Sulutəpədə 4 yaşlı Hüseyn Məmişovun küçədə itin hücumuna məruz qalması sahibsiz itlərlə bağlı mövzunu yenidən gündəmə gətirib. İt azyaşlının yanaq nahiyəsini parçalayıb, gözünə xəsarət yetirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda sahibsiz itlərin sayı son vaxtlar xeyli artıb. Eyni zamanda, itlərin insanlara və xüsusilə də uşaqlara hücumlarının sayı çoxalıb. Ən təhlükəlisi də bu itlərin çoxunun quduz olmasıdır.
Bu kimi faktlar günü gündən artmaqdadır. Heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb və insanların sağlamlığı açıq-aşkar təhlükədədir. Mövcud vəziyyət isə xeyli insanı narahat edib.
Görülən işlərə baxmayaraq hələ də sahibsiz itlərin artımı və yaratdığı təhlükə qalmaqdadır. Aidiyyəti qurumlar məsələnin kökündən həlli üçün əlavə tədbirlər görməlidirlər. Müxtəlif mənbələrin məlumatına görə, hazırda paytaxtın ərazısındə 500 mindən çox sahibsiz it var və onların sayı artmaqdadır.
Avropanın heç bir paytaxt şəhərində, eləcə də iri şəhərlərdə küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Bəs biz nəyi gözləyirik, gözləyirik ki, Binəqədidəki hadisə başqa yerlərdə də baş versin, uşaqlar, böyüklər ziyan çəksin.
Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları ciddi tədbirlər görməlidirlər. Bu işlərdə adi vətəndaşlar da onlara kömək göstərməlidirlər. Bizdə isə əksinə olaraq bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olur, hansı səbəblərdənsə Balaxanıdakı Mərkəzin işini pozmağa çalışırlar. Onlar başa düşmürlər ki, xəstə, sahibsiz heyvanlar övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir.
Oxu24.com
ŞƏRHLƏR