək Kərbala, hətta Həcc ziyarətinə bərabərdir. Yəni həmin ziyarətgahlara gedə bilməyənlər «Əshabi-Kəhf»də olmaqla savaba çata bilər. Ziyarətə daha çox ailəvi gediş məqbul hesab olunur. Ziyarət üçün heç bir yaş məhdudiyyəti qoyulmur.
«Əshabi-Kəhf» ziyarətinin dəqiq vaxtı yoxdur, bura ilin istənilən fəslində getmək olar.

Vacib əməllər 

«Əshabi-Kəhf»ə piyada ziyarətə getmək, orada qurban kəsmək savab əməl hesab olunur. Mağaranın əsas inancları daş, su, ağac kultu ilə bağlıdır. «Əshabi-Kəhf»in ətrafindakı yol boyu bütün kol və ağaclara əl yaylıqları, əski və parça  hissələr bağlanır ki, bunlar da «niyyət», «dilək» adlanır.
«Əshabi-Kəhf»ə çatmamış, yolun kənarında çoxlu qəbirlər var. Zəvvarlar öncə həmin qəbirləri ziyarət etməlidirlər. Qəbirlərin burada nə vaxtdan və kimə məxsus olduqları məlum deyil. 
Mağaranın divarında izlər var. Bu, sanki divara söykənmiş insan izləridir ki, onlara da «Yeddi kimsənə» deyilir. Xalq arasında olan inama görə, həmin izləri öpmək vacibdir.
«Əshabi-Kəhf»dəki qayalıqda həzrəti Əlinin Düldül adlı atının ayaq izləri var. İnsanlar niyyət edib yerdən təqribən 5-6 metrə qədər hündürlükdə olan həmin çalalara kiçik daşlar atırlar. Niyyəti hasil olanın daşı orda qalır. Bir qayda olaraq üç daş atılır. Mağaranın daxilinə girdikcə ətrafdakı ağac və kollara parçalar bağlanır. Mağaranın daxili yüksələn formada olmaqla, yuxarı tərəfdə, məscidə və «Cənnət bağına» çıxan yolun solundakı qayada deşik var. Niyyəti olanlar deşikdən keçib həmin qayanın başına üç dəfə dolanırlar. Bunu daha çox xəstələr, sonsuz qadınlar və uşaqlar edirlər.
Məscidin qabağındakı «Qara daş»ın və «Damcıxana»nın ziyarəti əsas məqamlardan hesab edilir. Qara daş müqəddəs hesab edildiyindən isanlar onu öpürlər. Bəzən xəstələr niyyət edib qaradaşın yanında yatırlar. Bir sıra xəstələrin buradan nicat tapıb qayıtması söylənilir.
Məscidə ancaq namaz qılanlar və nəziri olanlar girirlər. Məscidin kişilərə aid hissəsində iki kitabə var. Niyyət edib məsciddə yatmaq adəti mövcuddur.
İnsanlar ziyarətgah və onun ətrafında üç yerdə su inamı ilə qarşılaşırlar. Bunların biri təmizlənib müalicə olunma, ikincisi «Əshabi-Kəhf»in girəcəyindəki kiçik hovuz-bulaqdı. Suyun şəfa verici və müqəddəsliyini nəzərə alaraq içir və xörək hazırlayırlar. Bulaq, «Yeddi kimsənə»nin aşağı tərəfindən çıxdığı üçün daha da müqəddəs hesab edilir. Üçüncüsü - «Damcıxına»da dilək diləməklə istəklərin yerinə yetirilib-yetirilməyəcəyini bilmək üçün tavandan daman sudur.
«Əshabi-Kəhf»in aşağısındakı 15 dəqiqədən bir qaynayıb-köpüklənən mineral bulaq sehirli xüsusiyyətlərinə görə insanlar arasında müqəddəs sayılır. Bura müxtəlif xəstəlikləri olan adamlar gəlirlər. Xalq arasında belə bir inam mövcuddur ki, bulağın ən kəsərli vaxtı köpüklənmənin şiddətləndiyi dövrüdür. İlin bütün fəsillərində beləcə qaynayıb-yatan bulaqda təkcə xəstələr deyil, bəzi zəvvarlar da yuyunub təmizlənirlər. Burada yuyunmaq ziyarətə hazır olmaq deməkdir.  

Niyyət tutma 

«Damcıxana» məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Bu məqamda hər cür niyyət etmək olar. Yəni həm xəstələr, həm də hər hansı bir arzusu olan niyyət edib oturur damcının altında. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli niyyət qəbul olmur. 
Ziyarətgahda ən uca (yüksək) məqam «Cənnət bağı» adlanan yerdir. Əvvəllər bura çıxmaq çox çətin idi. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olduğu yer sayılır. Burada gündoğana doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır.
Beləliklə, inanclara görə, «Əshabi-Kəhf» ziyarətgahı daha çox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Aşağıdan yuxarıya doğru ziyarət edərək qalxan insan dünyəvi aləmdən ayrılır, və sanki rəbbani məqama daxil olur, özünü bağışlanmışlardan sayır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

«Qurani-Kərim»də adı çəkilən məkan: Azərbaycanda yerləşən sirli mağarada nələr baş verib? +VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ