Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35580
az

Qazi xanım: “Qadınları zorlayıb, torpağa basdırmışdılar” - MÜSAHİBƏ

08:0216 İyul, 2020
1516
MÜSAHİBƏ
  • A

Son günlər xalqımıza dərin acı ilə yanaşı şərəf, qürur yaşatdı. “Qarabağ qaziləri” İctimai Birliyinin müşaviri, Qarabağ Azadlıq Təşkilatının İdarə Heyətinin üzvü, qazi Gültəkin Quliyeva da baş verənlərə münasibətini bildirdi.

Publika.az qazi döyüşçü Gültəkin Quliyeva ilə müsahibəni təqdim edir:

- Gültəkin xanım, səngər xatirələrinizi bölüşməyinizi istəyirəm.

- Hərbiyə ilk addımlarımı 1992-ci ildə atmışam. Həmin dövrlə bu günümüz arasında böyük fərq var. Doğrudur, İkinci Dünya müharibəsi dövründə vuruşan qadınlarımız olmuşdu, amma yenə də 1992-ci il müharibənin qaynar dövrü idi, xanımları cəbhədən uzaq tuturdular. Ailəli idim, 3 uşağım vardı. Sanki uşaqlıqdan içimdə yatmış enerji qalmışdı, valideynlərin təkidini, mental dəyərləri nəzərə alıb onu içimdə məcbur boğmuşdum. Müharibə potensialımı yenidən üzə çıxarmaq üçün münbit zəmin yaratdı. Çox ağır döyüşlər gedirdi, itkilər verirdik. Qohumlarım, qonşularım, doğmalarım arasında elə bir ailə yox idi ki, şəhid verməsin. Hər iki nəfərdən biri müharibəyə yollanmışdı. Ümumiyyətlə müharibə cəsur ürək deməkdir. Həyat yoldaşın izn verdi-vermədi, ürəyin vətəninlədirsə, mütləq döyüşəcəksən. Tərtər çox ağır vəziyyətdə idi. Camaatımız güllə-boran altında qalmışdı. Övladlarımı, qayınanamı rayonun daha təhlükəsiz kəndinə yolladım. Marquşavan (Şıxarx) ərazisində ermənilər yaşayırdı, Tərtərlə cəmi 1 km məsafəsi vardı Marquşavanın. Düşmən cəbhəsindən rayonumuzun başına od ələnirdi. Həyat yoldaşımla birgə yaralılarımızı xəstəxanaya çatdırırdıq. Bir ağır yaralıya təcili tibbi yardım göstərdim. Cavan oğlan idi. Qan içində Bərdə hospitalına çatdırdıq.

Tez əməliyyata aldılar. Bir neçə saat sonra yaşlı cərrah əməliyyat otağıdan çıxıb bizə yanaşdı. Dedi, xəstəyə ilk tibbi yardımı kim göstərib? Elə bildik ki, artıq dünyasını dəyişib. Qorxu içərisində-mən dedim. Cərrah alnımdan öpüb təşəkkür etdi ki, cəbhədə sənin kimi cəsur, təcrübəli insanlara ehtiyac var. Yaşamaq şansı qalmayan əsgəri sağ-salamat gətirib çıxarmısınız. Onu da deyim ki, bu yardım etdiyim ilk yaralı deyildi. Tibbi təhsilim də olduğuna görə təcrübəli idim. Bu sözlər mənə elə bir cəsarət verdi ki, nə ailəm, nə uşaqlarım yolumu kəsə bildi. Atamgilə gəldim. Qardaşımın, xalam oğullarının itkisi, vətən dərdi atamı çökdürmüşdü. Anamdan gizlin dedim ki, ata, səninlə danışmaq istəyirəm. Müharibəyə gedəcəm. Yolumdan döndərməyə çalışdı, amma qərarımdan dönmədim. Qorxutmamaq üçün dedim ki, hospitalda çalışacam, cəbhədə olmayacam. Xeyir-duamı alıb çıxdım. Növbədə həyat yoldaşımın razılığını almaq vardı. O da etiraz etdi ki, evin tək oğluyam, mən gedim, amma sən uşaqların başında qal. İnadımdan dönmədim ki, onsuz da gedəcəm. Qismətimə ölüm yazılıbsa, evin içində də sağ qalmayacam. Çünki həyatın hər üzünü görmüşdüm. Qonşumuzun evinə top mərmiləri düşəndə, qadının başı bədənindən ayrılmışdı. Onu da deyim ki, yoldaşım da hərbi hissələrimizdə çox lazımlı kadr idi. Özü maşın ustası olduğu üçün vaxtının çoxu cəbhədə keçirdi.

- Savaş, səngər xarakterinizə təsirsiz ötüşmədi eləmi?

- Qızım, müharibəyə girəndən sonra insan mənən dəyişir. Əvvəlki səndən əsər-əlamət qalmır. Mən hər yerdə deyirəm, Azərbaycan, türk kişisi ilə fəxr edirəm. Vətənimin əsgəri çox cəsurdur. Qanlı müharibənin başqa qanunları var. 5 dəqiqə öncə danışdığın, güldüyün insan bir anda ölür, yox olur. Bütün vahiməyə, bağırtıya rəğmən müharibə əzmi yaranır. O mühitə girdikcə özün də əsgərlərin birinə çevrilirsən, nə qan, nə ölüm qorxusu qalır. Torpaq sevgisi o qədər güclüdür ki, insanın övladı, anası da öləndə ölmür. Amma vətən üçün ölmək istəyirsən. Əsgər qardaşlarım döyüş vaxtı yaralanıb yarı yolda qalırdılar. Üstlərinə qaçıb, qışqırıb ağlayırdım. Deyirdilər niyə ağlayırsan? Mən buradayam ki, sən ağlamayasan. Bizi qovurdular ki, düşmənin üstünə gedin, mənim üstümə qayıtmayın. Ölümün üstünə başı uca gedən oğullarımız vardı. Ən ağır yaralıları da şücaətlə sonadək döyüşürdülər. 7 bacının tək qardaşı universiteti yarım qoyub, könüllü cəbhəyə gəlmişdi. Tez-tez cibindən darağını çıxarıb, saçını darayırdı. Bu hərəkəti hərdən bizə qəribə gəlirdi. Bir gün ölümcül yaralandı, hospitala aparırdılar. Gözümüzün önündə tibb bacısına işarə etdi ki, cibimdəki darağı çıxar, mənə ver. Son dəfə saçını darayıb, canını tapşırdı. Bax belə saçı sığallı balalarımız da qorxmaz idilər. Həmin məqamda Ay tutuldu. Hər yer zülmətə büründü. Leysan tökdü. Amma bu hadisələr bizi ruhdan salmadı, əksinə düşmənə nifrətimizi daha da artırdı.

- Yəqin ki, döyüşdüyünüz müddətdə az əsir görməmisiniz…

- Hər iki tərəfdən əsir götürülürdü. Qisas hissilə alışıb yanırdıq. Amma etiraf edim, bizim millətin qanında mərhəmət duyğusu var. Marquşavan döyüşündən sonra ermənilər əllərinə keçən əsirlərimizə min bir əzab verirdilər. Taxta kəsən alətlə dinc əhalinin bədənini ikiyə bölmüşdülər, başlarını odla yandırmışdılar. Bizim özümüzə də əsirlər gəlirdi, amma iyrənc qəddarlıq etmirdik. Çünki bu insanlığa sığmır. Çox humanist xalqıq. Mehmanə döyüşlərində Azərbaycan qadınlarını zorlayıb torpağa basdırıb, alt paltarlarını başlarına keçirmişdilər. Amma bizə erməni əsgərləri əsir gətirmişdilər. Xocalı döyüşlərində əsirlikdə olmuş, işgəncə görmüş əsgərimiz ona zərbə yetirmək istəyəndə, yoldaşlarımız qoymadı ki, etmə, görmürsən, necə qorxur? Cavab verdi ki, siz mənim gördüyüm vəhşilikləri görsəydiniz, belə deməzdiniz. Bilmirəm, qəribə mərhəmət duyğusu var qanımızda.

- Son günlər baş verən hadisələr bir daha sübut etdi ki, xalqımız üçün Vətən sevgisi, şəhid ruhu müqəddəsdir, cəsarətimiz sarsılmazdır.

- 1994-cü ildən üzü bəri atəşkəs elan olunub, amma azı hər gün şəhid veririk. Qarabağ qazisiyəm, canımdakı ağrılar ailəmə, balalarıma da siraət edir. Amma hər zaman demişəm, bizim bir yolumuz var-müharibə. Köçkünlərimizin çoxu vətən həsrəti ilə dünyadan köçdü. Kökü, yurdu, qeyrəti olmayan düşmən millət havadarlarının sayəsində heç vaxt dinc durmayacaq. Yurdumuzun ən gözəl ərazilərində özlərinə saxta Ermənistan qurmağa davam edəcəklər. İştahları da sönməyəcək. Qisasımız alınmalıdır. Körpələrimizin fəryadı, şəhidlərimizin qanı yerdə qalmamalıdır. Ən çox əsəbləşdiyim ifadə bilirsiniz nədir? “Düşmən cavab atəşi ilə susduruldu”. Düşmən süründürülməlidir. Torpaqlarımızdan çıxarılmalıdır. Bəli, heç bir ana, bacı istəməz ki, evinin oğlu şəhid olsun. Amma baxmayaraq ki, onkoloji xəstəyəm, dünən bütün gecə hərbi formada meydanda olmuşam. Çünki ruhum xəstə deyil. Döyüş şücaətimi itirməmişəm. Müharibəyə ilk sıralarda mən də gedəcəm. Onsuz da sonumuz səssiz ölümdür. Evdə gizlənib, özümüzü koronavirusdan qorusaq da öləcəyik. Amma şərəfli ölüm hər kəsə nəsib olmur. Hamımız hökumətimizin arxasında durub, dəmir dəbilqə geyinib, səfərbər olmalıyıq. Evimizi, qeyrətimizi qorumalıyıq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu